Qeyd dəftəri, arxiv şəkli

Ey əhali, duyduq-duymadıq deməyin!

2575
Xatırladırsan, haray salırsan, "ey əhali, filankəs öldü" deyirsən. Və əhali də filankəsin, artıq haqqa yürüdüyünü bilir...

BAKI, 26 dek — Sputnik. Bəlkə də doğru deyil bu haqda yazmaq… Amma olsun! "Mən yazmasam, sən yazmasan, o yazmasa… necə çıxar qaranlıqlar aydınlığa?!"

Yazı-pozu fəaliyyətim dövründə Mətbuat Şurasından sonsuz sayda e-mail almışam. Hansısa sağ olmuş elektron poçtumu MŞ-nin siyahısına "tag" edib deyə, ordan göndərilən bütün ölüm xəbərlərinə həmdərd olmuşam.

Nekroloq yazmaq — vacib, əhəmiyyətli, humanist bir şeydir… Lazımdır. Dünyasını dəyişən insanlara (önəmli insanlara) vəfa borcudur. Onların cənazəsini çiyninə almaq kimi, əlinə kürək alıb qəbrini qazmaq kimi, onu torpağa gömmək kimi…

O nekroloqu yaymaq da gözəl əməldir (Altına imza qoymasan belə, altındakılar imza sahibini tanımazdan gələsi deyillər). Xatırladırsan, haray salırsan, "ey əhali, filankəs öldü" deyirsən. Və əhali də filankəsin, artıq haqqa yürüdüyünü bilir.

Amma, məsələn, daha gözəl olmazmı ki, "ey əhali, filankəs var, hələ ölməyib" desək? "Ey əhali, filankəs(lər)ini tanı, sizi siz edən(lər)i tanı, on(lar)a ölmədən öncə dəyər ver" desək, daha yaxşı olmazmı?

Qəbir üstündə ağlamaq sağ əlimizdən gələn işdir. Amma, o qəbirdəkinin qəbrə girmədən gününə ağlasaq, daha doğru olmazmı? Məsələn, bir az qeydinə qalmaq, könlünü xoş etmək, boşuna yaşayıb-yaratmadığını nümayiş etdirmək kimi…

Məsələn, adam(lar) görsə ki, onun fəaliyyəti, şablon nekroloqda bir-iki söz və tarix dəyişdirilməkdən daha önəmlidir, daha ürəklə çalışıb, daha rahat ölməzmi? Bu Vətənə daha faydalı olmaq üçün bir az daha çox yaşamaq istəməzmi?

Bir şairimiz "Sağlığında dəyər verin insanlara" yazmışdı. Bəlkə də özü öz yazdığına əməl etmədiyi üçün, unuduldu bu misraları, özü kimi… Amma doğru yazmışdı! Ölüdən qəhrəman düzəltmək çox rahatdır, çətin olan diri qəhrəmanları öldürməməkdir.

Söhbət, təkcə MŞ-nin nekroloqlarından getmir. İndi Mədəniyyət və Turizm Nazirliyi Ağaxan Abdullayevin, Azərbaycan Yazıçılar Birliyi İlyas Tapdıqın barəsində gözyaşardıcı cümlələr üzərində baş sındırır. Kim daha kövrək, daha ürəkdağlayan yazacaq, kim daha çox ağlayacaq və ağladacaq — budur məsələ. Budur indi onların ən böyük dərdi.

Sabah hansısa akademik dünyasını dəyişəndə, eyni yarışa AMEA-nın ağsaqqal alimləri də girişəcəklər. Təhsil, səhiyyə, idman… sahələrinin qəhrəmanları da onun kimi.

Fikirlərim rabitəsizdir, üzrlü sayın. Çünki diri qəhrəman(lar)ımız qalıbmı — onu düşünürəm. Varmı diri qəhrəmanımız? Ya da boş verək, zatən nekroloqunu oxuyacağıq!

