Milli Məclisin iclası

Millət vəkilinin barəsində gün görməmiş həqiqətlər üzə çıxdı

20113
(Yenilənib 16:38 18.11.2018)
Və ya Milli Məclis üzvünə qarşı necə haqsızlıq edilirmiş?

BAKI, 19 noyabr — Sputnik. Milli Məclisin ötən həftə keçirilən plenar iclaslarının birində xırda anlaşılmazlıq yarandı. Millət vəkili Siyavuş Novruzovun "Milli Məclisdə qeyri-Azərbaycan dilində də danışılmalıdır. Azərbaycan dilini bilməyən deputatlar neyləsinlər?" gileyi spiker Oqtay Əsədovun xoşuna gəlmədi. Və Oqtay müəllim narazı halda "Mən hərəyə bir tərcüməçi tutmalıyam?" iradını səsləndirdi. 

Ehtimal ki, spiker deputatın fikrini, daha doğrusu dilini düzgün başa düşməyib. Elə zənn edib ki, S.Novruzov özü qeyri-Azərbaycan dilində danışdığı üçün həmin dilin Milli Məclis səviyyəsində qəbul edilməsini tələb edir. Yəni, öz marağının hayındadır. Ona görə də parlament sədri "Hər kəs əziyyət çəksin, dövlət dilini öyrənsin" cavabını verdi.

Etiraf edim ki, ilk baxışdan mən də Siyavuş müəllimin özünün hansı dildə danışdığını ayırd edə bilmədim. Bu səbəbdən, daxili mühakiməsiz-filansız, dərhal O.Əsədova haqq qazandırdım. "Yox bir, sənin danışdığın dili ikinci dövlət dili elan edək" deyə dodaqaltı mızıldandım.

Bir gün sonra parlamentdəki həmin hadisəni əks etdirən video-görüntü sosial şəbəkədə yenidən qarşıma çıxdı. Başladım təkrar izləməyə. Təkrar-təkrar. Bir-iki-üç-dörd-beş dəfə... Və beynimin içində "da-dank" deyə bir səs gəldi. Başına alma düşəndən sonra Yerin cazibə qüvvəsini kəşf etmiş İsaak Nyuton kimi "tapdım, tapdım" deyə yerimdən dik atıldım.

Bəli, Siyavuş Novruzova qarşı böyük haqsızlıq edilibmiş. Üzbəüzdə spiker, daxilən də özüm deputatın haqqına girmişik. Sən demə, məsələ heç də ilk baxışda göründüyü kimi deyilmiş, yəni əslində, Siyavuş müəllim məlum çıxışını Azərbaycan dilində edirmiş. Sadəcə, tələskənlik etmək lazım deyilmiş, səbrini basıb diqqətlə qulaq asmaq lazımmış onun nitqinə.

Ya da, ən rahatı cənab Novruzovun çıxışlarının yazılı versiyasını əldə etməkdir. Məsələn, özü çıxışının mətnini yazıb təqdim edir sədarətə. Sədr də həmin yazılı mətni bir nəfərə tribunada oxutdurmaqla yanaşı, press-reliz şəklində mətbuata da yayır. Ki, camaatda yanlış fikir yaranmasın, Azərbaycan parlamentində başqa dildə danışılır deyə.

Göründüyü kimi, sözügedən millət vəkilinin barəsində çox mühüm bir həqiqət ortaya çıxmış oldu. Elə bu həqiqətin ucundan tutub cənab Novruzla bağlı daha bir anlaşılmazlığı aradan qaldıra bilərik.

Belə ki, o, yenə həmin iclasların birində Milli Məclis əməkdaşlarının əmək haqlarının artırılmasını təklif edib. "Onlar gecə-gündüz işləyirlər" deyib. (Yəqin, bu məqamda Hadı Rəcəbli yerindən replika atmaq istəyib ki, "işdən sonra gedib daş daşısınlar, palçıq qarışdırsınlar", amma hamının acıqlı halda gözünü ona zillədiyini görüb və boğazına dirənmiş etirazı udub).

