Yasdakı qadınlar. Arxiv şəkli

Məni ölməyə qoymayın...

8180
(Yenilənib 23:35 10.03.2016)
Və ya mən bir daha yas mərasimlərində iştirak etməyəcəm!

Qucaqlaşdıq. Üzünü köksümə dayayıb hıçqırdı. "Boğuluram, məni burdan çıxart" dedi… "Qadınların fəryadı sümüklərimi üşüdür" dedi dostum. Əlləri ilə, yanaqlarından yaş tökülən üzünü gizlədib, özünü həyətdən bayıra atdı.

Atasının cənazəsini təcili yardım avtomobilindən yenicə düşürmüşdülər. Xəstəxanada keçinmişdi kişi. Böyük dərddir ata itirmək… Heç bir acıya bənzəməz. Heç bir təsəlli ilə ovunmaz. Heç bir zaman yarası qaysaq bağlamaz…

Amma daha ağırı da varmış. Allahın üzünə hayqıracaq və öz ölünə nifrət etdirəcək qədər ağır bir həqiqət, ya da "həqiqət"! O həqiqət idi dostumu atasının cənazəsini ortada qoyub küçəyə qaçıran, boğazında gizlədiyi qəhəri vulkan kimi püskürdən, içindəki "mən"i öldürən…

Qadınların naləsi, saçyoldusu, üz-gözünü cırması elə bir vahiməli mənzərə yaratmışdı ki, oradan bircə nəfərin belə, sağlam ürəklə evinə dönəcəyi sual altına düşürdü. Axirətin varlığına inanan insan belə, bu sözlə təsəvvürə gəlməyəcək qorxunc mənzərə qarşısında titrəyər. Ölməmək üçün içində çırpınar, ya da öləndən sonra başına bu cür həngamələr açılacaq deyə, dizlərinin bağı çözülər.

Əlbəttə! Ölüm bu qədər dəhşətli hadisə deyilsə, bu qadınlar burada niyə dünyanı dağıtsınlar ki?! Bir anlıq tüklərim ürpərdi. Axı bildiyimiz qədər, Allah var, onun axirəti var, həyatın başqa formada davamı var. Ruhun Yaradana qovuşmaq üçün can atdığını, "ölüm" adlı məhfumun libas dəyişmək olduğunu eşitmişik böyüklərdən. Hətta bununla bağlı elmi isbatların olduğu da deyilir…

"Ağlaşmaquranı çağırın!" deyə bir səs ucaldı. "Dünya başımıza yıxılıb, gəlib bizi ağlatsın" deyə hayqırdı bir nəfər. Canıma üşütmə düşdü. Dizlərim əsdi. İçimdəki axirətə inam hissi sivişib aradan çıxmağa başlayırdı artıq. Ölümə nifrət etməyə başlamışdım. Ölməmək üçün əlindən gələni də, gəlməyəni də etmək…

Ortalıqda qaynaşan insanların arasından sıyrılıb küçəyə doğru addımladım. Darvazanın yanında dayanan iki nəfərin qüssəli pıçıltısını qulağım aldı. "Bədbəxt oğlu min ilin ölüsünə qarışdı" deyirdi biri. Digəri də "Torpağın üzü soyuqdur, bu gün-sabah unudulub gedəcək, hər kəs də öz həyatına davam edəcək, ölənə yazıq" deyə köksünü ötürdü.

Yoxa çıxmaq qorxusu… Bütün bədənimi tər basdı. Bu qədər insan eyni düşüncədədirsə, demək ölüm həqiqətən kimsəyə arzulanmayacaq qədər vahim bir prosesdir. Yaşlı-başlı adamlardır, əlbəttə bildikləri var.

Lənət Şeytana! Özümü ovundurmağa çalışdım. Daxilimdəki, öləziməkdə olan iman zərrəciklərinə heyfim gəldi. İllərlə toplanmış inam hisslərinin bir çırpıda silinib atılmaması üçün addımlarımı sürətləndirdim. Uzaq yolu dostuma başsağlığı vermək, acısını paylaşmaq və ölümün bir aləmdən digərinə keçid olduğunu söyləməyə gəlmişdim…

Əstafürullah, yenə ölüm… Yenə ağsaqqal-ağbirçəklərimizin adını qorxu və nifrətlə çəkdikləri amansız kabus! Və ölümün ardınca özünü yetirən vahiməli yas mərasimləri — iniltilər, nəriltilər, qarğışlar, üsyanlar…

Əllərimlə qulaqlarımı qapadım. Lakin geridə buraxdığım fəryadları duymamaq üçün daha 2 ələ ehtiyac hiss etdim. Və bir daha yas mərasimlərində iştirak etməməyə söz verdim…

8180
Teqlər:
fəryad, yas mərasimi, dəfn, ölüm, qadın
Əlaqədar
İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn ediləcək
Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq
MTN Antiterror Mərkəzinini sabiq rəis müavini bu gün dəfn olunacaq
Xalq artisti Masallıda dəfn olunacaq