P.S

Dirisini unudub, ölüsünə ağı demək vərdişini indilərdə mənimsəməmişik. Hələ 7-ci əsrdə şair Dəvdək hökmdar Cavanşirlə bağlı nekroloq-fəryad qələmə almışdı:

Mənim Şərq ölkəmi bürüdü kədər,
Yayılsın cahana bu qara xəbər.
Qoy ellər eşitsin səsimi mənim,
Səsimə səs verib ağı desinlər.

İşıqlı dünyada bizə hökmdar,
Əmrinə tabedir dağlar,dalğalar.
Tamam ram etmişdi böyük Cavanşir,
Dünyada nə qədər işğalçı var.

2575
Teqlər:
dünyasını dəyişmək, diri, nekroloq, imza, ölü, ölüm, əhali, həyat
Əlaqədar
Ora sənin arzularının ölkəsidir
Yalan ayaq da tutar, yeriyər də – bu da fakt!
Ərəblərin yolu Bakıdakı bu küçədən düşərsə...
İdeal şəhər tapıldı
Köhnə kişilərin söhbəti
Bakıda tozlu hava

Diqqət: Başınızı qaldırıb Bakı səmasına baxın!

9100
(Yenilənib 15:23 12.05.2019)
Onlar hər yerdə, hər tərəfdədirlər və onlardan qurtuluş yoxdur

BAKI, 13 may — Sputnik. Ən ləzzətlisi bilirsiniz nədir? Gözəl yaz havasını ciyərlərinə çəkib məsti-xumar olmaq üçün avtomobilin pəncərəsini açmısan. Yenicə bir-iki nəfəs çəkib ciyərlərini yaz mehi ilə nəşələndirmisən ki, küləyin qova-qova gətirdiyi bir topa toz çağırılmamış qonaq kimi özünü pəncərədən içəri soxur. Orda da boş durmaz ki... Haralaradək soxulacağını, harada "park edəcəyini" təsəvvür edirsiniz.

Ya da balkon seyrindəsən. Qarşında pürrəngi çay, beynində hər şeyin yaxşı olduğuna, yaxşı olacağına dair romantik fikirlər. Xəyal dünyasındasan. Lakin sən bu təmənnada ikən, zəhərə dönür hər şey – balkondakılar da, beynindəkilər də. Aqlayından ayrılmağın acısını çıxarmağa yer axtaran toz dənəcikləri, Çingiz xanın monqolları kimi bir göz qırpımında çökürlər üzərinə.

Onlar hər yerdə, hər tərəfdədirlər: Parkda körpəsini gəzdirən qadınlar da, küçədə iş-güc arxasınca şütüyən kişilər də, açıq və qapalı məkanlarda alver edən tacirlər də, otağın pəncərəsini azacıq aralı qoyub xəstəsini müayinə edən həkimlər də, müayinə olunan xəstələr də, qaçanlar da, duranlar da... şəhərimizə təşrif buyurmuş turistlər də onların qurbanlarıdır. Onlardan qurtuluş yoxdur!

Bakını bürümüş toz duman
©Karikatura
Bakını bürümüş toz duman

... Ay gözəl insanlar! Bir şəhəri nə qədər rəndələmək olar? Bir şəhərdəki binaları, keçidləri, körpüləri, tunelləri, divarları nə qədər laqundalamaq, qazımaq, sürtmək, ağartmaq və qaraltmaq olar? Eyni prosesləri eyni yerlərdə eyni qaydada dönə-dönə təkrarlamaq hansı arzunun məhsuludur? Axı nə vaxtadək?

Bakı küləklər şəhəridir. Burada yanvarın şaxtasında da külək vıyıldayır, avqustun cırcırında da. Burada gah Xəzri at oynadır, gah Gilavar. Bu, yerləşdiyi coğrafi məkandan dolayı şəhərimizin alnına yazılan taledir. Və kimsə təbii qanunauyğunluğu dəyişdirə bilməz.

Bəs, bunları bilə-bilə yeri-göyü qazıyıb, qalaq-qalaq toz yaratmaq (həm də kimyəvi – zərərli toz), həmin zəhər topalarının şəhərin dörd bir yanına yayıldığını görə-görə, əməlindən bircə addım geri durmamaq hansı xoş niyyətdən xəbər verə bilər, siz Allah?

