Arif Ələkbər

Burada qızlar turistə potensial ər gözü ilə baxırlar

1385
(Yenilənib 00:28 04.11.2017)
Uqanda azərbaycanlı fotoqrafın gözü ilə: Təcili yardımın olmadığı, müştərinin restoranlarda saatlarla gözlədildiyi ölkə

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanlı fotoqraf Əli Əkbər müxtəlif ölkələrə səyahət edərək, maraqlı müşahidələr aparır və şəkillər çəkir. O, Sputnik Azərbaycan-a özünün Afrika səyahəti və xərcləri barədə yazıb. Yazının oxucular üçün maraqlı olacağını nəzərə alaraq, olduğu kimi təqdim edirik:

"Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir.

Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 dollar) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa, o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa, sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz günlərdə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat…

Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, onda Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daim artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işləyəndən sonra qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar. Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir.

1 / 8
Azərbaycanlı fotoqraf Əli Əkbərin Afrikada çəkdiyi şəkillər

Su ilə də bağlı eyni vəziyyətdir. Hotelimizin kifayət qədər böyük Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su hotelə fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə su yoxdur. Bura suyu kanistrlərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.

Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 dollar. Maksimal sürəti isə 512 Kbit/s.

Səhiyyə sahəsində də ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi "otur ağla" silsiləsindəndir. Nəsə baş versə, təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i dünyasını dəyişir.

Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var. Kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü "axşam məktəbi" fəaliyyət göstərir. 

Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, otelimizdəki ali təhsilli aşpaz aya 40 ABŞ dolları alırdı.

İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan otel sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra "bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir" deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: "Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı".

Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və otellərdəki ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb alver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir. Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.

Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur. 

Ən yaddaqalan xoşagəlməz məqamlardan biri — iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). Çay istəsəz, bir az çox vaxt gedəcək. Bir saata yaxın gözləməli olacaqsız. Tələsdirməyin mənası yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir.

Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa "ağ adam"a rast gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast gəlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, hal-əhval tuturlar. Verdiyim hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar, anaları da kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmir. Vətəndaş nikahına daha çox üstünlük verirlər. Çünki toy mərasimi filan çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşağlı ailələr də çoxdur.

Şəhərlərdə əhalinin orta yaş həddi 55-60-dır. Kənd yerlərində daha az.

Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, otel açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq, xaricilər bu ölkəyə çox həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 otel ola, ya olmaya. 

Rəsmi dil ingilis dilidir. Amma anlaşılması müşkül olan, dəhşətli dərəcədə özünəməxsus ləhcəylə. Bundan əlavə, Uqandada 30-dan çox yerli dil və dialektlər də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində təhsil alırlar, çox nadir hallarda da suahili dilində.

Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim, bir də dilənçiləri. Yox idilər.

Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa, Uqandanı mütləq bəyənəcəksiz".

1385
Teqlər:
Kampala, QİÇS, banan, Afrika, Əli Əkbər, Kampala, Uqanda, ABŞ
Əlaqədar
Afrika tayfalarının özlərini əla hiss etmələrinin səbəbi bəlli olub
Azərbaycan rəqsləri Afrika qitəsinin ən böyük yarışmasında
Afrika diktatoru Rio-2016 olimpiyaçılarının hamısını həbs etdirib
 Koronavirus testi aparan tibb işçisi, arxiv şəkli

“İnanırsan, ya inanmırsan”: günümüzün ən mühüm sualı

324
(Yenilənib 15:56 04.06.2020)
"Whatsapp" qruplarında minlərlə ağlasığmaz versiyalar müzakirə edilir. Xəstəliyə inanmaqdansa, elə bu yalanlara inanmağa öyrənmişik

BAKI, 4 iyun — Sputnik. “Koronavirusa inanmıram” ifadəsini günümüzdə dəfələrlə eşidirik. Nə qədər qəribə görünsə də, koronavirusun bir qlobal fırıldaq olduğu, belə bir xəstəliyin olmadığını, çox vaxt onun adi pnevmoniya və qriplə eyniləşdirildiyini iddia edənlər bir deyil, iki deyil, üç deyil. Metroda, taksidə, ictimai nəqliyyatın digər növlərində qarşılaşdığımız insanların bir çoxu konspiroloji nəzəriyyələri səsləndirir, koronavirusun da bu ümumi planın bir hissəsi olduğunu iddia edirlər.

