Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Arxiv

Bu savaşdan kim qazandı?

406
(Yenilənib 12:19 06.04.2016)
Azər RƏŞİDOĞLU
Azərbaycan gücünü nümayiş etdirdi və danışıqlara hazır olduğunu açıqladı. Bu dəfə atəşkəs 20 ildən daha qısa, hətta olduqca qısa müddəti əhatə edə bilər.

BAKI, 5 apr — Sputnik. Qarabağda yenidən savaş başladı və yenidən atəşkəs elan olundu. Əslində, artıq savaş və atəşkəs şərti anlayışdır. Hazırkı şərtlərlə savaş hər an yenidən alovlana bilər.

Belə ki, yaxın illər ərzində Qarabağ danışıqlarında hansısa uğura imza atılacağı ehtimal olunan məsələlər sırasında deyil və status-kvonun saxlanılması savaşa yol açır. Gedişat onu deməyə əsas verir ki, yaxın illər ərzində Qarabağ danışıqları "ölü nöqtə"dən çıxmayacaq. Hətta ATƏT-in Minsk Qrupu həmsədrləri də anlayır ki, münaqişənin həlli imkanları artıq tükənib və bu barədə daha açıq, daha sərt və diplomatiyanın imkan verdiyi qədər daha səmimi danışmağa başlanılmışdı.

Əlbəttə ki, həmsədrlərin pessimist bəyanatları yalnız ümidsüzlüyün doğurduğu hisslər deyildi. Burada onların təmsil etdikləri ölkələrin maraq və mənafeləri durur. Həmsədr ölkələrin bölgədəki maraqları isə onu deməyə əsas verir ki, onların heç də hamısı Qarabağ probleminin tezliklə çözülməsində maraqlı deyil.

Məsələn, hazırda Rusiya işğal altında olan Dağlıq Qarabağa və Ermənistana nəzarəti tam həyata keçirir və belə status-kvo Moskvaya sərf edir. Bölgədə münaqişələrin mövcudluğu Rusiyanın Cənubi Qafqaza təsirini saxlayır. Odur ki, Kreml status-kvonu dəyişmək istəmir.

Fransa həmişə olduğu kimi, yenə də ənənəvi ermənipərəst mövqeyini nümayiş etdirir və bu münasibətin yaxın zamanlarda dəyişə biləcəyi inandırıcı deyildi.

ABŞ problemi qısa bir zamanda çözmək və nəzərdə tutduğu enerji layihələrini həyata keçirmək istəyir. Bu baxımdan, ABŞ Azərbaycanı istənilən alçaldıcı sülhə vadar etməkdən çəkinməyəcəkdi. Vaşinqton üçün bu problemin həlli vacibdir, kimin haqlı, kimin haqsız olması onun üçün maraqlı deyil.

Göründüyü kimi, vasitəçilərin mövqeyi ilə Azərbaycanın mövqeyi üst-üstə düşmür və bu, danışıqlar prosesinə mənfi təsir göstərirdi. Belə olan halda daha bir variant üzərində "baş sındırmağa" dəyər. Rəsmi Bakı Xankəndi ilə və yaxud vasitəçilər olmadan İrəvanla danışıqlar prosesinə qoşula bilərmi və bu nə dərəcədə effektli ola bilər?

İlk növbədə vasitəçilər olmadan aparıla biləcək Bakı — İrəvan danışıqlarına diqqət yetirək. Bəllidir ki, uğursuzluğu başqalarının çiyninə yükləmək cavabdehlikdən daha asandır. İndi diplomatiyanın üzləşdiyi hər bir uğursuzluğu Minsk Qrupunun üzərinə yıxmaq mümkündür. Tərəflər birbaşa danışıqlara üstünlük versələr, o zaman yeni "qurbanlıq keçi" tapmaq lazım olacaq və yenidən ermənilər azərbaycanlıları, azərbaycanlılar isə erməniləri ittiham edəcəklər. Göründüyü kimi, savaş qaçılmaz idi.

Daha bir vacib detala da diqqət yetirək. "Yeni Qarabağ savaşı"nda yuxarıda da qeyd etdiyimiz kimi, dünya gücləri maraqlı deyil. Bu gün dünya güclərinə münaqişənin dondurulması gərəkdir, deməli, münaqişənin dondurulmuş vəziyyətdə qalmaq ehtimalı hələ də az deyil. Bu baxımdan, cəbhə xəttində atəşkəsin elan edilməsinin pərdəarxası anlaşılandır.

Düzdür, elan edilən atəşkəs olduqca kövrəkdir və yeni savaşın başlanılması ehtimalı hələ də qalmaqdadır. İstənilən halda, son savaş ilə Azərbaycanın mövqeyi güclənib və növbəti mərhələdə "nə baş verəcək?" sualı aktualdır. İndiki mərhələdə Bakı və Xankəndi arasında mümkün dialoq perspektivi müzakirə edilir. Azərbaycan hakimiyyətinin nümayəndələri öz vətəndaşları olan erməni sakinlərlə danışıqlara başlaya bilərlər. Son hərbi əməliyyatlar da sübuta yetirdi ki, savaş nə Qarabağ ermənilərinə, nə də ki Ermənistana sərf etmir.

Unutmaq olmaz ki, Azərbaycan istər əhali sayına görə, istər büdcəsinə görə, istərsə də əsgər sayına görə Ermənistandan xeyli qabaqdadır. Hərbi silahlarına görə də Azərbaycan Ermənistandan xeyli irəlidə durur. Hələlik tərəflər arasında lokal savaş baş verdi. Hərbi əməliyyatlar sübuta yetirdi ki, əgər Azərbaycan irimiqyaslı — işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən hərbi əməliyyatlara başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq.

Lakin son hərbi əməliyyatlara verilən reaksiyalar da sübuta yetirir ki, uzunmüddətli savaş perspektivi böyük deyil. Yeni, daha irimiqyaslı savaş başlayarsa, bu zaman supergüclər işə qarışmalı olacaq. Onların mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşəcəyini təxmin etmək elə də asan deyil. Deməli, tərəflər yenidən danışıqlara vadar edilə bilər və danışıqlar yenilənmiş Madrid prinsipləri üzərində davam etdirilə bilər. Bəs bu sənəd özündə nəyi ehtiva edir?

Azərbaycan və Ermənistan hökumətlərinə təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi sənəddə qeyd edilir. Lakin sülhməramlıların tərkibində hansı ölkənin təmsil olunacağı məsələsi razılaşdırıla bilmir. Ən əsası isə sənəddə nəzərdə tutulan Ermənistan və Dağlıq Qarabağ silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması, Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla, deportasiya olunmuş əhalinin qayıtması və Dağlıq Qarabağın yekun statusunun sonda səsvermə ilə müəyyənləşdirilməsi; buna qədər müvəqqəti statusun təyin edilməsi yenilənmiş Madrid prinsiplərinin əsas müddəalarındandır.

Yalnız bundan sonra bütün nəqliyyat və ticarət yollarının açılması, bütövlükdə sənəd üzrə konsensus alınmayanda razılaşdırılması mümkün olanı razılaşdırmaq və mübahisəli bəndləri dəqiqliklə göstərmək nəzərdən keçirilir. Uzun illər tərəflər bu prinsipləri razılaşdıra bilmədilər və nəticədə Bakı öz ərazi bütövlüyünü qorumaq istiqamətində real addımlar atmağa başlaldı.

Lakin istənilən savaş danışıqlar yolu ilə başa çatır. Danışıqlar isə səmərəsiz olanda savaş baltaları havaya qalxır. Odur ki, ən optimal yol birbaşa danışıqlara başlamaqdır. Azərbaycan gücünü nümayiş etdirdi və danışıqlara hazır olduğunu açıqladı. Bu dəfə atəşkəs 20 ildən daha qısa, hətta olduqca qısa müddəti əhatə edə bilər…

406
Teqlər:
Qarabağ danışıqları, savaş, müharibə, atəşkəs, həmsədrlər, cəbhə
Əlaqədar
Həmsədrlər aprelin 9-da Ermənistanda olacaqlar
Tərtər növbəti dəfə düşmən atəşinə məruz qalıb
Azərbaycan prezidenti yaralı hərbçiləri ziyarət edib
Deputat şəhidin yas mərasimində iştirak edib
Azərbaycan və İran XİN başçıları cəbhədəki son hadisələri müzakirə ediblər
Veteran döyüşçülər silaha sarılmaq istəyirlər