Azər Rəşidoğlu, politoloq

Siyasi mübarizə olmayan ölkədə siyasi dialoq iddiası

115
(Yenilənib 23:31 10.03.2016)
İdeologiya ətrafında birləşə bilməyənlər nədə israr edirlər?

Avropadan gələn yüksək qonaqlar Azərbaycan iqtidarına və müxalifətinə danışıqlar masasında əyləşməyi təklif etdilər. Sanki iki düşmən ölkə arasındakı münaqişənin yatırılmasından söhbət gedir. Siyasi sistemin subyektləri öz aralarında razılıq əldə edə bilmirlər. Bundan əziyyət çəkən isə Azərbaycan vətəndaşıdır.

Mövcud problemlər həll edilməlidir. Ona görə yox ki, bunu Qərb tələb edir, ona görə ki, ölkədə düşərgələr arasındakı gərginlik vətəndaşın maraqlarına cavab vermir. Bu isə əsas amildir. Azərbaycanda siyasi düşərgələr arasındakı münasibətlərdə gərginlik fəsadlar törədir. Odur ki, münasibətləri normallaşdırmaq lazım gəlir. Lakin düşərgələr bir-birlərinin mövcudluğunu inkar edirlər. Nə iqtidar müxalifəti bir siyasi qüvvə kimi qəbul edir, nə də ki müxalifət iqtidarın legitimliyini qəbul edir.

Elə bir vəziyyət yaranıb ki, tərəflərdən heç biri status-kvonu dəyişmək istəmir və mövcud durum sanki hər iki tərəfə sərf edir. Əslində, dialoqda düşərgələr maraqlı da deyillər. Bunun istər psixoloji, istərsə də siyasi aspektləri mövcuddur. Bir sözlə, dialoq üçün zəmin hələ mövcud deyil və tərəflərin müzakirə edə biləcəyi konkret predmet yoxdur. Eyni zamanda, dialoqun formatı bəlli deyil. Müzakirələr konkret olaraq kimlər arasında gedəcək və belə bir debat baş tutarsa, bütövlükdə cəmiyyət onu qəbul edə biləcəkmi?

Bu gün dialoqa münasibət bir kompleks və ən əsası debatlara sosial sifariş mövcud deyil. Hakimiyyətdə belə bir fikir formalaşıb ki, dialoqa razılıq versə, opponentləri onun buna vadar olduğunu iddia edə bilər. Bu isə müxalifətin güclənməsi ilə sonuclana bilər və beynəlxalq təzyiqləri daha da artıra bilər. Lakin istənilən halda dialoqun baş tutması üçün ilk addımı iqtidar atmalıdır.

Digər tərəfdən, dialoq məsələsində müxalifətin də məsuliyyəti az deyil. Adətən dialoq ölkədə ictimai-siyasi sabitliyin pozulması, müxalifətin öz tələblərini hakimiyyətə diktə etdirə bilməsi ilə səciyyələnir. Azərbaycanda belə bir vəziyyət hələ müşahidə edilmir. Ölkədə ictimai-siyasi sabitlik tərəfləri təcili danışıqlar aparmağa vadar etmir. Müxalifət iqtidarın siyasətindən narazıdır, lakin bu narazılıq hakimiyyət üçün hələ təhlükə mənbəyinə çevirməyib, odur ki, iqtidar siyasi opponentlərini danışıqlar tərəfi kimi qəbul etmir.

Hüquq müdafiəçilərinin siyasi və vicdan məhbusu kimi dəyərləndirdiyi şəxslərlə bağlı da müzakirə aparmaq mümkün deyil. İqtidar belə bir kateqoriyanın olmadığını bəyan edir. Müxalifət isə sistem islahtlarından danışmır, yalnız ayrı-ayrı problemləri qabardır. İqtidar belə bir problemin mövcudluğunu qəbul etmədiyindən bu məsələni müzakirə etməyə də hazır deyil.

Seçki qanunvericiliyi ilə bağlı müzakirələrə də siyasi düşərgələr fərqli yanaşırlar və odur ki, yaranmış vəziyyətdə tərəflərin mövqelərinin uzlaşdırılması imkansız görünür. Bu gün hər iki düşərgənin eyni mövqedən çıxış edə biləcəyi yeganə məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ola bilərdi. Vaxtilə, beynəlxalq təzyiqlər qarşısında Azərbaycan sülhə vadar ediləndə belə bir müzakirələr aparılmışdı. Lakin bu gün belə bir şərait də yoxdur.
Daha bir əsas məqam ondan ibarətdir ki, ölkədə ideoloji müstəvidə mübarizə getmir. Azərbaycanda olan siyasi partiyalar sağ platformada olduqlarını bəyan edirlər, lakin onların fəaliyyətində solçuluq ideyaları üstünlük təşkil edir. Sağçı və solçu partiyaların məqsəd və məramları kəskin fərqlənir və onların bir yerdə olmaları imkansızdır. Bu baxımdan, siyasi təşkilatlar arasındakı gərginliyin ideoloji bazası yoxdur və qarşıdurmanın səbəbi ölkənin idarə edilməsinə fərqli baxışlardan irəli gəlmir.

Azərbaycan siyasətində liberal, millətçi, sosial-demokrat ayrımı və qarşıdurması müşahidə edilmir. Ölkədə siyasi hikkə əsas hərəkətverici amilə çevrilib. Odur ki, normal siyasi münasibətlərdən danışmaq da yersizdir…

115
Teqlər:
dialoq, iqtidar, müxalifət, siyasət
Əlaqədar
Siyasi partiyaların başı üzərində "qara buludlar"
Demokratiya siyasi istismar vasitəsinə çevrilib
İslamafobiya: siyasi və ideoloji tərəfləri
Parlament seçkilərində 24 siyasi partiyanın təmsilçisi iştirak edir