Jurnalist çevrəsində belə “koronavirusa inanırsan, ya yox” sualı verilir

Koronavirusa inanmamaq söhbəti sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardandır. Hətta gündə yüz dəfə bu virusdan xəbər verən jurnalist çevrəsində belə “koronavirusa inanırsan, ya yox” sualı verilir. Hətta maska taxmamağa görə cərimələrin tətbiqi də cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanlar maska taxmaq istəmirlər, taxanda da ya burun bayırda qalır, ya da çənənin altına enir. Hava qızdıqca, maska geymək daha da ağırlaşır. “Koronavirusa inanmıram” deyənlər, təbii, maska da taxmaq istəmirlər.

Çinlilərin belə bir dilemmaya ehtiyacı olmayıb. Hökumət qərar verib, hamı maska taxıb. Qayda qoyulub, hamı evdə oturub. Hər yerdə hərarəti ölçən cihazlar quraşdırılıb. Tezliklə koronavirusa qalib gəlib, xəstəliyi lokallaşdırıb ortadan yığışdıra biliblər. Elə Bakının biznes mərkəzlərində çalışan Çin vətəndaşları da böyükdən kiçiyə kimi hamısı maska taxır, özü də qaydasında. Onlar “koronavirusa inanmıram” ifadəsini işlətməyi belə ağla gətirməzlər.

Əgər öz-özümüzə belə inanmırıqsa, koronavirusa necə inanaq?

Niyə Azərbaycan əhalisi dünyanın ən ucqar nöqtəsinə gedib çıxmış bir xəstəliyi inkar edir, onun mövcudluğuna inanmır? Niyə bəs çinlilər məsələyə belə ciddi yanaşırlar?

Səbəblər çoxdur. Nizam-intizam baxımından azərbaycanlını nə almanla, nə də çinli ilə müqayisə etmək olar. Təbiətən qayda-qanunu pozmağa meylli bir millətik. Yəni nə növbədə durmağı sevirik, nə də gözləməyi. Bir sürücü digərinə yol verməz, piyada da işıqfora baxmaz. Günahın oldu-olmadı, piyadanı vurmusansa, deməli, günah səndədir. Yeri gələndə polis də bizim üçün hörmət sahibi deyil, bizə bir deyəndə cavabında iki deyərik. Cəza mexanizmi olmasa, qaydanı mütləq pozarıq.

Əgər öz-özümüzə belə inanmırıqsa, koronavirusa necə inanaq? Rəsmi məlumat bizə doğru görünməz, "Whatsapp" gələn səs faylı daha etibarlı mənbə sayılar. Batil inanclara meylliyik, üzərlik yandırmaqla bəlanı özümüzdən uzaq etməyə çalışarıq. Cadugər yanına gedib onun dediyi ilə oturub-durarıq, heç bir başqa arqument bizə doğru görünməz. Sosial şəbəkədə yayılan hər bir cəfəng fikri həqiqət kimi qəbul edərik.

Əlbəttə, bu xüsusiyyət tək bizə məxsus deyil. İnternetin imkanları istənilən feyk xəbəri dünyanın istənilən nöqtəsinə anında çatdırmağa imkan verir. Yalan xəbərin yayılma arealı çox yüksəlib, bir yandan bağlayırsan, digər tərəfdən vurub çıxır. 

