Tələbələr

Universitet təhsilinin start nöqtəsi

400
(Yenilənib 23:39 08.06.2017)
Dünyanın hər an dəyişən inkişaf sürəti həm də universitetlərdən qaynaqlanır

BAKI, 8 iyun — Sputnik. Bu gün sürətlə dəyişən dünyanı, forma və məzmun baxımdan yeni nəsil universitetlər yaradır. Buna əsas dəyər olaraq üstünlük verən ölkələr gələcək şokunu daha rahat qarşılayır və milli özünütəsdiq immuniteti qazanır.

Bəzən abituriyentlər universitetə qəbul olmağı insan həyatının əsas nailiyyəti kimi qəbul edirlər, nəinki öyrənməyi. Ancaq universiteti qazanmaq hələ yolun başlanğııcı, mükəmməl universitet təhsili isə hədəfə çatmağın əsas şərtlərindəndir.

Universitet — inkişaf lokomotivinə qoşula bilən, sintez və analiz yolu ilə ideyalarını ifadə edə bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə bir tərəfdən bütünləşdirici, digər tərəfdən fərqli və yenilikçi, qeyri-standart yanaşmaların məcmusu kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin vizionunu müəyyənləşdirən missiyaya sahibdir.

Son illərdə ölkəmizdə universitet təhsilinə maraq keyfiyyət baxımından artıb. Bunu son 5 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbə qəbulu planı və qəbul imtahanında iştirak edənlərin nisbi payında əks olunan artım dinamikasında görmək olar.

Son 5 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun kəmiyyət göstəricilərinə nəzər salsaq, görərik ki, ümumi ərizələrin sayındakı azalmaya rəğmən, qəbul olunanların nisbi payı artıb. Eyni zamanda tələbə qəbulu planı ötən 5 ildə ilboyu hər il artıb. (Cədvəl 1)

Eləcə də, 2014/2015-2015/2016-2015/2016-2017/2018-ci tədris illərində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasını əks etdirən rəqəmlərə baxsaq, burada illər üzrə hər bir ixtisas qrupunun artan ballarının, deməli keyfiyyət göstəricilərinin dinamikasının şahidi olarıq.

Qeyd: Keyfiyyət göstəricisi DİM tərəfindən keçirilən imtahanlarda 200 baldan artıq toplayan abituriyentlərin nəticələrinə görə təsnif olunur.

Əgər 2014/2015-ci tədris ili üzrə qəbul imtahanlarında bütün qruplar üzrə iştirak edən 92 643 abituriyentin keyfiyyət göstəricisi 34,7%, 2015/2016-cı tədris ili üzrə 82 925 abituriyentin bu nəticəsi 40% olmuşdusa, 2016/2017-ci tədris ili üzrə 78 545 abituriyentin analoji göstəricisi 43,9% və nəhayət 2017/2018-ci tədris ili üzrə (1 mərhələ) 64 220 abituriyentin keyfiyyət göstəricisi 48,9 faiz olmuşdur. Başqa sözlə son 4 ildə bu göstərici 14,2% artmışdır. (Cədvəl 2)

Qrafik 1-dən göründüyü kimi, son 4 tədris ili ərzində ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə tələbə qəbulunun keyfiyyət göstəriciləri yaxşılaşıb. Belə ki, keyfiyyət göstəricisi I ixtisas qrupunda 12,8%, II ixtisas qrupunda 10,6%,III ixtisas qrupunda 11,5%, IV ixtisas qrupunda isə 38,4 % artıb.

Bildiyimiz kimi, bütün dünyada elmi ədəbiyyatın ən böyük data məlumatları ingilis dilindədir. Təhsilin ən böyük qloballaşma alətlərindən biri olan tədrisdə çoxdilli mühitin yaradılması ali təhsilin inkişafı üçün vacib həlqədir. Bu baxımdan tədrisdə ingilis dilinin rolu getdikcə artır.

