Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsində təmir

Bakının dərdi var, Bakı xəstədir...

522
(Yenilənib 12:58 15.07.2016)
Addımbaşı söküntü-tikinti aparıb, yolları sağdan-soldan çəpərlədiyim və vətəndaşlara "müvəqqəti narahatlıq" yaşatdığım üçün üzr istəyirəm

BAKI, 15 iyul — Sputnik. Normalda qızmar yay mövsümündə şəhər sakinlərinin xeyli hissəsi bölgələrə və xarici ölkələrə üz tutur. Yəni, şəhərdə sıxlıq, küçələrdə tıxac və hay-küy azalır. Amma…

İlin-günün bu vaxtında Bakımızın (müəllif hüquqlarına hörmətlə) küçələrinə çıxmaq, şəhərin bir hissəsindən digərinə yollanmağa cəhd etmək, evdən işə, işdən evə gedib-gəlmək, sözün həqiq mənasında əzabdır. Qabaqlar şəhərdə tıxac pik saatlarda (saat 07-09 və 18-20 aralığında) yaşanırdısa, artıq sutkanın istənilən vaxtında özünü "probka"da görə bilərsən.

Ayrıca, son illərədək avtomobillərin sıxlığına, əsasən şəhərin mərkəzi küçələrində rast gəlinirdisə, bu gün paytaxtın 2-ci və 3-cü dərəcəli zonalarında, hətta Bakının hüdudlarından kənarda belə, bu problemlə üz-üzə qalmağımız təəccüblü deyil. Məsələn, Bakı-Sumqayıt yolunun yolçularının səhər-axşam evlə iş arasında kitab oxumağa, telefonda oyun oynamağa, sosial şəbəkədə gileyli statuslar yazmağa bol zamanları olur.

Mətbuatda bu problem dəfələrlə qaldırılıb, reportajlar, videosujetlər hazırlanıb, səbəb-nəticə əlaqəsinə dair araşdırmalar aparılıb, mütəxəssislər müxtəlif rəylər verib, növbənöv çıxış yolları göstəriblər. Bütün bunlara baxmayaraq, dərdimizə bir çarə tapılmayıb.

Əksinə, rəsmilər hər zaman tıxac probleminin yaranmasında vətəndaşları günahlandırırlar. Məsələn, eyni yolu ildə bir neçə dəfə, söküb-asfaltlayan "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəisi Anar Nəcəfli Sputnik-ə açıqlamasında deyib ki, "Biz insanların rahatlığını düşünürük. Tıxaclar isə sürücülərin səhlənkarlığı səbəbindən baş verir". Allah köməyiniz olsun.

Yaxud, tıxacda inildəyən insanları kənardan ləzzətlə seyr edib, kiminsə bu bəladan bezib qayda pozmasını səbrsizliklə gözləyən yol polisinin sözçüsü, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsisi Vaqif Əsədov bəyan edib ki, "Sürücülər yol hərəkəti qaydalarına riayət etmir və əks yola çıxırlar, düzgün mövqe tutmayaraq yollarda tıxac yaradırlar. Bir sözlə, tıxac bir və ya bir neçə sürücünün kobud hərəkət pozmasından yaranır və bununla da yolda digər nəqliyyat vasitələri üçün də problemlər yaranır. Cəmiyyətdə buna qınaq olmalıdır. Sürücülər öz hüquqlarını bilməli və düzgün riayət etməlidir".

Hələ müxbir Respublika DYP-sinin danışan dili olan hörmətli Kamran müəllimin fikrini öyrənməyib. Yoxsa, vətəndaşların "oşibka"larını elə ustalıqla tutub üzlərinə vuracaqdı ki, Nəcəflinin də, Əsədovun da matı-qutu quruyacaqdı.

Bəli! Kütləvi şəkildə yol hərəkəti qaydalarını pozan həmin sürücülərə sürücülük vəsiqəsini mən "vermişəm". Günü-gündən çoxalan avtomobillərlə müqayisədə, küçələrin hələ də 60-cı illər enliyində qalmasının günahkarı birbaşa özüməm.

Addımbaşı söküntü-tikinti aparıb, yolları sağdan-soldan çəpərlədiyim və vətəndaşlara "müvəqqəti narahatlıq" yaşatdığım üçün üzr istəyirəm. Əks küçələrin arakəsməsi olan dəmir konstruksiyanı betona, betonu da dəmirə ildə 3-4 dəfə dəyişərək uzun tıxaclara səbəb olmaqla bağlı günahımı da etiraf edirəm.

Qüsuruma baxmayın, 2-3 ay küçələri bağlı saxlayıb asfaltlayandan sonra yadıma düşüb ki, kanalizasiya xəttini çəkməyi unutmuşam. Təzədən daha 2-3 ay ərzində qazıb-tökməklə millətin gününü qara etmişəm.

Yəni, qəbahətim böyükdür, ay ellər. Və rəsmilər də sağ olsunlar, heç birini unutmağıma imkan vermirlər. Sadəcə bir incə məqam var. Ki:

Bir gün Əzrail mahalın ağasının evinə gəlib deyir: "Bu evdən 2 nəfəri aparmalıyam". Hamı çevrilib nökərin üzünə baxır. Nökər də keyfini pozmadan cavab verir: "Yaxşı, biri mən, bəs ikincisi?".