Maska bir yana qalsın, adi sanitar normaları da gözləməyi unuduruq

Feyk xəbərin axını çox böyük, buna müqavimət göstərmək isə çox qəlizdir. Nə qədər mənasız iddia, həqiqətə uyğun olmayan xəbər yayılıb. Telekanallar xəstəxanadan birbaşa çəkiliş edir, pasiyentlərdən və tibb personalından müsahibə alırlar. Gözümüzlə gördüyümüzə inanmaq əvəzinə taksi sürücülərinin şayiələrinə inanırıq. Bu koronavirusun nədənsə bir böyük oyun olduğunu düşünürük. Maska taxmırıq, özümüzü qorumuruq. Xəstəliyin də yayılma arealı yüksəlir. Maska bir yana qalsın, adi sanitar normaları da gözləməyi unuduruq. Əl yumaq da yaddan çıxır.

Çinlilər isə təbiətən nizam-intizamı gözləyən millətdirlər. İşləmək lazımdırsa, işləyəcəklər. Bayramdırsa, istirahət edəcəklər. Karantindirsə, hamı evində oturacaq. Virusun da öhdəsindən gəlib işlərinə davam edəcəklər. Xarici təsirin də daxili bazara inteqrasiyası yoxdur. Dünyanı idarə edən sosial şəbəkələr, videohostinqlər Çində qadağan edilib. Onların öz şəbəkələri, öz platformaları var. Nəhəng kiberordu isə informasiyanın təhlükəsizliyinin keşiyindədir. Qaydaları belədir.

Bir az boş buraxsaq, xəstələnənin də, ölənin də sayı birə-on artacaq

Koronavirusun nə qədər təhlükəli olduğunu hələ dərk etmirik. Bəli, bu xəstəlik heç də böyük ölüm statistikasına malik deyil, bəzi insanlar onu çox asanlıqla keçirir, simptomlarını belə hiss etmirlər. Amma xəstəliyi ağır keçirən, ölən də az deyil. Virus yeni olduğundan onun nəyə qadir olduğunu hələ bilmirik. O, özünü stabil aparmır. Kimdəsə ağciyər, kimdəsə böyrək sıradan çıxır. Xroniki xəstəliyin varsa, deməli, risk qrupundasan. Günümüzdə tam sağlam adam tapmaq, ay işığında samanlıqda iynə tapmaqdan çətin olub. Hərənin bir xəstəliyi var, koronavirus da həmin bu zəif nöqtələrə zərbə endirəcək. Bir az boş buraxsaq, xəstələnənin də, ölənin də sayı birə-on artacaq.

Gözlə gördüyümüz bir təhlükəli virusa inanmırıq, amma bütün günü sosial şəbəkədə qarşılaşdığımız yalan xəbərləri tirajlayırıq. "Whatsapp" qruplarında minlərlə ağlasığmaz versiyalar müzakirə edilir. Xəstəliyə inanmaqdansa, elə bu yalanlara inanmağa öyrənmişik.

İnansaq da, inanmasaq da, statistika heç də ürəkaçan görünmür. Karantin rejimi yumşaldıqca, xəstə sayı da artıb, ölənlərin də. Yenidən qaydaların sərtləşməsi qaçılmaz olub. Bəşəriyyət belə növ epidemiyalarla çox rastlaşıb. Hətta sanitar şəraitin elə də münasib olmadığı, qaydaların gözlənilmədiyi şəraitdə belə xəstəlik gəldiyi kimi yoxa çıxıb, insanlar immunitet qazanıb. Koronavirus da gəldiyi kimi çıxıb gedəcək. Bir az səbirli olmalıyıq.

324
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq
Kürdəmirin bu kəndində koronavirusa yoluxanların sayı artır
Azərbaycanda polis kəndi nəzarətə götürdü
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Jurnalistlər üçün tikilən bina, arxiv şəkli

"Üçüncü bina": Adı jurnalistlərin, dadı...

414
(Yenilənib 11:19 04.06.2020)
KİVDF və MŞ o qədər bəlağətli və ədalətli davranıblar ki, müəyyən katibələrə, sürücülərə, sazlı-sözlü xanımlara, uzaq və yaxın qohumlara da mənzil çatıb.