Yaxşı xəbər ondan ibarətdir ki, Azərbaycanın ali təhsil müəssisələrinə son iki il ərzində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulu artıb. Bunu aşağıdakı cədvəldən də görmək olar.

Buradan da göründüyü kimi, ingilis dilində tədris olunan ixtisasların sayı, proqnoz yerləri, həmçinin qəbul olunma faizi də xeyli yüksəlib (Cədvəl 3).

Digər müsbət bir tendensiya 2016 və 2017-ci illərdə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturasına keçirilən qəbul imtahanının I mərhələsi üzrə nəticələrinin müqayisəli təhlilində izləməyə imkan verir. Aşağıda təqdim olunan cədvəldən də göründüyü kimi, imtahanın nəticələrinə görə 51 və daha yüksək nəticə göstərənlər ötən ilə nisbətdə 2 dəfədən artıq (müvafiq olaraq 2016-cı ildə 25,77 % — 2017-ci ildə bu göstərici 57,99 faiz) olub. Və əksinə 40 bal və daha az toplayanların faiz nisbətində kəskin azalma (müvafiq olaraq 2016-cı ildə 49,56% idisə, 2017-ci ildə bu rəqəm 18,36 %) müşahidə olunur.

Buradan göründüyü kimi, magistratura səviyyəsi üzrə imtahanlarda iştirak edən bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən cari tədris ilində daha yüksək olub. Ötən illə müqayisədə imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb.

Cədvəldən bir daha aydın olur ki, bu il imtahanlarda daha hazırlıqlı bakalavrlar iştirak edir və onların ümumi nəticələri daha yüksəkdir. Başqa sözlə, cari ildə magistraturaya yalnız həqiqətən gələcəkdə magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər sənəd verib.

Qəbul nə qədər önəmli olsa da, məqsəd keyfiyyətli təhsil almaq niyyəti olmalıdır. Hazırda yeni universitetlə birgə, yeni elm obrazı təşəkkül tapır. Bununla, "savadlılıq" ideyasına yanaşmalar da dəyişir. Ənənəvi təsəvvürlərlə yanaşı, pedoqogikanın antropoloji əsaslarının əvəzlənməsi də baş verir.

Təhsilli insan bu gün "bilikli fərddən", hətta dünyagörüşü formalaşmış şəxsdən daha çox, həyata hazır olan, müasir dövrün mürəkkəb problemlərindən baş açan, həyatda öz yerini başa düşməyə qabil olan insandır. Nəzərə alsaq ki, dünyanın hər an dəyişən inkişaf sürəti həm də universitetlərdən qaynaqlanır.

Universiteti qazanan tələbələri təbrik edirik!

400
Teqlər:
qəbul, təhsil, universitet, tələbə, abituriyent
Əlaqədar
İmtahan prosesini cəmiyyətə etibar edən universitet
Prezident yeni universitetin Nizamnaməsini təsdiq edib
Türkiyədə Oksford və Harvard universitetlərinin filialları açıla bilər
İstanbul Prokurorluğundan Qafqaz Universiteti ilə bağlı müdhiş iddialar
Universitetlərin vergi borcu silinib
Azərbaycan və Fransa universitetləri əməkdaşlığa başladı
Bakıda yanğının nəticəsi

"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır

151
(Yenilənib 11:22 07.07.2020)
Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

BAKI, 7 iyul — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Su böhranı

Bu gün dünyada 50-dək ölkə ciddi su böhranı yaşayır. BMT-nin proqnozlarına görə, 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün dünyada iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur.

Təəssüf ki, Azərbaycan da "risk zonası"nda olan ölkələrdəndir. Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşür. Və üstəgəl ölkəmizin transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Nəzərə alsaq ki, bu asılılıq həm də Ermənistan sərhədlərindən formalaşan su mənbələrinə aiddir, onda məsələnin ciddiliyi aydınlaşır.

Bu arada Kür çayında yaşanan ekoloji problem su böhranı məsələsini bir daha aktuallaşdırır. Belə ki, Kürdə suyun səviyyəsi kritik səviyyəyə düşüb, hazırkı vəziyyətdə Kür Xəzərə yox, Xəzər kürə axır. Bu isə böyük bir ərazidə suvarma problemi yaradır.

Beləliklə, suya qənaəti təmin edə biləcək suvarmada damcı sisteminin ən qısa zamanda tətbiqi qaçılmazdır. Ancaq bu xüsusda fərdi məsuliyyət də əhəmiyyətlidir. Nəzərə almalıyıq ki, karbohidrogen ehtiyatlar uğrunda savaşlar dövrü geridə qalır, indi su hövzələri daha strateji xarakter daşıyır.

Ümid edək ki, "Sputnik" reportyorunun Kür yatağından çəkdiyi bu foto gələcəyin fotosu deyil:

© Sputnik / Murad Orujov
Kür

"Barıt çəlləyi"

Ötən həftə Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini təmir işləri ilə əlaqədar olaraq dayandırdı. 11 ballıq zəlzələ zonasında tikilmiş, ömrünü illər öncə başa vurmuş stansiyanın təmirə dayandırılması rəsmi İrəvanın nəinki bölgə, qlobal miqyasda təhlükəli siyasət həyata keçirdiyini təsdiqləyir. Ekspertlər bildirir ki, stansiyada baş verə biləcək qəza təkcə Ermənistanın özünü deyil, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Orta Şərq, Orta Asiya və Şərqi Avropa ölkələrini də fəlakətlə üz-üzə qoyacaq. Azərbaycan elə indiki halda da radioaktiv çirklənmənin təsirlərini yaşayır. Ermənistan bu stansiyanın tullantılarını Araz çayına axıtmaqda davam edir.

Od tuturuq

Ötən həftə Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində yanğın baş verdi. Yanğının sexlərdən birində olmuş partlayışdan başladığı bildirildi.

Pandemiyanın bütün biznes sahələrini küncə sıxdığı indiki dönəmdə bu cür hadisə də bir tərəfdən iş adamının vəziyyətini ağırlaşdıracaq. Binəqədinin bəxti isə yanğın baxımından heç gətirmir – dünən "Eurohome", bu gün "Sobsan".

Daha bir nazirlikdə

"Qara maskalı"lar bizi çox darıxmağa qoymadılar. Bir neçə həftə fasilədən sonra onları ötən həftə Xarici İşlər Nazirliyində görüblər. Məlumata görə, DTX-nın bu nazirlikdəki anti-korrupsiya əməliyyatında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə həbs olunub. Yəqin siyahıda başqa adlar da olacaq. Belə işləri bir adam tək bacarmır, komanda lazımdır.

Çoxkoloritli günlər

Ötən həftə də ənənəmizə sadiq qaldıq: oğlu əsgərlikdən qayıdan ata qonaqlıq verdi, yas mərasiminin keçirilmə qaydaları pozuldu, kafedə yeyib-içənlər saxlanıldı, icazəsiz işləyən dərzi sexləri aşkarlandı, Bakıda Qəbələyə qanunsuz getmiş şəhərlilər isə qaldıqları yerdəcə yaxalandılar. Ən maraqlısı isə SMS-lə icazə alıb, oğurluğa gedənlər idi.

Karantin qaydalarını yaxşı ki, hamı eyni cür pozmur. Bu, çoxkoloritlilik həyatımızın monoton günlərinə rəng qatır.

Qədim daşlar və tramvay

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün işlərə başlanılıb. Artıq qəsəbədə qədimi məhəllələrin bərpasına başlanılıb. Məşədi İbada və hambala qoyulan heykəl xüsusi maraqla qarşılanıb. Eyni zamanda, küçələrə daş döşənir. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri küləyi əsdiyi zaman küçələrdə tozanaqdan göz açmaq olmurmuş. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başlayıblar. İndi qəsəbənin turistik zonaya çevriləcək hissəsində bu daşlar düzülür. Ümid edək ki, bu daşlar kimi biz şəhərimizdə "keçmişin qalığı kimi" ləğv edilən tramvayları da görə biləcəyik… Hər bir böyük, müasir şəhərdə olduğu kimi…

Baş epidemioloqumuz

Respublikanın baş epidemioloqu, professor İbadulla Ağayevin son açıqlaması gündəmə çevrildi. Sitat bu cür idi: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin".

