Fəxri Hacıbəy

Qarabağa terrorçular silahlar necə gəlmişdi?!

836
(Yenilənib 15:14 30.07.2015)
Rusiya niyə bu sivilizasiyaya məxsus və meylli xalqlara gərəkli və cəlbedici olduğunu göstərməlidir.

Fəxri Hacıbəy

2-ci yazı 

əvvəli bu linkdə: http://sputnik.az/blog/20150726/401235186.html

BAKI, 28 iyul — Sputnik. Məsələn, aydınlıq gətirilməlidir ki, Qorbaçov dövru Sovet və postsovet Rusiyasının baş kəndindən verilən əmrlərlə həyata keçirilmiş „Rusiya və rus xalqını ətrafıyla düşmənetmə“ projesi, Rusiya dövlətçiliyi və rus xalqını hələ də unudulmayan və daha neçə onilliklər xatirələrdən silinməyəcək qanlı olayların məsuliyyəti altına sürükləyən planlar harada, kimlər tərəfindən hazırlanmışdı? Bu, Rusiyanın dünənki „müttəfiq qardaşları“na həqiqi münasibəti idimi? Yoxsa hazırda içərisində bulunduğumuz bu qarşılıqlı etimadsızlıq, „qadir sovet xaqlarının“ yaddaşında yaradılmış “böyük qardaşa“ artıq üçüncü onilliyə qədəm qoymuş kin, hələ də davam edən münaqişələr, cavablandırılmamış suallar və bilinc altına soxulmuş „səbəbkar Rusiyadır“ „cavab"ı, cavab budurmu? Bunlar gerçəkdən o zamankı Rusiya siyasəti üçün zərurət idi, yoxsa bu oyunda rus xalqı da ən azı digərləri qədər qurmadır? Rus intelligensiyasının öz tarixindəki bu qədər müəmmaya qaneedici cavabı vardır hər halda..

Məsələn, aydınlıq gətirilməlidir ki, Sovet KQB-sinin burnunun ucundan Qarabağa terrorçular necə cəmləşə və burnunadək silahlana bilmişdi? Münaqişə başlar-başlamaz azərbaycanlılardan hətta ov silahları belə toplandığı halda elə yerli ermənilərə də qənim kəsilmiş bu terrorçular bu qədər silah-sursatı haradan əldə edə bilmişdilər? Qapalı sərhədləri olan Sovet ərazilərinə bu qədər nəzarətsiz silah hansı yollarla, kimlərin himayəsi və gözyumması nəticəsində daxil ola bilmişdi? Bəs dövlətin və onun vətəndaşlarının təhlükəsiziyinə cavabdeh qurumlar hara baxırdılar və ya ümumiyyətlə baxırdılarmı? İndi Qarabağda heykəli ucaldılmış, Avropada bir neçə terror olayında adı keçən, həbsdə yatmış Kaliforniya doğumlu Monte Melkonyan 91-lərin əvvəlində Qarabağda peyda olur. Onun paraşütlə göydən endiyini düşünəcək deyilik və bu mümkün də deyildi. Demək, o, Sovet sərhəddini tam leqal yolla keçib missiyasını həyata keçirmək üçün bölgəyə gəlmişdi. Bəs bu, necə mümkün olmuşdu? 

İkinci dünya müharibəsində qazanılmış qələbədə danılmaz rolu olan Bakının və bakılıların „minnətdarlığı“ 20 Yanvar qırğınları olmalıydı? Bu qaçılmaz, zəruri addım idimi? Yoxsa Sovet xalqlarını bir-biri və əsasən də rus xalqı ilə düşmən etmək Qorbaçov Kremlindən istənilmişdi?! Ki, onillər keçsə də bu xalqlar bir-biriylə yaxınlaşa, dil tapa, bilməsinlər?!  

Rusiya cəmiyyəti Qarabağ olaylarının necə və nədən başladığını və həm də nə üçün başladığının səbəbini indi, 25 illik tarixi kontekstinden baxdıqda anlamamış deyil. Bunun çox sadə bir izahı var: güc, hərbi müdaxilə yoluyla cökdürülməyəni içdən, etnik münaqişələr yaratmaqla zəiflətmək və çöküşünü stimullaşdırmaq. 

Rusiyanın Azərbaycan da daxil olmaqla keçmiş müttəfiqləriylə intelligensiyanın dili ilə aydın və anlaşıqlı şəkildə, həmçinin uyğun sosial təbəqəyə müraciət etməklə, müttəfiqlərinin könlünü almaq ritorikası, böyüklük nümayiş etdirmə tərziylə danışmasına zərurət var. Bu xalqların təkcə siyasi elitasının, cari siyasi rəhbərliyinin razılığını almaq davamlı sağlam münasibət və ittifaq üçün yetərli deyil. Həm də xalqın razılığını almaq, onun anladığı dildə onunla danışmaq və simpatiyasını qazanmaq gərəkdir. Yalniz siyasi rəhbərliyi qismində müəyyən bir ittifaqa alınmış olanlar həmin siyasi tandem, müttəfiq siyasi kurs, onu ayaqda tutan elita ortadan qalxdıqda xalq olaraq yanında olmayacaqlar. Çünki ittifaq qarşılıqlı anlaşmanın doğurduğu nəticə deyil, sərt siyasi ritorikanın yaratdığı zərurət, məcburetmə, seçimsizlik qarşısında buraxılmış yeganə çıxış yoludursa, o, dayanıqlı və etibarlı ola bilməz.   

Rusiya niyə bu sivilizasiyaya məxsus və meylli xalqlara gərəkli və cəlbedici olduğunu göstərməlidir. Və təbii ki, həm də cəlbədici olmaq, əskidən qalma soruları cavablamaq, aydınlaşdırılmamış qaranlıq səhifələr buraxmamaqla…

ardı var

836