Hə, onu deyirdim axı. Yuxarıda qeyd edildiyi kimi, Siyavuş müəllimin nitqlərinin audio və video versiyalarını diqqətlə incələmək lazımdır. Əks halda, ciddi yanlış anlaşılmalar meydana çıxır.

Bu mənada, çox böyük əminliyim var ki, o, maaş artımı davası edərkən, Milli Məclisdəkiləri nəzərdə tutmayıb, sadəcə çıxışını Milli Məclisdə etdiyi üçün jurnalistlərin ağlına bu versiya gəlib. Axı, bu kişi öz həmkarı (bir neçə mənzili və aylıq babat gəliri olan) Qüdrət Həsənquliyev kimi "mənə 8 min manat maaş və jurnalistlərə verdiyiniz kimi mənzil verin" deyə şəhadət barmağını öz sinəsinə doğrultmayıb, eləcənə "artırın" deyib.

Halbuki, Siyavuş müəllimin həmin çıxışını da hövsələ ilə, təkrar-təkrar izləsən-dinləsən, oturub araşdırsan, tamam fərqli reallıqlar ortaya çıxa bilər. Adam bəlkə də, müəllimləri nəzərdə tuturmuş, həkimlərdən danışırmış, uşaq bağçalarının 140-160 manat maaş alan texniki və tərbiyəçi heyətinin mənafelərini müdafiə etmək istəyirmiş...

Ya da nə bilmək olar, çıxış edərkən fikrində, aylıq 300-400 manata külüng vuran jurnalistlərin problemini də tuta bilərdi. Jurnalistlər isə həmən yozdular və müəllimin günahını aldılar. Allahınıza şükür edin ki, o da qarşılığında, Elmar Məmmədyarov kimi "babalı öz boynunuza" deyə qarğış eləmədi.

20113
Teqlər:
jurnalist, çıxış, Azərbaycan dili, parlament, müəllim, spiker, Oqtay Əsədov, Siyavuş Novruzov, millət vəkili, deputat, Milli Məclis
Əlaqədar
Siyavuş Novruzov: “Azərbaycanda heç vaxt siyasi məhbus olmayıb”
Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır..."
Siyavuş Novruzov: "Azərbaycanı istəməyən qüvvələr aranı qatmağa çalışırlar"
Siyavuş Novruzov: "Rusiya Qarabağ məsələsində daha ədalətli mövqe tutmalıdır"
Siyavuş Novruzov: "İndidən Azərbaycan əleyhinə bəyanatlar üçün zəmin formalaşdırılır"
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

20
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

20
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Məsuliyyət disiplin: Koronavirusa qalib gəlməyin yolları

61
Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Həyatımızı və düzənimizi dəyişən "taclı bəla"nın yayılması son günlər kəskin şəkildə artıb. Həm dünyada, həm də ölkəmizdə vəziyyət getdikcə qəlizləşir. Xəstəxanaların vəziyyətindən xəbərdar olanlar, vəziyyətin niyə qəliz olduğunu yəqin ki, anlayrırlar. Təcrübə göstərdi ki, bütün dünya bu bəlanın qarşısında hələki çarəsiz vəziyyətdədir. İlin əvvəlində Avropa ölkələrində yaşanan narahatlıq, indi bizim qapımızı döyür. Görülən tədbirlərin, tətbiq olunan qadağaların, qapanmaların, açılmaların effektivliyi də göz qabağındadır. Bu barədə uzun-uzadı yazmağa, danışmağa ehtiyac yoxdur. Son günlərin statistikası vəziyyətin ciddi olduğunu gözlər önünə sərir. Artıq, "Mən koronaya inanmıram"– lağlağısının yeri deyil. İnansaq da, inanmasaq da pandemiya dünyaya meydan oxuyur.

***

Mütəxəsislər yoluxmanın və ölümlərin nisbətən az olduğu isti aylarda payız-qış mövsümündə yoluxmalarda kəskin artım olacağı ilə bağlı xəbərdarlıq etsələr də, dəyişən heç nə olmadı. Özümüzü və ətrafımızı qorumalı olduğumuz halda, yenə biganə davrandıq. Heç kəsə sirr deyil ki, koronavirusun yayılmasında əsas faktor insandır. Əgər insanlar bu məsələdə məsuliyyətli olmasa, yoluxmanın sürətlə artmasına mane olmaq daha da çətinləşəcək. Üstəlik, xəstəxanalarda müalicə alanların sayının artması, həkimlərin daha ağır xəstələrə nəzarət etmək imkanını azaldır. Dolayısıyla, hər bir məsuliyyətsiz addım, ətrafımzdakı onlarla insana təhlükə yaradır. Qarabağ müharibəsində ardıcıl qazanılan zəfərlər bizdə eyforiyaya səbəb olub. Bunu zəfər yürüşlərində də müşahidə etmək çətin deyildi. O müdhiş sevincin qarşısında insanları "Niyə yürüş edərkən maskadan istifadə etmirdiniz?" – deyə qınamaq da olmur. Zəfər sevinci elə bir hissdir ki, sosial məsafə, maska, dezinfektan heç kəsin yadına düşmür. O xoşbəxt anlarda adam bütün mənfi şeyləri unudur. Çox yaxşı haldır ki, insanlarımızın bu xoş aurası bu gün də davam edir. Ancaq bu rahatlığın təhlükəli tərəfi də var: məsuliyyət hissimiz azalır və "taclı bəla" öz arealını genişləndirir. Bu gün yenidən birliyə və həmrəyliyə ehtiyacımız var.

***

Sözün düzü, koronaya yoluxmamaq üçün nələrə riayət etməli olduğumuzu hamımız bilirik. Əgər ilin əvvəlində naməlum düşmənə qarşı təşviş içərisində mübarizə aparırdıqsa, indi bu virus haqqında kifayət qədər məlumatlıyıq. Qoyulan qadağalar kifayət qədər yumşaldılıb. Həyatımızdan bu bəlanın biryolluq çıxıb getməsi üçün özümüzü və ətrafımızı düşünmək, diqqətli və məsuliyyətli olmaqdan başqa yolumuz yoxdur.

***

Bu gün yoluxma riski hər yerdə yüksək olsa da, insanların daha sıx olduğu yerlərdən uzaq gəzmək, bu sıxlığa səbəb olmamaq vacibdir. Düşünürəm ki, insanlarla daha sıx ünsiyyətdən yayınmaq da bu dönəm üçün vacibdir. Maskadan istifadə etməli, gigiyeniya qaydalarına riayət etməliyik. Açıq havada maskadan istifadə etməklə bağlı qoyulan qadağa hamıya qəribə görünsə də, düşünürəm ki, bu məsuliyyət hissini artırmaq, disiplin yaratmaq üçün müəyyən təsirə malik olacaq. Pandemiya ilə mübarizə apardığımız bu dönəmdə hətta absurd görünən qadağalara da riayət etmək, öz davranışımızla ətrafımıza yaxşı nümunə göstərmək məcburiyyətindəyik.

***

Əzizlərimizin həyatını qorumaq, təhsil sistemimizin və həyatın digər sahələrinin normala dönməsi üçün bu qeyri-müəyyənliklərlə dolu günlərdə daha həssas, daha məsuliyyətli olmalıyıq. Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Hər birimizdən tələb olunan sadəcə məsuliyyətli və diqqətli olmaqdır. Bunu bacarsaq, minlərlə insanın xilaskarı olmaq şansımız var. Bu gün özünü və ətafını qoruyan hər bir insan qəhrəmandır və hamımızın qəhrəman olmaq imkanı var. Gələcəyimiz və sağlamlığımız üçün bu qəhrəmanlığı etməliyik. Bizim yenədə birliyə, bütövlüyə, həmrəyliyə ehtiyacımız var. Yaxın tarix sübut etdi ki, biz həqiqətən birlikdə güclüyük. Bu gücümüzü gözgörünməz düşmənə də göstərməyin vaxtıdır.

61
Teqlər:
korona virusu, Koronavirus, epidemiya, COVID-19
Fransa polisi

"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

0
(Yenilənib 17:51 29.11.2020)
Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "hədlərini bildirməyi" özlərinə borc biliblər

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.

0
Teqlər:
qanun layihəsi, xəsarət alanlar, polis, etiraz aksiyaları, iğtişaş, Fransa