Ermənistanda etirazlar

İrəvanda əmlak bölgüsünə start: "Beli çantalı tüfeylinin" arxasında dayananlar kimlərdir?

1195
(Yenilənib 15:34 02.05.2018)
İndi hər kəsi bir sual düşündürür - bundan sonra nə olacaq?

Bakı, 2 may — Sputnik. Ermənistanda vəziyyət yenidən gərginləşib. Baş nazir seçilə bilməyən Nikol Paşinyan xalqı küçə və meydanlara çağırıb. Ermənistan parlamentinin xüsusi iclasında deputatların əksəriyyəti (56 nəfər) Paşinyanın namizədliyinin əleyhinə səs verib. Onun lehinə 45 nəfər səs verib.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistanın baş naziri postuna yeganə namizəd idi. Seçilmək üçün ona 105 deputatdan 53-nün səsi lazım idi.
Qanuna əsasən, bir həftədən sonra yenidən parlamentdə baş nazir seçkiləri olacaq. Və bu dəfə ona cəmi 32 səs lazımdır. Əgər parlament ikinci dəfə baş naziri seçə bilməsə, buraxılacaq və yeni seçkilər təyin olunacaq.

Bu gün səhər saatlarından başlayaraq, etirazçılar yolları bağlamağa başlayıblar. Ermənistan mətbuatının verdiyi məlumata görə, "Zvartnots" beynəlxalq aeroport istiqamətində adamlar cərgəylə düzülüb və maşınlarla yolu kəsiblər. Onlarla qara geyimli, qara beretli xüsusi polis əməkdaşları gətirilib. Onların əlində heç bir silah, xüsusi vasitə — dəyənək və sipər yoxdur.

Polis kənara çəkilib, yolu açmağa cəhd etmir. Yolu bağlayan əhali polisi çəpiklərlə alqışlayır. Bəziləri, "Polis bizimlədir" — qışqırır. Bir sözlə, Ermənistan açıq vətəndaş qarşıdurmasına getdi. İndi hər kəsi bir sual düşündürür — bundan sonra nə olacaq? Ermənistanda yeni parlament seçkiləri keçirilməsinin hədəf seçildiyi bəllidir. Əslində, baş verənlərdə qeyri-adi nəsnə yoxdur. Baş verənlər Moskvanı, elə Qərbi də tamamilə qane edir. Siyasi araşdırmaçıların fikrincə, Ermənistan nə geosiyasi xəttini dəyişəcək, nə də Qarabağla bağlı mövqeyində ciddi redaktələr edəcək. İrəvanın Qərbə inteqrasiyası da ağlasığmazdır. Ən azı ona görə ki, ermənilər Qarabağın işğalı siyasətindən vaz keçə bilmirlər və amil İrəvanın təcridi siyasətinin davam etdirilməsi anlamına gəlir.

Ermənistanda kimin hakimiyyətə gəlməsi İrəvandan daha çox, Moskvada həll edilir. Kreml özünün maraqlarına zərbə vuracaq proseslərə seyrçi qala bilməz. Rusiya baş verəcəklərdən və maraqlarının itirilməsindən ehtiyat edə bilərmi? Rusiya Ermənistandakı hadisələrə bu qədər seyrçi yanaşırsa, deməli, ortada gizlin saxlanılan razılaşma mövcuddur. Rusiya Ermənistanla münasibətlərinin dəyişməyəcəyinə əmindir, bu baxımdan, Kremlin özünü bu dərəcədə rahat aparması da anlaşılandır.

Burada bir məqamı da nəzərə alaq. "Ermənistan inqilabı"nın lideri Nikol Paşinyan da artıq anti-Qərb ritorikasından əl çəkib. O qeyd edib ki, Ermənistan heç vaxt KTMT-dən çıxmayacaq: "Biz bu təşkilatın daha effektiv olması və Ermənistan, o cümlədən Dağlıq Qarabağın təhlükəsizliyinə daha ciddi zəmanət verməsi üçün səylərimizi artırmalıyıq".

Onu da unutmaq olmaz ki, Rusiya Ermənistanın havadan müdafiəsini öz nəzarətinə götürüb, Ermənistanla hərbi yeni qoşun birlikləri formalaşdırır. Eyni zamanda, "İsgəndər-M" raketlərinin Ermənistana verilməsini də müşahidə edirik. Nəhayət, Rusiya hərbi cənub dairəsini gücləndirməkdə davam edir ki, bu kontekstdə yeni texnikalar Gümrüdə yerləşən 102 nömrəli hərbi bazasına göndərilir. Bütün bunlar onu göstərir ki, Ermənistanda Kremli qıcıqlandıracaq namizəd hakimiyyətə gələ bilməz.

