Qaranlıqdda insan silueti

Yüz il əvvəl verilmiş 5 proqnoz

450
(Yenilənib 11:03 13.06.2016)
Onun dediyindən belə çıxır ki, bu şeylər hələ çoxdan olmalıymış. Lakin bəzi obyektiv və subyektiv amillər prosesin önünə keçib. Amma elə ki, fürsət düşüb...

BAKI, 13 iyun — Sputnik. "Dünyada hər nə ki olur, olacaq. Və hər şey ki, gərək olsun, elə heylə də olasıdır. Və o şey ki, gərək olaydı, gərək elə də olsun və olan şey olasıdır. Olmayan şey də olmayacaq və ola da bilməz. Və bir şey ki, ola bilməz, o, heç vaxt olmayacaq".

Əslində, "Ac həriflər"in Dərvişinin bu hikmətli kəlamlarının arxasında çox ciddi mesajlar dayanır. Təxminən bir əsr əvvəl cərəyan edən hadisələri əks etdirən teletamaşada Dərvişin verdiyi proqnozlar bu günün reallıqları ilə xeyli dərəcədə uzlaşır. Belə ki:

1) Dünyada hər nə ki olur, olacaq — devalvasiya. Ha Elman Rüstəmov desin ki, olmayacaq…

2) Və hər şey ki, gərək olsun, elə heylə də olasıdır — "Eurovision", "Youthvision", "Türkvision", "Müsəlmanvision", "İlkvision", "Formulavision" və sair. Bunların olmasına qərar verilibsə, mütləq olasıdır…

3) Və o şey ki, gərək olaydı, gərək elə də olsun və olan şey olasıdır — təhsilimizin anasının ağlaması. Dərvişin dediyindən belə çıxır ki, bu şey çoxdan olmalıydı. Sadəcə sovet dövründə, nə də olmasa da, kitaba sədaqət, elmə rəğbət, müəllimə itaət, kadr seçiminə diqqət və millətin arzularına hörmət vardı deyə, çox barmaq edə bilmirdik. Bu günə şükür…

4) Olmayan şey də olmayacaq və ola da bilməz — vətəndaşa sevgi. Ölkəmizdə doğulan uşağa görə, ödənilən birdəfəlik müavinətin məbləği 95 manat (bunun da yarısı "sənədləşmə"yə sərf olunur), doğulan hər buzova görə isə, sahibinə 100 manat ödənilir. Yaxud Hollandiyada doğulan uşağa 18 yaşadək ödənilən aylıq müavinətin məbləği 300 manat, bizdə isə 3 yaşadək uşağa qulluğa görə aylıq müavinətin məbləği 25-40 manat təşkil edir…

5) Və bir şey ki, ola bilməz, o, heç vaxt olmayacaq — Bakı bakılıların, Şəki şəkililərin, Sabirabad sabirabadlıların, Tovuz tovuzluların və sair. Niyə? Niyə-sini soruşmazlar. Axı olacağa və olmayacağa çarə yoxdur…

P.S

"Bakıda yaşayan, yaxud işləyən bütün avtomobil istifadəçilərinin şəhərdə hərəkəti, Formula 1 Avropa Qran Prisi çərçivəsində keçirilən yarışların növbəti mərhələsi başa çatana qədər məhdudlaşdırılacaq. Belə ki, həmin müddətdə mərkəzi yollarda hərəkət etmək istəyən şəxsi avtomobillər üçün xüsusi buraxılış tələb ediləcək".

Bu barədə ötən həftə "Baku Grand Prix" şirkətinin milli mətbuat katibi Nigar Arpadarai açıqlama verib. "Hətta buraxılış olduğu halda belə, sürücülər bu qapalı ərazidə gecə saat 24-dən səhər saat 6-ya qədər hərəkət edə bilərlər. Çünki qalan vaxt oradan şosse kimi istifadə ediləcək", — deyə Arpadarai bildirib.

Dahası da var: "Dənizkənarı bulvara isə təkcə avtomobil istismarçıları deyil, heç piyadalar da buraxılmayacaq. Formula 1-in keçiriləcəyi əraziyə düşdüyü üçün, bulvar 5 gün ərzində bakılılar üçün bağlı olacaq. İyunun 15-dən 20-nə qədər bura ancaq Formula 1-ə bileti olan şəxslər gələ bilərlər. Bulvarda yalnız bilet sahibi olan şəxslər əylənə bilərlər".

