Qarabağ

Bu dəfəki səfər Qarabağ münaqişəsinin həllində vəd edir

431
(Yenilənib 20:06 03.02.2018)
Azər RƏŞİDOĞLU
Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi regional enerji layihələrinə təhlükədir

Azər RƏŞİDOĞLU

BAKI, 3 fevral — Sputnik. ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O deyib ki, səfər zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələr davam etdiriləcək. Adıçəkilən görüş nə vəd edir? Siyasi araşdırmaçılar hesab edirlər ki, rəsmi Bakı Minsk qrupundan ciddi bir təşəbbüs gözləməməlidir.

Bu gün Qarabağ danışıqlarında iştirak edən vasitəçi ölkələr əsas məsuliyyəti Yerevan və Bakının üzərinə yükləyir. Rusiyanın baş diplomatı Sergey Lavrov da "hər şey münaqişə tərəflərindən asılıdır" bəyanatı ilə çıxış etdi. Lakin bəzi araşdırmaçılar hesab edirlər ki, əgər həmsədrlərin vahid mövqeyi olsaydı, onların regionda maraqları toqquşmasaydı, Azərbaycan və Ermənistanı hansısa bir sülh sazişinə razılaşdırmaları o qədər də çətin olmazdı.

Bəziləri isə belə düşünür ki, Minsk qrupunun tərəflərə təsir imkanları və sülhə məcbur etmə mexanizmləri mövcud deyil. Amma həmsədr ölkələr öz aralarında razılığa gələ bilərlərsə, münaqişənin həllinə də nail olmaq mümkündür. Bu baxımdan, Qarabağ münaqişəsində söhbət təkcə Azərbaycan və Ermənistandan yox, dünya siyasi səhnəsinin əsas oyunçularının maraqlarının toqquşmasından gedir. Bu, vahid mövqe nümayiş etdirməyə imkan vermir. Hətta vasitəçiliərin "müqəssir Ermənistandır" kimi bəyanatı da (belə bir açıqlamanın ola biləcəyi ehtimalı son dərəcə kiçikdir) problemi həll edə bilməz. Yerevan əmindir ki, ona qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq. Bu səbəbdən də vasitəçilərin təklif etdiyi bütün təklifləri bloklayır.

Politoloqların fikrincə, hazırda Dağlıq Qarabağla bağlı danışıqlardan ciddi nəticə gözləmək mümkünsüzdür. Səbəb regionda və dünyadakı qeyri-müəyyən şəraitlə bağlıdır. Bu şəraitdə həmsədr ölkələr əllərində olan imkanları itirmək istəmirlər. Dağlıq Qarabağ münaqişəsi regionda marağı olan güclər üçün təsir vasitəsidir və onlar bu vasitəni itirmək istəmirlər.

Lakin tərəflər anlayır ki, danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu uzun müddət qoruyub saxlamaq mümkün deyil. Yerevanda açıq bəyan edirlər ki, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb. Digər tərəfdən, münaqişənin mümkün eskalasiyası Rusiya üçün də, Qərb üçün də risk deməkdir. Bu, regional energi layihələri üçün təhlükədir. Yeni savaş başlayarsa, proseslərə İran və Türkiyənin də müdaxilə edə biləcəyi ehtimalı yaranır. Bu isə artıq regional savaş anlamına gəlir. Qarabağ münaqişəsi Rusiya və Qərb üçün mövcud ziddiyyətlər şəraitində ciddi əməkdaşlıq stimulları yaradır. Elə buna görə də, ABŞ və Rusiya Bakı və Yerevanı danışıqlar masasına dəvət edir. Fransa da danışıqların davam etdirilməsini istəyir. Bu məsələdə ATƏT-in Minsk qrupu həmrəylik nümayiş etdirir.

Nəticə etibarilə Minsk qrupu hər hansı bir uğura imza atmalıdır. Ən azı ona görə ki, danışıqların dayanması, yaxud nəticəsiz başa çatması indiki beynəlxalq proseslər fonunda Minsk qrupunun nüfuzunun itirilməsinə gətirib çıxara bilər. Bu baxımdan, həmsədrlərin görüşü də önəm kəsb edir. Hazırkı situasiyada "nə hərb, nə sülh" vəziyyətinin davam edəcəyi ehtimalı daha böyükdür. 

431
Teqlər:
Fransa, Türkiyə, İran, Rusiya, ATƏT-in Minsk qrupu, Azərbaycan Xarici İşlər Nazirliyi, Sergey Lavrov, Hikmət Hacıyev, Qarabağ
Əlaqədar
Niderlandda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
Fransa prezidentindən Dağlıq Qarabağ problemi barədə önəmli bəyanat
Nağıyev: “Rusiya nüfuzunu artırmaq üçün Qarabağ münaqişəsinin həllinə töhfə verməlidir”
Rəsmi Bakı Sergey Lavrovun Qarabağ açıqlamasını alqışlayır
ATƏT sədrindən Dağlıq Qarabağ bəyanatı