Açıqlama ilə bağlı birinci yanaşma o idi ki, İ.Ağayev baş epidemioloq kimi yox, laqeyd vətəndaş kimi danışır. İkinci baxış: onun vəziyyətə təsir imkanları yoxdur, jurnalist bu səs yazısını yaymaqla peşə etikasına riayət etməyib.

İstənilən halda, "bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır. Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

151
Qadın kitab oxuyur, arxiv şəkli

Ədəbsiz “ədib”lər...

1185
(Yenilənib 20:40 06.07.2020)
Bu türkcədəki "üyə" sözü həm də ürəyimiz bulanarkən çıxardığımız o qəribə səsə bənzəyir. Birliyin bizə yaşatdığı bu ədəbi öyümənin ən gözəl təsviri də ancaq "üyə" ola bilərdi

BAKI, 6 iyul — Sputnik. Bu sənət, ədəbiyyat mühiti ki var, hansı ki içində çox nəhəng istedadlar da tapılar, sənətə təsadüfi gələnlər də. Hə, elə onları deyirəm. Vəziyyətləri yaxşı deyil. Gah uzun müddət işsiz qalır, gah çox kiçik məvaciblərin müqabilində çalışmalı olurlar. Əsas məsələ isə bilirsiniz, nədir? Buna o qədər layiqdirlər ki! Əminliklə deyirəm! Baxırsan ki, istedadı zirvədədir. Sənəti də az qala Stella Adler, Erik Moris qədər bilir. Amma iki kəlmə danışanda görürsən ki, şüuru, düşüncəsi mühitin çirkabı içində batıb qalıb. Bəzən hətta düşüncə tərzi baxımından tipik məhəllə uşaqlarından fərqlənmir. Bir istedad, bir savad öz mühitini hansısa yeniliyə uğratmazsa, nəyə və kimə lazımdır? Adam hər şeyə nifrət edir. Niyə də, niyə? Bu cür istedad, bu cür savad niyə ənənəvi cəfəngiyyatlar toplusu içində məhv olub getməlidir?

Çox şey sayaram. Birini əqidədən, birini ləyaqətdən, birini cəsarətdən və sair. Amma məşhur şeirdəki kimi: desəm öldürərlər, deməsəm, ölləm! Yanlış anlamayın, mən nə ölməkdən, nə də öldürülməkdən qorxan adamam! Sadəcə mən sənəti həmişə öz ailəm bilmişəm və ailəmin içindəki söhbətləri mühitə aşkar edə bilmirəm. Amma bir məkan olsa, bütün yerli sənət mühiti yığılsa və mən də o sözləri bağırsam...

Onları da keçdim. Bir də var ki, sənətdən zərrə də qanmır, ümumiyyətlə, sənət adına heç bir anlayışı yoxdur, hansısa sənət mühitindən üç-beş söhbət oğurlayıb, sənətə dair hansısa kitabdan da üç-beş cümlə əzbərləyib, hər yerdə sənət adına yekə-yekə danışır, ehkam kəsir, hökm oxuyur. Bunlar daha çox təhlükəlidirlər. Birincilər istedadlı, savadlı, amma qorxaq və səriştəsizdirlər və heç bir uğur da qazana bilmirlər, ikincilər isə istedadsız, savadsız, şəxsiyyətsiz, amma publikaya işləmək səriştələri sayəsində öz səfsətələrini geniş kütləyə çatdıra bilənlərdir və xeyli də uğur qazanırlar.

Çağırılmadığı yerə gedən, hələ həyasızcasına niyə çağırılmadığının davasını döyən, həmişə boşboğazlıqları ilə gündəmə gələn, insanların yaddaşında, dilində bir bədii nümunəsi belə olmayan adamlar durub sənət və şəxsiyyət xırdalayırlar. Mən çağırıldığım yerlərin onundan doqquzuna getmirəm ki, birdən şəxsinə və sənətinə hörmətim olmayan biri ilə yanaşı gələrəm, birdən özümə qarşı laqeydlik görərəm, birdən getdiyim yer sənətdən daha çox, başqa məqsədlərə hesablanar və s. Öz mənfəətləri, pulu və şöhrəti uğruna şəxsiyyətini də, sənətini də qurban verən adamlar hələ arada durub mənə də dil uzatmağa çalışırlar.

Onların xalqdan da nəsə ummağa üzü olmamalıdır. Özünə, mənəvi dəyərlərinə, zahiri görünüşünə belə hörmətləri olmayanların içinin tör-töküntüsü görünüşlərinə də yansıyıb. Bir də ki, ortada sənətin, ədəbiyyatın adını batırmaqları adamı yandırır. Onların səfehliklərinin ucbatından yazıçı-şair adı eşidənlər üz turşudurlar. Hələ özlərini sənətə meyar da bilirlər. Bu qədər rəzilliyin yanına kin-nifrət də qoyub xalqa sunurlar, sonra da özlərinə qarşı hörmət, ehtiram gözləyirlər. Nə sanırlar? Tarixə çevriləcəklərini? İnqilab edəcəklərini? Aləmi özlərinə güldürmək xoşlarına gəlir? Anlaya bilmirəm.

Xaricdə Azərbaycan ədəbiyyatından seçmələr şəklində çap olunan biabırçı bir kitabdakı imzaların siyahısına baxıb dəhşətə gəldim. Həyasızlıqları, sırtıqlıqları ilə hər yerə özlərini soxan bu adamlar sənət adına ərsəyə gətirdikləri məzmunsuz-qayəsiz, çəkisiz-mizansız zay məhsulları ilə ölkə ədəbiyyatını xaricdə təmsil etməyə iddialıdırlar.

Mən hesab edirəm ki, müasir Azərbaycan ədəbiyyatı artıq müəyyən uğurlu bir dönəmə qədəm qoyub. Amma bu ədəbiyyatın ətəklərində dolanan nə qədər mağar toyu tamadaları varsa, toplayıb Azərbaycan ədəbiyyatı adı ilə Türkiyədə çap ediblər. 100-ə yaxın imzanın içində 10-a yaxın həqiqi ədib var. Onlar da buna necə razılıq veriblər, bilmirəm. Bəlkə də xəbərləri olmadan dərc edilib. Hər halda, onların adının bu kitabda olması digərlərindən pul toplaya bilmək üçün yaxşı vasitə olub. Yaxşı ki, mən vaxtında adımın istənilən yerdə çəkilməsinə qadağa qoymuşam. Əgər belə bir kitaba məndən xəbərsiz adım salınsaydı, şübhəsiz ki, bunu edənlərə təzminat davası açardım. Bu nalayiq siyahı, bu bərbad tərcümə təkcə şərəf və ləyaqətin təhqiri deyil, həm də yaradıcılığa vurulan zərbə, bioqrafik utancdır.

Kitabda ən uğurlu, ən sevdiyim məqam isə bəzi müəlliflərin bioqrafiyalarında yazılan "Azerbaycan Yazarlar Birliğinin üyesidir" cümləsi oldu. Bu türkcədəki "üyə" sözü həm də ürəyimiz bulanarkən çıxardığımız o qəribə səsə bənzəyir. Birliyin bizə yaşatdığı bu ədəbi öyümənin ən gözəl təsviri də ancaq "üyə" ola bilərdi.

1185
Pandemiyada imtahan

Qabiliyyət imtahanı üçün müsabiqə şərtləri açıqlandı

0
Oorta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsi nəşr edilib

BAKI, 7 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, norma­tivlər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

0