Formula 1-in biletlərinin qiymətləri isə fərqlidir. Tribunanın yerləşmə yerinə görə 190 manatdan 500 manata qədərdir.

Belə… Məlumat üçün deyək ki, iyunun 14-dən 21-dək paytaxtda nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Formula 1-in keçiriləcəyi ərazilər 3 sahəyə ayrılıb: 1 №-li sahə — "İçərişəhər" tarix-memarlıq qoruğunun ərazisini, 2 №-li sahə — Azadlıq meydanı və ona bitişən küçələri, 3 №-li sahə isə — BMT-nin 50 illiyi küçəsini əhatə edəcək.

450
Teqlər:
"Türkvision", "Youthvision", dərviş, çarə, olacaq, "Ac həriflər", "Eurovision", dünya, proqnoz
Əlaqədar
Allah kəssin belə çörəyi
Heyif deyil bizim millət?!
Göz yaşı görməyən məzar daşları
Sənin oğlun Murovdağda nə gəzirdi ki...
Siz kimə xidmət edirsiniz, sevgili MX-lar?
Qarabağ Azərbaycandır! yazısı

Nostalgiyanın sonu: Biz qayıdırıq

98
(Yenilənib 12:11 22.01.2021)
Vətən müharibəmiz başlamadan Qarabağ hamımız üçün əlçatmaz, nolstalgiya hissi yaradan uzaq İtaka adası kimi idi...

Vətən müharibəmiz başlamadan Qarabağ hamımız üçün əlçatmaz, nolstalgiya hissi yaradan uzaq İtaka adası kimi idi...

Savaş başladı.

Yaşadığımız rahat həyatın, komfortun unutdurmadığı o dağlar, o kəndlər, o buz bulaqlar, o şəhərlər üçün göz qırpmadan silahlanıb yola düşdük.

Bu savaşda nə qədər itkilər versək də, bizi gözləyən yurd yerləri üçün səfərbər olduğumuzu unutmadıq.

Xalq olaraq birləşdik, bütövləşdik və yumruq olmağı bacardıq.а

Bu savaş haqq savaşı, bu xeyirin şərlə savaşı idi və bizi həsrətində olduğumuz, nostalgiya hissi ilə xatırladığımız uzaq İtakamıza – Qarabağımıza aparırdı..

Biz Odissey kimi inadkardıq...

***

Savaş bitdi.

Döyüşdük, qanımızla, canımızla, malımızla bu savaşdan xalq olaraq böyük üstünlüklə, zəfərlə çıxdıq.

Vətəninin gələcəyini düşünən hər kəsin narahat, nigaran olduğu məqamlar var, zamanla bu narahatlıqlar da bitəcək.

Azərbaycanlılar Qarabağa dönəcək.

İllərdir boğazımızda düyümlənən vətən nisgili, yurd-yuva həsrəti sona çatacaq.0+.3

İllərdir baş tutmayan dönüşün kədərini yaşayanlar, yəni nostalgiya yaşayanların arzusu gerçəkləşəcək.

***

Sözlərin gücünə, sözlərin ovsununa inanıram.

Məhz illərdir yaşadığımız bu kədərin ən yaxşı ifadəsini yunanlar yüz illər öncə tapıblar.

Nostalgiya iki mənada (qədim yunanca nostos ¬– vətənə qayıtmaq və "alqos"– ağrı) — vətən və doğma ev üçün kədərlənmək mənasında və "keçmiş üçün kədər" anlamında da işlədilir.

Qarabağa duyduğumuz nostalgiya hər iki mənanını ehtiva edir.

Biz həm vətənimiz, doğma evimiz, həm də keçmişimiz üçün kədərlənirdik. Məğlubiyyətin, şərə qarşı mübarizə itirdiklərimizin acısı canımızdan çıxmırdı.

Qarabağın işğaldan azad edilən ərazilərində çəkilmiş videoları, fotoları görəndə keçirdiyimiz o qəribə hissin məhz nostalgiya olduğunu anladım...