522
Teqlər:
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi, "Azəravtoyol" ASC, Vaqif Əsədov, Anar Nəcəfli, yol, Bakı, tıxac, paytaxt, küçə, şəhər
Əlaqədar
Mənim övladımı bu yola sürükləyənin...
Sənin oğlun Murovdağda nə gəzirdi ki...
Cəzası ölümdən betər olan günah
Bu ölkədə 65 yaşı keçənləri cəza gözləyir
Siz kimə xidmət edirsiniz, sevgili MX-lar?
Allah kəssin belə çörəyi
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

24
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

24
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Məsuliyyət disiplin: Koronavirusa qalib gəlməyin yolları

65
Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Həyatımızı və düzənimizi dəyişən "taclı bəla"nın yayılması son günlər kəskin şəkildə artıb. Həm dünyada, həm də ölkəmizdə vəziyyət getdikcə qəlizləşir. Xəstəxanaların vəziyyətindən xəbərdar olanlar, vəziyyətin niyə qəliz olduğunu yəqin ki, anlayrırlar. Təcrübə göstərdi ki, bütün dünya bu bəlanın qarşısında hələki çarəsiz vəziyyətdədir. İlin əvvəlində Avropa ölkələrində yaşanan narahatlıq, indi bizim qapımızı döyür. Görülən tədbirlərin, tətbiq olunan qadağaların, qapanmaların, açılmaların effektivliyi də göz qabağındadır. Bu barədə uzun-uzadı yazmağa, danışmağa ehtiyac yoxdur. Son günlərin statistikası vəziyyətin ciddi olduğunu gözlər önünə sərir. Artıq, "Mən koronaya inanmıram"– lağlağısının yeri deyil. İnansaq da, inanmasaq da pandemiya dünyaya meydan oxuyur.

***

Mütəxəsislər yoluxmanın və ölümlərin nisbətən az olduğu isti aylarda payız-qış mövsümündə yoluxmalarda kəskin artım olacağı ilə bağlı xəbərdarlıq etsələr də, dəyişən heç nə olmadı. Özümüzü və ətrafımızı qorumalı olduğumuz halda, yenə biganə davrandıq. Heç kəsə sirr deyil ki, koronavirusun yayılmasında əsas faktor insandır. Əgər insanlar bu məsələdə məsuliyyətli olmasa, yoluxmanın sürətlə artmasına mane olmaq daha da çətinləşəcək. Üstəlik, xəstəxanalarda müalicə alanların sayının artması, həkimlərin daha ağır xəstələrə nəzarət etmək imkanını azaldır. Dolayısıyla, hər bir məsuliyyətsiz addım, ətrafımzdakı onlarla insana təhlükə yaradır. Qarabağ müharibəsində ardıcıl qazanılan zəfərlər bizdə eyforiyaya səbəb olub. Bunu zəfər yürüşlərində də müşahidə etmək çətin deyildi. O müdhiş sevincin qarşısında insanları "Niyə yürüş edərkən maskadan istifadə etmirdiniz?" – deyə qınamaq da olmur. Zəfər sevinci elə bir hissdir ki, sosial məsafə, maska, dezinfektan heç kəsin yadına düşmür. O xoşbəxt anlarda adam bütün mənfi şeyləri unudur. Çox yaxşı haldır ki, insanlarımızın bu xoş aurası bu gün də davam edir. Ancaq bu rahatlığın təhlükəli tərəfi də var: məsuliyyət hissimiz azalır və "taclı bəla" öz arealını genişləndirir. Bu gün yenidən birliyə və həmrəyliyə ehtiyacımız var.

***

Sözün düzü, koronaya yoluxmamaq üçün nələrə riayət etməli olduğumuzu hamımız bilirik. Əgər ilin əvvəlində naməlum düşmənə qarşı təşviş içərisində mübarizə aparırdıqsa, indi bu virus haqqında kifayət qədər məlumatlıyıq. Qoyulan qadağalar kifayət qədər yumşaldılıb. Həyatımızdan bu bəlanın biryolluq çıxıb getməsi üçün özümüzü və ətrafımızı düşünmək, diqqətli və məsuliyyətli olmaqdan başqa yolumuz yoxdur.

***

Bu gün yoluxma riski hər yerdə yüksək olsa da, insanların daha sıx olduğu yerlərdən uzaq gəzmək, bu sıxlığa səbəb olmamaq vacibdir. Düşünürəm ki, insanlarla daha sıx ünsiyyətdən yayınmaq da bu dönəm üçün vacibdir. Maskadan istifadə etməli, gigiyeniya qaydalarına riayət etməliyik. Açıq havada maskadan istifadə etməklə bağlı qoyulan qadağa hamıya qəribə görünsə də, düşünürəm ki, bu məsuliyyət hissini artırmaq, disiplin yaratmaq üçün müəyyən təsirə malik olacaq. Pandemiya ilə mübarizə apardığımız bu dönəmdə hətta absurd görünən qadağalara da riayət etmək, öz davranışımızla ətrafımıza yaxşı nümunə göstərmək məcburiyyətindəyik.

***

Əzizlərimizin həyatını qorumaq, təhsil sistemimizin və həyatın digər sahələrinin normala dönməsi üçün bu qeyri-müəyyənliklərlə dolu günlərdə daha həssas, daha məsuliyyətli olmalıyıq. Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Hər birimizdən tələb olunan sadəcə məsuliyyətli və diqqətli olmaqdır. Bunu bacarsaq, minlərlə insanın xilaskarı olmaq şansımız var. Bu gün özünü və ətafını qoruyan hər bir insan qəhrəmandır və hamımızın qəhrəman olmaq imkanı var. Gələcəyimiz və sağlamlığımız üçün bu qəhrəmanlığı etməliyik. Bizim yenədə birliyə, bütövlüyə, həmrəyliyə ehtiyacımız var. Yaxın tarix sübut etdi ki, biz həqiqətən birlikdə güclüyük. Bu gücümüzü gözgörünməz düşmənə də göstərməyin vaxtıdır.

65
Teqlər:
korona virusu, Koronavirus, epidemiya, COVID-19
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

0
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

0
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə