Adamlar

Heyif deyil bizim millət?!

309
(Yenilənib 12:21 06.04.2016)
Sən-mən ölüm qalıb, haqq-salam qalıb... Çörək kəsdiyimiz adama qarşı nakişilik etmərik biz! Amma onlarda... Elə bil robotdular köpəyuşağı, nə and-aman qanırlar, nə yalvar-yaxar.

BAKI, 4 apr — Sputnik. "Latviyada kiçik qəsəbədə yaşayırdım. Dolanışıq ucbatından, oralara gedib çıxmışdım — evlərin təmiri ilə məşğul idim. Orada qalma iznimin müddəti bitsə də, küçə-bayırda çox görünmədiyim üçün, ələ keçmirdim. Bir qonşur vardı — Ştrautman. Dostlaşmışdıq, aramız əla idi, özü də yeyib-içən kişi idi. Hər axşam ya onlarda, ya da mən qaldığım evdə boğazımızı yaşlayırdıq", —deyir, məni Avtoğavzaldan evə gətirən taksi sürücüsü.

56-57 yaşlarındakı Murad kişi, içini boşaltdığı siqaret qutusunu avtomobilin pəncərəsindən küçəyə tolavazladıqdan sonra söhbətinə davam edir: "Bir gün yenə yeyib-içdiyimiz vaxt Latviyada qalma iznimin bitdiyini, gizli həyat sürdüyümü Ştrautmana dedim. Əlindəki qədəhi yerə qoyub, heyrətlə üzümə baxdı, sonra başını aşağı salıb dodaqaltı nəsə donquldandı. Və səhəri gün sübh tezdən qapım döyüldü. Qapını açdım, qarşımda Ştrautman və arxasında 2 polis. "Şələ-pələni topla, deportasiya olunursan" dedilər. Başa düşdüm ki, əziz qonşum, çörək kəsdiyim adam məni satıb. Əlini çiynimə vurub, "Mənim ölkəmin qanunları dostumdan da üstündür, ailəmdən də" deyə qımışdı. Mən də "Utan, yerə gir, dostunu satdığın üçün" dedim".

Sürücü bunları danışa-danışa, tez-tez pəncərəni aşağı salıb, boğazındakı hayxırığı küçəyə boşaldırdı. Kişini satılmaq, həm də yaxın bildiyi adam tərəfindən satılmaq və "xırdaca" məsələyə görə, babat pul qazandığı ölkədən qovulmaq yaman əsəbləşdirmişdi: "Heyif deyil bizim millət?! Sən-mən ölüm qalıb, haqq-salam qalıb… Çörək kəsdiyimiz adama qarşı nakişilik etmərik biz! Amma onlarda… Elə bil robotdurlar köpəyuşağı, nə and-aman qanırlar, nə yalvar-yaxar. Həmin polislərə bir saat minnət elədim ki, 3 balam var, onlar üçün 5-10 manat çörəkpulu qazanmalıyam, xeyri olmadı".

Murad dayının, deyəsən qulağı zəif eşidirdi. Yolboyu, sol hərəkət xəttindən qəfildən sağa keçərkən, yaxud "bez pavarotnik" sağa-sola şütüyərkən, şənimizə ucalan alqış siqnallarına zərrə qədər əhəmiyyət vermirdi.

Nəhayət, gəlib çatdıq binamızın qabağına. Kişi maşını birtəhər blokun qarşısına park etdikdən sonra, mən yük yerindəki əşyalarımı boşaltmağa başladım. İki bağlamanı liftin qarşısına qoyub, digərləri üçün qayıtdığım vaxt, "şappp" deyə bir səs və məni gətirən taksi sürücüsünün "sənin ölünə lənət!" qışqırığını eşitdim.

Avtomobilin qabaq parpresi və Murad kişinin üst-başı sap-sarı idi. Yuxarı mərtəbələrin birindən "bayram hədiyyəsi" göndərmişdilər. Həm də kəsə yolla — balkondan üzü aşağı. Bir xörək qazanı qədər olan sovqatın içərisində zəfəranlı düyü qalıqlarından tutmuş, aşqaraya, sür-sümüyə, cəmi bir neçə dəfə istifadə olunmuş salfet topasına, hətta dibi tam sıyrılmamış plastik şirniyyat qabına qədər — nə istəsən, vardı.

Sürücü "gül ağzını" açıb ürəyindəkiləri göyə boşalda-boşalda, gözü ilə mərtəbələri nə qədər axtarsa da, nə bir açıq pəncərə tapdı, nə də eyvandan boylanan bir baş. Təbii ki, bu əməlin sahibi hər kimdisə, "yaxşılığın gizlisi daha çox savabdır" hədisini əzbər bilirdi və işini gördükdən sonra dərhal aradan çıxmışdı.

Digər çantamı da yük yerindən alıb, bloka girdim. Fikrim sonuncu yükü də liftin qarşısına qoyub qayıtmaq və gediş haqqımı ödəmək idi. Elə bu an "Üstüm batdı-batdı, maşınım batdı, "xotyabı" pulum batmasın, pulumu ver, ala!" —deyə kişi arxamdan qışqırdı. Və səbəbini də bu ölkədə heç kimə inanmadığı ilə izah etdi.

Həəə, Murad dayı. Dediyin kimi, heyif deyil bizim millət?!…

309
Teqlər:
millət, mentalitet, taksi, əhali, Latviya, azərbaycanlı
Əlaqədar
Siz kimə xidmət edirsiniz, sevgili MX-lar?
Bu da son: məbədə girdilər
Allah kəssin belə çörəyi
Yazı yazan kişi, arxiv şəkli

Rafiq Tağı 70: Unudulmaz dost, böyük yazıçı, şəfqətli həkim

1185
Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Burada da qəribə bir simvolika var.

Bu il avqust ayının 5-i tanınmış yazıçı, ədəbiyyatımızın görkəmli və sevilən nümayəndəsi, bıçaqlanaraq qətlə yetirilən Rafiq Tağının 70 yaşı tamam olur.

Yaşasaydı onun üçün təbdəbəli yubiley tədbiri keçirilməyəcəkdi.

Çox güman ki, hər hansı təltif, diplom, medal, mükafat da qəbul etməyəcəkdi.

Uzaqbaşı ailəsi, dostları ilə bu günü qeyd edib, üzündə işıqlı, həlim təbəssümlə növbəti yaşıyla vidalaşacaqdı.

Ona görə yox ki, Rafiq Tağı yazıçı olaraq mükafata layiq deyil, sadəcə dəbdəbəni sevməzdi ustad. Yeri gəlmişkən onun şəxsiyyəti bütün mükafatlardan, bütün təltiflərdən üstün idi. Sağlığında hətta "tanınmış yazıçı" ifadəsini belə, qəbul etmirdi – kifayət qədər tanınsa da, sevilsə də....

Təxminən 9 il əvvəl mənimlə söhbətində demişdi: "Azərbaycanda "titul" haçansa baş vermiş yaltaqlığın nişanəsidir. Titulsuzluq bunun əksidir. Saxta ad və san insana ləzzət eləməsin gərək".

O saxta ad-sandan ləzzət almayacaq qədər böyük şəxsiyyət idi!

Rafiq Tağı həyatda mülayim, yazıda sərt, bəzən acımasız bir imza sahibi idi. Yazısında, müsahibəsində bir nöqtənin, bir hərfin, ən sadə bir fikirin davasını aparan adam, çayxana söhbətlərimizdə necə bu qədər mülayim ola bilirdi? Üzündəki həlim və şəfqətli ifadə ğmrümün sonuna qədər məni izləyəcək! Və tam səmimiyyətimlə düşünürəm ki, Rafiq Tağı mənim ilk ən böyük itkim idi...

Rafiq Tağı
© Photo : Azpolitika
Rafiq Tağı

Bu xoşxasiyyət, mehriban, ipək kimi adamın mətnləri od-alov, üsyan, başdan-başa etiraz idi. Yazılarını oxuyanda, onunla üz-üzə oturub söhbət etməyə, polemikaya girməyə çəkinirdin. Ancaq, əslində böyüklə-böyük, uşaqla-uşaq idi. Azacıq ədəbiyyat işığı gördüyü adamla oturub söhbət etməyə, polemikaya girməyə, bildiklərini bölüşməyə üşənməzdi. O qədər canayaxın, mehriban, gülərüz insan idi ki, insan özündən asılı olmadan bütün dərdini-sərini onunla bölüşməyə qeyri-iradi başlayırdı. Qəfil ayılırdın ki, illərin doğması kimi dərdləşirsən, içini açıb-tökürsən...

Bəlkə də onun sevilməsinin, sayğı görməsinin səbəbi bu sadəlövhlüyü, canayaxınlığı və qayğıkeşliyi idi.

Rafiq Tağı yorulmaz maarifçi idi. Hər söhbətində, hər yazısında oxumağın, mütaliənin faydasını xüsusi vurğulayır, bəzən fikirlərini sərt şəkildə ifadə etməkdən də çəkinmirdi.

"Kitabı nə üçün oxuyurlar: estetik baxışları formalaşdırmaq, incələşdirmək və heyvan səviyyəsindən çıxmaq üçün. Kim dediyim səviyyədə qalmaq istəyirsə, oxumasın – məcbur edən yoxdur." – Onun fikirləridir. Bəzən mütaliənin faydasını, oxumağın önəmini bu cür sərt şəkildə ifadə edir, oxumağın xalqın inkişafı üçün önəmini, dəyərini hər zaman xüsusi vurğulayırdı.

Rafiq Tağı imkansız xəstələrinin müalicəsi üçün dərman alan, xəstəsinin evinə əlidolu – bazarlıq edib gedən tək-tük həkimlərimizdən idi. Bəlkə də onun canayaxınlığı və qayğıkeşliyi, şəfqətli davranışları peşəsindən irəli gəlirdi.

Qətlə yetirilməsi, bıçaqlanması qəfil, gözlənilməz olsa da, özü sanki bunu öncədən duymuşdu və başına gələcəkləri yazıçı həssaslığı ilə həsr etmişdi. Onu hər dəfə xatırlayanda gündəliyimə qeyd etdiyim söhbətləri, ondan aldığım müsahibələri yenidən xatırlayıram, təkrar-təkrar oxuyuram. Qətlə yetirilməsindən təxminən on ay öncə aldığım müsahibəsində bir fikir səsləndirib. Və ölümündən keçən doqquz il ərzində mən hər dəfə bu fikiri xatırlayanda dəhşətə gəlirəm: "Başında Allah ideyası olmayan, humanizmdən bixəbər, ideyalar dünyasından yan keçmiş insandan nə desən gözləmək olar. Durduğum yerdə bıçağı qarnıma soxsalar, şəxsən mən təəccüblənmərəm."

Bəli, o sanki cəhalətin bıçaq zərbəsi ilə həyatını itirəcəyini, qətlə yetiriləcəyini, güzəştə getmədiyi bu savaşda şəhid olacağını öncədən duyurdu. Onu məhz "durduğu yerdə", heç bir səbəbsiz, gözlənilmədən qətlə yetirdilər. Ancaq cəhalət əlindəki bıçağı üzbəüz, gözlərinin içinə baxaraq qarnına soxmağa cəsarət etmədi. Rafiq Tağı ilə birlikdə ədəbiyyatımızı da, mədəniyyətimizi də kürəyindən bıçaqladılar...

Onu Allahsızlıda suçlayırdılar, ancaq Rafiq Tağı Allaha bütün dindarlardan bir köynək daha yaxın idi. Özü etiraf edirdi ki; "həyatımı İsa peyğəmbərin əxlaqına uyğun tərzdə qurmağa çalışıram."

Bu gün yana-yana xatırladığım böyük dost, böyük yazıçı, böyük şəxsiyyət Rafiq Tağı cəhalətin qurbanıdır. Onun işığı qarşısında gözü qamaşanlar bu işığı söndürmək üçün ən ləyaqətsiz yolu seçdi. Və biz öz sevimli yazıçımızı, əziz dostumuzu, ağsaqqalımızı qoruya, mühafizə edə bilmədik.

Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Bu məqamı düşünəndə sarsılıram. Burada da qəribə bir simvolika var. Çünki, onun qatili konkret bir adam deyil, cəhalət, savadsızlıq və nadanlıq idi. Və cəhaləti cəzalandırmağın yeganə yolu bu cəmiyyəti, bu toplumu maarifləndirmək, onun işığının, bilgisinin artmağına, çoxlamasına çalışmaqdır. Oxunan hər kitab, yazılan hər cümlə, gələcəyə ümidlə və arzuyla addımlayan hər bir gənc, alıb evimizə apardığımız hər bir kitab, Rafiq Tağının qatilindən aldığımız qisas, cəhalətə meydan oxumağımızsa o qatilə verdiyimiz ən böyük cəzadır.

Sənin ruhun qarşısında baş əyirəm dəyərli ustad, əziz dost...və ümid edirəm ki, hökmən görüşəcəyik!

1185
ABŞ-da epidemioloji vəziyyət

Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift xoşbəxtlik

894
(Yenilənib 20:16 03.08.2020)
Pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

BAKI, 3 avqust — Sputnik. 7x7 həftənin yaddaqalan hadisələrini şərh edir

Pərdə arxasındakı bəla

Əksər ehtimallar “taclı bəla”nın tezliklə həyatımızdan çıxmayacağını deyir. Bəzi qənaətlər isə hətta belədir ki, koronavirus əbədi olaraq bizimlə qalacaq, onun ilin sonunadək yoxa çıxacağına dair proqnozlar nikbin yanaşmanın məhsuludur. Ötən həftə dünyada bu xəstəliyə yoluxanların sayı 18 milyonu ötdü. Rəqəmlər şərtidir, bütün xəstələri qeydə almaq, sadəcə, mümkün deyil. Məlum olmayan təkcə xəstələr, onların sayı deyil. Pandemiyanın hansısa güc mərkəzləri tərəfindən idarə olunduğuna, Yer kürəsində insan sayının kəskin azaldılmasına hesablanmış proqram olduğuna dair mülahizələrin inandırıcılıq gücü də getdikcə daha çox artır. ABŞ dövlət katibi Mayk Pompeonun Ümumdünya Səhiyyə Təşkilatının Çinə satılmasına dair açıqlaması pərdə arxasında nələrinsə baş verməsinin növbəti ifadəsidir.

Alzheymer

Ötən həftə Paşinyan Rusiya kanalına müsahibədə “Qarabağ xalqı”ndan, Ermənistanın “konstruktiv” mövqeyinə qarşı Azərbaycanın “güc tətbiqi”ndən və s. danışıb. Tovuz istiqamətində gözləmədiyi səviyyədə cavab alan Ermənistanın diplomatik müstəvidə də küncə sıxılmasından sonra Nikolun sərsəmləmələri daixili auditoriya qarşısında itirilmiş xalların geri qaytarılmasına hesablanmış cəhdlərdir.

Rusiya televiziyasına müsahibəsində Paşinyanın gileyi də aydın sezilir. KTMT-dən gözlədiyi dəstəyi ala bilməyən baş nazir təbii olaraq məyusdur və Kremli Ankara ilə üz-üzə qoyaraq Türkiyənin münaqişəyə təsirini neytrallaşdırmağa çalışır. Sitat: “Türkiyə və Azərbaycan Minsk qrupunu prosesdən qovmaq istəyir. Rusiya isə susur”.

Rusiyada isə Paşinyanı Sorosun adamı kimi qəbul edirlər. Daxili böhran, diplomatik sahədəki uğursuzluqlar deməyə əsas verir ki, Nikol da tezliklə sələflərinin ardınca gedəcək.

Genetik yaddaş

Okeanın o biri üzündə də erməni lobbisi üçün xoş deyil. ABŞ konqresində Azərbaycan əleyhinə düzəlişə nail ola bilməmələri bir yana, Azərbaycanın torpaqlarının işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqları ilə bağlı düzəlişin konqresə təqdim olunmasının yaratdığı “duş effekti”nin təsiri keçməmiş Los-Anceles polisi erməni lobbisinin yalanını ifşa edib. Ermənilər sosial media platformalarında azərbaycanlıların bu şəhərdə keçirilmiş aksiyalarda silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər.

Nə qədər də gülməli səslənir, deyilmi? ABŞ polisinin bu cür addım atması üçün hansı marağı ola bilər?! Erməni kimliyi, böhtançılıq, dezinformator genetik yaddaşı, deməli, dağları, dərələri, okeanları aşsan da, özünü göstərməlidir.

Azərbaycanlıların Orduya dəstək aksiyası, arxiv şəkli
© Photo : Consulate General of the Republic of Azerbaijan in Los Angeles

İslam kasıblığı

Birləşmiş Ərəb Əmirliklərində ərəb dünyasında ilk atom elektrik stansiyası – “Baraka” işə salınıb. Dünyanın neft ehtiyatlarının 10%-nə sahib olan, ən zəngin ölkələrdən birinə çevrilmiş BƏƏ-nin yalnız indi belə bir stansiyaya sahib olması islam dünyasının elm və texnologiyaya münasibəti, bugünkü dünyanın çağırışlarından nə qədər geri qaldığının göstəricisi sayıla bilər. Bu, hələ islam dünyasının ən qabaqcıl ölkələrindən biridir. Bəli, təəssüflər ki, bu gün dünyanın ən geridə qalmış ölkələri sırasında müsəlmanların yaşadıqları ölkələr üstünlük təşkil edir. Bir zamanlar elmin beşiyi sayılan islam ölkələrinin orta əsrlərdən sonra bu sahədəki tənəzzülü onların qabaqcıq Qərbdən asılılığını şərtləndirib.

Sosial lift

Azərbaycan isə yeni texnologiyaların tətbiqində, eləcə də elm və təhsil sahəsində islam dünyasının aqibəti ilə üzləşmək istəmir. Postneft dövründə bizi yalnız insan kapitalı xilas edəcək. Odur ki, ölkəmizdə təhsilin prioritet istiqamətlərdən biri elan edilməsi təsadüfi deyil. Ötən həftənin ən mühüm hadisələrindən biri yeni təhsil nazirinin təyin olunması idi. Yeni nazir Emin Əmrullayev həftə ərzində ən çox müzakirə olunan sima idi. İnsafən, deyək ki, onun haqqında neqativ fikrə rast gəlmək mümkün deyildi. “Background”u və imici E.Əmrullayevdən gözləntiləri də artırır – hamı onun təhsil sahəsində ciddi nəticələr əldə edəcəyinə inanır.

Və başqa bir məsələ  - E.Əmrullayevin nazir təyin olunması idarəçilikdə sosial liftin işlədiyini də göstərir. Yəni ən yüksək postlara təyin olunmaq üçün “dayday” tələb olunmur, bilik və bacarıqlar, işgüzarlıq və müsbət imic lifti hərəkətə gətirə bilir.

SMM narkotacirlər

Sosial şəbəkələr bu gün biznes sahələrinin inkişafında əhəmiyyətli rol oynayır. Şirvan şəhərində narkotik satıcısı da bu imkanlardan istifadə etmək istəyib.  Ancaq polis gəncə mane olub. Məlum olub ki, təqsirləndirilən şəxs S.Məmmədov müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib, eyni zamanda narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu qeyd edərək ticarəti genişləndirmək istəyib. Amma göründüyü kimi, alınmayıb...

Pul xoşbəxtlikdirmi?

Həftənin daha bir yaddaqalan hadisəsi kriminalla bağlıdır. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı N.Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Z.Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib. Məlumata görə, Z.Şirinovun sinəsinə dəyən bıçaq zərbəsi köynəyin cibindəki pula batdığından dərinə işləməyib və onun həyatını xilas edib. Deməli, pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

894
Əlaqədar
Ağsaqqalın resepti, amerikalının məktubu, kollektiv mübarizə və toylar
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
Yəhudi şagird, ala qarğa, Rəşad Sadıqov və dərə-təpə düz, iki yüz
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır
Hirkan Milli Parkında ayı

Heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalanıb

0
(Yenilənib 23:56 07.08.2020)
R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

BAKI, 8 avqust — Sputnik. İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə xidmətin rəis müavini Ramal Bağırov danışıb.

O bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

0