Vəzifəyə kimin transfer edəcəyindən asılı olmayaraq, Ermənistan siyasi, iqtisadi və hərbi cəhətdən ciddi şəkildə zəifləyəcək. "Qarabağ klanı"nın zərbə alması ilə Ermənistanda yeni əmlak savaşı alovlana bilər. Əhalinin narazılıq dərəcəsini və korrupsiyanın səviyyəsini nəzərə alaraq, Ermənistanda hakimiyyətin dinc və sakit şəkildə təhvil verilməsinin baş verəcəyini gözləməyə dəyməz. Kütlələrin marginallaşması, etirazların lümpenləşmiş kütlələrin əlinə keçməsi kimi bir amil də mövcuddur. Bu qüvvələr yalnız sabitliyin pozulmasına səbəb ola bilər. Daha sonra daha ciddi proseslər başlaya bilər. Yeni hakimiyyət bir çox nazirləri, oliqarxları həbs etmək və ölkədən pul vəsaiti çıxarılmasına yol verməmək bəhanəsilə represiyalara başlaya bilər. Bütün bunlar isə yeni, daha qanlı vətəndaş qarşıdurmasının xəbərçisidir.

Məsələyə xarici dövlətlərin reaksiyası maraq doğurur. Rusiyanın tanınmış siyasətçisi baş verənləri dövlət çevrilişi adlandırıb. Qərb etirazlara dəstək verir. Lakin Qərb analitikləri də anlayırlar ki, bu ölkədə "rəngli inqilab" imkansızdır. Vaşinqon Ermənistanda yerləşən 102-ci hərbi hissənin mövcudluğunu nəzərə almaya bilməz. Lakin bu mərhələdə Ermənistan poliqona çevrilib. Dünya gücləri İrəvanda bir-birlərinə barmaq silkələyir. Siyasi araşdırmaçılar əmindirlər ki, vəziyyət daha da gərginləşəcək və onlara "beli çantalı bir tüfeylinin" liderliyi ilə yönəldiləcək ölkə lazım deyil. Daha ciddi siyasətçiyə ehtiyac yaranır.

İndiyədək adı hallanan Karapetyanın oyundan çıxdığı bəlli olur. Sabiq prezident Levon Ter-Petrosyanın da yenidən böyük siyasətə qayıdışı imkansızdır. Bu baxımdan, eks-prezident Robert Köçaryan kabusu yenidən Ermənistanın siyasi müstəvisində dolaşmaqdadır. Lakin Paşinyanın ardınca gedən qəzəbli kütlə Köçaryanı çeynəməyə hazırdır. Deməli, erməni siyasətçiləri daha mötədil bir sima ətrafında birləşməli və onun namizədliyini beynəlxalq güclərlə razılaşdırmalıdırlar.

Bu arada Sərqisyanın hakimiyyətə qayıdışı, Paşinyanın həbsi də müzakirə edilir. Hətta Paşinyanın küçədəki qüvvəsinin təzyiqi ilə baş nazir seçiləcəyi də mümkündür. Problem bunda deyil. Problem ondadır ki, Ermənistanda qansız finiş imkansızdır. Qarşıdakı mərhələ qansız başa çatsa belə, yenə də maraq qruplarının qanlı qarşıdurması qaçılmaz görünür. Ermənistan vətəndaş savaşının astanasındadır. Bu savaşdan qurtulmaq imkanı varmı? Artıq bu suala erməni siyasətçiləri deyil, onları idarə edənlər cavab verməlidirlər…

1195
Teqlər:
Nikol Paşinyan, Qərb, Ermənistan, Moskva, Rusiya, baş nazir
Əlaqədar
İnqilabın son akkordları: Bütün Ermənistan ayağa qalxıb
Bütün Ermənistan ayaqda: Aeroportlar, metro və yollar...
Ermənistan parlamentində qalmaqal qopdu
Sarqsyandan sonra Türkiyə-Ermənistan münasibətlərində nə dəyişəcək – politoloq şərhi
Ermənistan müxalifəti Gümrüyə yürüşə başladı
Peskovdan Ermənistan açıqlaması: “Hadisələr bir-birinə bənzəmir”