Eşitdim ki, jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da bölgüyə hazırdır. İndi kulislərdə ən çox müzakirə olunan məsələ bu dəfə mənzillərin kimlərə və hansı əsaslarla veriləcəyidir. Başımızın üstündəki intəhasız səmaya and olsun ki, bu çox ciddi və taleyüklü məsələdir. Yurdsuz-yuvasız, ac-yalavac qələm adamları da nigaranlıqla bu bölgünü gözləyirlər. Ay sizi, kasıblar!

Əvvəlki iki binanın bölüşdürülməsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının rəhbərliyi o qədər ləyaqətlə və fəsahətlə çalışdılar ki, demək olar, bir nəfər də olsun evsiz jurnalist qalmadı. Hətta KİVDF və MŞ o qədər bəlağətli və ədalətli davranıblar ki, müəyyən katibələrə, sürücülərə, sazlı-sözlü xanımlara, uzaq və yaxın qohumlara da mənzil çatıb. Apardığım kiçik bir araşdırmadan sonra məlum oldu ki, jurnalistlər üçün nəzərdə tutulan binada dövlət mənzilini kirayə verən, ümumiyyətlə o mənzilin qapısından içəri girməyən qələm adamları var. Çünki KİVDF və MŞ mənzil bolluğuna düşdükləri üçün, onların hətta villası olan zavallı qələm adamlarına verilməsinə nail olublar.

Atalar sözündə deyildiyi kimi, "Varlığa nə darlıq?!"

İndi bəzi ağzıgöyçəklər deyir ki, əvvəlki iki binada məskunlaşanların heç də hamısı jurnalist deyil. Olsun da!

Guya KİVDF və MŞ keçirdiyi müsabiqələrdə yer tutanların, yardımlardan, dövlət dəstəyindən istifadə edənlərin hamısı jurnalist olub? Belə xırdaçılıq etmək bizə yaraşarmı? Villası olan baş redaktor da, onun ev alan katibəsi də, ehtiyacdan jurnalistlər binasında sığınacaq tapmış övladı da azərbaycanlı deyilmi? Bəs harada qaldı bizim vətənpərvərliyimiz?

Hamımız bu vətənin övladlarıyıqsa, niyə bu məsələni qurcalayıb, könül bulandırırıq, o mənzillərdə yaşayanların isti yuvasına soyuq su calayırıq? Şəxsən tanıdığım vicdanlı, ədalətli qələm adamları var ki, yarı zor, yarı xoş ikinci mənzillərini bu binalardan alıblar. Axı onların övladları harada yaşamalıdır?

İndi deyəcəksiniz ki, bəs evsiz jurnalistlər varkən, ikinci, üçüncü mənzilə sahib olmaq, həmkarlarına qarşı bu cür davranmaq ədalətsizlikdir. Açığı mən belə düşünmürəm. Məncə imkanı, "daydayı", tanışı olan zəhmətkeş jurnalistlərimiz üçüncü, hələ tikilsə dördüncü binadan da ev almalıdır. Bu insanlar zamanında əziyyət çəkib övladlarına sayt açıb, vəsiqə veriblər ki, bu gün bəhrəsini görsünlər. Kiminsə tanışı, arxası yoxdursa, qoy öz dərdinə, özü yansın. Bu heç də ikinci, üçüncü mənzilə dövlət hesabına yiyələnən zəhmətkeş qələm adamlarının problemi deyil.

Bir dəfə mediamızın başbilənlərindən birini iş yerində ziyarət etməli oldum. Dövlət məqamıdır, işimiz düşəndə onların ayaqlarına qədər getmək bizi sadəcə şərəfləndirir, baş ucalığı gətirir. Getdim, yarım saat növbədə gözləyəndən sonra qəbula düşdüm.