***

Nostalgiya semantik olaraq vətənə dönüşün mümkünsüzlüyünün səbəb olduğu hüznü ifadə edən bir kəlmədir; doğulub-böyüdüyü yerə qovuşmaq həsrəti, qürbət acısını bir kəliməylə açır.

Nostalgiya sözünün yaranışı Homerin "Odisseya"sı ilə bağlıdır. On il Troya müharibəsində iştirak edən Odissey, döyüşlərdə belə vətənə qayıtmaq arzusundaydı. O Doğulduğu İtaka adasına qayıtmaq həsrəti ilə yaşasa da, Tanrıların intiriqası onu üç il də vətəndən ayırdı. Sonra onu əsir alan və aşiq olan Kalipsonun qadağası onu yeddi il İtakadan uzaq saldı...

Nostalgiyadan əziyyət çəkən ilk əzabkeş Odissey Kalipsonun yanında nə qədər məmnun olsa da deyirdi: "...hər gün etdiyim yeganə dua ora(İtaka) dönmək, günəşin doğuşunu evimdə görməkdir!" (Homer, "Odisseya", Beşinci nəğmə)

***

30 ilə yaxındır bizim hamımızın içində Odissey nisgili vardı.

Homerin qəhrəmanı Odissey öz doğma adasına qayıdanda öncə dağlara boylandı, sonra iyirmi il əvvəlki halında qaldığına əmin olmaq üçün yaşıl zeytun ağacını tumarladı...

Doğulduğu yerlər işğaldan azad olunduqdan sonra, vətəninə, dağılmış, talan olunmuş evinə qayıtmış hərbçilərin sosial şəbəkələrdə yayımlanan videolarını yada salın.

Bizim Odisseylərimiz öz İtakasına – Qarabağına eyni həssaslıqla qayıdırdı...

Bizim həsrətin ömrü, Odisseyin həsrətindən daha uzun olduğu üçün, bəlkə də vüsalımız daha şirin və unudulmaz olacaq.

Odissey öz doğma İtakasına qayıdaraq nostalgiyadan qurtuldu.

Bizim Qarabağa dönüşümüz də, bizim nostalgiyamızın sonudur.

Vətənə qayıdışımız mübarək!

98
20 Yanvar faciəsinin ildönümü

20 Yanvar faciəsi - ağlamaqmı lazım, yaratmaqmı?

27
(Yenilənib 11:26 20.01.2021)
Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm.

BAKI, 20 yanvar — Sputnik. 1990-cı ilin Qanlı Yanvarından 31 il ötür... Həmin ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 23:30-da keçmiş Sovet İttifaqının silahlı qoşunları Bakı şəhərində dinc əhalinin üzərinə hücum çəkir, bu qırğında onlarla insan həyatını itirir, yaralanır, itkin düşür. Üzərindən tam 31 il keçən bu faciənin tariximizdəki ibrət əhəmiyyəti nədir? Mədəniyyətimiz - ədəbiyyatımız və incəsənətimiz bu tarixi faciədən nələr yarada bilib?

Təəssüf ki, Azərbaycan mədəniyyəti bu tarixi faciəsinə, təkcə “Ağla, qərənfil, ağla” deyə bilib. Bir də ki insafən, mahir tar ifaçıları hər ilin yanvar ayının 20-də yaxşı “Zəminxarə” çala bilirlər. Başqa heç nə...

Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm. Çünki bu mövzuda yaradılmış bütün sənət nümunələri ilə tanışam və onlar sənətsəl keyfiyyətləri baxımından Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirindən daha böyük deyillər. Heç tarzənlərin “Zəminxarə”si qədər səmimi də olmağı bacarmadılar.

Etiraf edək ki, Qanlı Yanvar haqqında yaradılan sənət nümunələrinin əksəriyyəti vətənpərvər mövzulu müsabiqələrdə mükafat qazana bilmək üçün yaradıldı. Nəticədə, mədəniyyətimizin rəflərində bu mövzuda xeyli sayda nümunələr olmasına rəğmən, onların heç birini dünyaya təqdim edə bilmədik. Çünki onlar dünyaya təqdim olunacaq qədər səmimi və keyfiyyətli deyildilər. Bu, açıq həqiqətdir. Heç kəs inciməsin.

“Madam ki, heç kəs yaza bilmədi, sən yazaydın” deyənlərin mühakimələrini eşidirəm. Fəqət, nəzərinizə çatdırmalıyam ki, mən bu qanlı gecədən 3 il sonra dünyaya gəlmişəm və həmin gecədən 17 il sonra bədii yaradıcılığa başlamışam. Yəni, bu mövzuda sənət nümunəsi yaratmağın mühakiməsi, hətta 1980-ci ildən də əvvəl doğulanlar arasında aparılmalıdır.

Öz yaşıdlarıma və məndən sonrakılara isə bir dostyana tövsiyə verə bilərəm ki, əgər bu mövzuda nəsə yaratmaq istəyirlərsə, Bəxtiyar Vahabzadənin “Ölümü kamına çəkdi şəhidlər”ini, ya da Məmməd Aslanın “Ağla, qərənfil, ağla”sını parodiya etməsinlər. Onlar həmin gecənin isti ağrıları ilə yazılmışdı və yalnız ahu-zar edə bilmişdilər. Problem onda idi ki, bu qədər sənətkarın içindən çıxıb o gecənin həqiqətlərini, insanların gerçək iztirablarını, ağrılarını, rejimin ədalətsizliyini və vəhşiliyini olduğu kimi təsvir edə bilən, onu bədii çalarla zənginləşdirib əsl sənət nümunəsi kimi dünyaya təqdim edə bilən bir nəfər də olmadı. Niyə olmadı? Çünki onların böyük əksəriyyəti həmin rejimin köləsi olmuşdular və həmin rejimin alçaqlığına bəşəri etiraz etmək üçün üzləri yox idi.

Bu səbəblə, bundan sonrakıların  içində kimsə “Qanlı Yanvar” həqiqətlərini soyuq başla və üstün istedadla sənət nümunəsinə çevirmək istəsə, bunun üçün hələ də əlçatımlı olan mənbələr var. Bəzənmiş-düzənmiş üzgün duyğu çələnglərinə aldanmayıb, gerçək ağrıları tapa bilən və təsvir edə bilən sənətkar bu dəhşətli gecə haqqında böyük sənət nümunəsi yarada bilər. Bu, həm mədəniyyətin tarixi mirasına, həm də o gecə haqqında ən tutarlı mənbəyə çevrilər.

27
Qida festivalı, arxiv şəkli

Azərbaycanda qastronomiya turizmi çiçəklənəcək: Konsepsiyada nələr var?

0
(Yenilənib 16:37 22.01.2021)
Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

BAKI, 22 yanvar — Sputnik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə qastronomiya turizminin inkişafı üçün "Milli dadlar" konsepsiyasının hazırlanması işinə start verilib. Sputnik Azərbaycan-a Agentlikdən verilən məlumata görə, layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, tarixi milli mətbəx nümunələrinə, onların hazırlanma və təqdim edilmə ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək verməkdir.

Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün "millidadlar.az" onlayn portalını təqdim edir.

Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin, qastronomiya ənənələrimizin qorunub saxlanılması və beynəlxalq tanıdılması işinə dəstək olmağa çağırır.

Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda "Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

Layihə çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının dərin etnoqrafik köklərə malik olması nəzərə alınaraq Bakı-Abşeron, Quba-Qusar, Şəki-Zaqatala, Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax, Qarabağ, Dağlıq Şirvan, Kəlbəcər-Laçın və Aran bölgələrindən olan milli mətbəxə məxsus müxtəlif nümunələr haqqında məlumatlar toplanılıb. Elmi materiallardan və birbaşa yerli əhalidən əldə olunan informasiyalar əsasında Azərbaycan üzrə 900 ədəd nümunə pasportun işlənib hazırlanması nəzərdə tutulur.

Nümunə pasportda qida və inqrediyentin tərkib hissələri və görünüşü kimi məlumatlarla yanaşı, onun mədəni, tarixi, müalicəvi əhəmiyyəti və turizm marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi nəzərdə tutulub.

0