Bir dönün ətrafınıza baxın. Bu şəhərin ağacları belə, bombozdur, budaqlarından qaramat sallanır. Yerə baxın, dizdən aşağı şalvarınız küçədə qalaqlanmış toz-torpağın içindədir. Başınızı qaldırın, şəhərimizin səmasını seyr edin, görün nələr görəcəksiniz. Görün, mavi səmanın üzü necə bozarıb, qanı necə qaralıb. Görəcəksiniz ki, göyün üzündən üstümüzə zəhrimar tökülür.

Və sonra düşünün. Əgər bizə, özünüzə, şəhərimizə qarşı azacıq rəhminiz yaranarsa, əl saxlayın, üstünüzdəki toz-torpağı çırpın, yuyunun, qəşəng bir pürrəngi çay içə-içə, hər şeyin yaxşı olduğu, yaxşı olacağı barədə xəyallara dalın. Yox əgər rəhm-filan duyğusu gəlib çıxmazsa, o zaman ətrafa, yerə, göyə baxmaqla itirdiyiniz vaxta heyfslənin, o itkini kompensasiya etmək üçün daha əzmlə işinizə davam edin.

"Kolay gəlsin"...?

9100
Teqlər:
səma, yer, balkon, bina, küçə, toz
Əlaqədar
Ölkə ərazisini yenə toz-duman bürüyüb
Paytaxt və yarımadanın havası qatılaşır, toz normanı 4.5 dəfə üstələyir
Bakıda normadan 1.3 dəfə artıq toz var
Toz barədə daha bir xoşagəlməz məlumat gəldi
Paytaxt üçün növbəti toz xəbərdarlığı verildi
Akademik Milli Dram Teatrının ətrafında aparılan abadlıq və yenidənqurma işləri

İyun ayının 2-si çox maraqlı olacaq, çox!

4843
(Yenilənib 17:16 07.05.2019)
Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun

BAKI, 10 may — Sputnik. 30 ilə yaxındır ki, Azərbaycan teatrı tamaşaçı problemi yaşayır. Əlbəttə, bu məsələdə teatr adamlarının da çoxlu günahları var. Bu barədə əvvəlki yazılarımda xeyli qeyd etmişəm deyə, indi təkrarçılıq etmək istəmirəm.

Amma həmişə bir sual məni narahat edir: Teatr adamları öz səhvlərini düzəltsələr, teatra azadlıq verilsə və müstəqil yaradıcılıq eşqi ilə mükəmməl sənət nümunələri ərsəyə gəlsə, o zaman xalq teatra gedərmi?

Məsələ təkcə teatr deyil. Kinoteatrlarda da eyni problem var. Deyəcəksiz ki, kinoteatrlar son zaman kifayət qədər tamaşaçı kütləsi cəlb edib. Biletləri satılır, yerləri dolu olur, seansların sayı artır və s.

Lakin diqqət edilməsi gərəkən nüans budur ki, bu izdahamlar hansı filmlərin nümayişində olur? Yerli və Türkiyənin bayağı komediyalarının, bir də əhəmiyyətsiz kədərə, göz yaşına hesablanmış ailə-məişət və eşq dramlarının nümayişlərindən başqa nədə görmüsüz bu izdihamı? Hansı psixoloji-fəlsəfi filmin nümayişi zamanı zal dolub-daşıb?

Hansısa ciddi sənətkarımızın konserti ildə bir dəfə və bir gün keçirildiyi halda, musiqi və sənət adı ilə ortalığa atılanların ildə beş-altı dəfə, on gün ard-arda konserti olur. Bu kütləvi bayağılaşmanın ciddi faciəvi nəticələri bizi gözləyir.

Elmi tədbirlərə, seminarlara, konfranslara isə Azərbaycanda çox nadir hallarda rast gəlirik. Hərçənd, bu cür tədbirlər çox olmalı, hamısının auditoriyası dolub-daşmalıdır. Populyar və ya yaradıcı elmlə məşğul olan adamlara bu ölkədə heç bir şərait yaradılmır ki, öz biliklərini başqaları ilə paylaşa bilsinlər. Onların sosial şəbəkələrdən və video portallardan başqa heç bir səhnəsi yoxdur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Ölkədəki teatrların, sarayların, konsert zallarının icarə qiyməti fantastik həddədir. Eybi yox, bu mədəni obyektlərin qiyməti hər yerindən durub sənət adı ilə səhnəyə çıxmaq istəyənlər üçün fantastik həddə olsun. Amma ciddi sənətkarlar üçün və elm adamları üçün hətta ödənişsiz olmalıdır. Dövlətin sənət və elm xadimlərinə dəstəyi belə məqamlarda görünməlidir.

Mədəniyyət Nazirliyinin məsul şəxsləri öz çıxışlarında elmə və sənətə, gənclərə dəstəkdən danışırlar. Bir gənc hansısa seminar üçün onlardan məkan istəsə, şəxsi mülklərini satışa çıxarırmış kimi qiymət oxuyurlar.

İndi bu cür çətinliklərin içində, cəmiyyət biganəliyi ilə məsul şəxslərin fürsətdən istifadəsi arasında, öz gücünə, öz hesabına kimlərsə nəsə etməyə çalışır. Hansı ki, bunu edən gənclər gələcək aydın nəsillərin indiki əcdadıdır. O gənclər ki, bu qədər məşəqqətlərə rəğmən, tədbir hazırlayırlar, seminarlar, konfranslar keçirirlər. Maarifçiliklə məşğul olurlar. Azdırlar, amma varlar! Elm və mədəniyyət adına çalışırlar!

İyun ayının 2-si, saat 11:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kainat, Kvant və Beyin" adlı elmi-kütləvi konfrans baş tutacaq. "Elm Azərbaycan" və "Kvant Dünyası" elmi platformalarının təşəbbüsü, Akademik Milli Dram Teatrı, "ORKHANWAY Coaching" və "Astronomy Club"un dəstəyi ilə 550 nəfərlik elmi konfransdır bu. Konfrans zamanı hər kəsi maraqlandıracaq üç əhəmiyyətli mövzu: "Kainat", "Kvant Fizikası" və "Beyin" barədə çıxışlar olacaq.

Konfransda astronom, elmi tədqiqatçı Orxan Əhməd, fizik, elektrik mühəndisi Sadiq Şamilov, araşdırmaçı, neyromarketinq mütəxəssisi, TEDX spikeri Orxan Şahbaz çıxış edəcəklər. Müasir dünyada yaşayan, elmin, texnologiyanın, kainatın, kvant fizikasının və ən əsası beynin məhsullarından faydalanan hər bir fərdin qatılmasının mühüm olduğu tədbirdir.

Elmə, elmi tərəqqiyə dəstək üçün, müasir zamanda müasir məkan kimi uğurlu inkişafa zəmin yaratmaq üçün, hər kəsin ziyalanması üçün atılmış bir addımdır bu konfrans. Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun! Çox olsun ki, hamı aydınlansın! Hamı aydınlansın ki, azad cəmiyyətdə azad fərdlər kimi yaşayaq!

4843
Teqlər:
sənət, tamaşaçı, serial, film, tamaşa, teatr
Əlaqədar
Mütəxəssis: “Teatrın keyfiyyətindən xalqın taleyi asılıdır”
Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı
"ƏSA Teatrı" fəaliyyətini dayandırmaq məcburiyyətindədir
Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın Azərbaycandakı Səfirliyi terror təhlükəsi barədə xəbərdarlıq edib

0
(Yenilənib 22:33 24.10.2020)
Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı Səfirliyi, "Abşeron J.W. Marriott" kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib.

Sputnik Azərbaycan səfirliyin rəsmi saytına istinad edərək xəbər verir ki, ABŞ vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmaları tövsiyə olunur.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

0