Və bu qəbulda şahidi oldum ki, rəhbər öz katibəsindən harasa getməklə bağlı icazə istəyir. Yox, yox, səhv başa düşmədiniz, məhz rəhbər icazə istəyirdi, gedəcəyi yerlə bağlı məlumat vermirdi. Elə olsa, bu mənim diqqətimi çəkməzdi. Bu təvazökarlıqdan sonra bir qədər qəhərləndim. Açığı yüngülvari üzüldüm, kövrəldim. Ən kədərlisi də odur ki, katibə mənim orda olmağımı nəzərə alıb, öz müdirinə işvəylə xeyir-dua verdi.

Sonra ikisi də gülümsəyib, xoşbəxt oldular. İndi siz deyin, dostlar bu katibəyə niyə ev verilməsin? Əlbəttə, bu cür zabitəli və zəhmli katibə lazım gəlsə qəzet də çıxarar, televiziyada aparıcılıq da edər, reportaj hazırlayıb müsahibə götürər, lazım gəlsə köşə də yazar.

Bəli əzizlərim, mətləbi hələlik uzatmayım. Ola bilsin bu mövzuya yenidən qayıtmalı oldum.

Xülasə, tezliklə jurnalistlər üçün nəzərdə tutulmuş üçüncü binanın bölgüsü olacaq. Ölkəmizdə evsiz-eşiksiz jurnalist olmadığı üçün, təklif edirəm bu mənzillər sadəcə baş redaktorlara, onların katibələrinə, övladlarına, yaxın və uzaq qohumlarına, artıq qalan evlər isə müəyyən müğənnilərə və "tik-toker"lərə verilsin.

Kimlərsə iddia edir ki, guya kirayədə qalan jurnalistlər var. Açığı mən buna inanmıram. Çünki, kirayədə qaldığı üçün etiraz edən, jurnalistlər üçün tikilmiş mənzillərin bölüşdürülməsindən narazı qalan jurnalist tanımıram. Olsa da, o adamlar düz yolda deyil. Evin yoxdur? Elə isə zəhmət çək ev al, mənzil sahibi ol. Necə olur ki, hansısa katibə jurnalistlər üçün tikilən binada ev sahibi ola bilir, 20 ilin jurnalisti evsizlikdən gileylənir?! Sadəcə, ayıbdır. Bir az da absurddur. Evin yoxdur ev al da, nə çətin məsələdir ki?

Üçüncü binanın bünövrəsi qoyulandan ümidlənən bəzi qələm adamlarına isə demək istəyirəm ki, bir az gözütox olun, baş redaktorlarınızı, onların katibələrini, övladlarını, yaxınlarını düşünün.

Siz əgər kirayədə qalırsınızsa, demək yaşamaq üçün şəraitiniz var. Sizin evsizliyiniz hansısa katibənin qayğısı deyil. Heç bilirsiniz o katibələr hansı zülmləri çəkir? Siz, ey evsiz jurnalistlər, o katibələrin çəkdiyi zülmü çəkə bilərsiniz? Əlbəttə, yox!

Düzü bu barədə düşünəndə ürəyim ağrıyır.

Üçüncü binada gözü olanlar, sizlərə tövsiyə edirəm ki, əgər mənzil probleminiz varsa, ikinci binada hələ yaşanmamış evi olanlara, jurnalistlər binasında yerləşən mənzilini kirayə verənlərə müraciət edin. Hər şeyi KİVDF və MŞ-dan gözləməyin. Onlar əllərindən gələni ötən illər ərzində edib, bu gün də etməyə hazırdırlar.

Üçüncü binadan ev sahibi olacaq bəxtəvərləri bəri başdan təbrik edir, evsiz jurnalistlərə də can sağlığı arzulayıram.

414
Əlaqədar
Jurnalistlərə ev verilməyəcək
Prezident jurnalistlər üçün üçüncü binanın təməlini qoyub
Bizə atılan daşlardan bina tikəcəyik
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO