Fəxri Hacıbəy

Rusiya tarixi müəmmalara aydınlıq gətirməlidir

529
(Yenilənib 13:51 26.07.2015)
Rusiya açarla düyünə salınmış Qarabağ kilidini azərbaycanlıların üzünə açmalıdır.

Fəxri Hacıbəy

1-ci yazı 

BAKI, 26 iyul — Sputnik. Axır ki, çoxdan gözlənilən baş verdi. Rusiya Azərbaycan auditoriyasıyla mətbuat diliylə, informasiya siyasətinin gücünü qullanmaqla danışmağa qərar verdi. Bir az gec olsa da, bu bəlkə də yeganə „daldan atılan daş“dır ki, topuğa tuşlanmayıb. Topuğa deyil hədəfə dəyəcəyini isə zaman və ortaya çıxacaq nəticə göstərəcək. 

İndi üzü doxsanlardan bu yana alternativsiz olan burjua mətbuatının yazmadığı, yazılmasını istəmədiyi mətləblər barədə yazmaq, nə və nədən baş verdiyinə aydınlıq gətirmək üçün uyğun platforma var. Bundan maksimum yaralanmağa çalışacağıq.

Rusiya illərdir aydınlıq gətirilmədən, üst-üstə əsasən də onun çiyinləri üzərində qalaqlanmış qaranlıq məsələlərə izahat vərməli, „nə edib və niyə edib“, „nəyi etməyib onun adından edilib“ və „nəyi də qətiyyən etməyib“ə mətbu dillə, informasiya və deməli, həm də hesabat vərərək aydınlıq gətirməli, ətrafı, yaxınlarıyla anlaşıqlı dillə danışmalıdır. İlk öncə isə bu uyğun, uzlaşdırıcı dil tapılmalıdir. Uyğun dil dedikdə tək ünsiyyət vasitəsi nəzərdə tutulmur, bu tərz həm də syasi-diplomatik ritorikada da uyğun və anlaşıqlı olmalıdır. 

Rusiyanin bu qədər həssas yanaşdığı „velikiy i moquçiy“ dilin daşıdığı informatik güc təkcə hərbi-siyasi əmrlər ücün deyil, həm də dilplomatik ünsiyyət üçün yararlıdır. Təbii ki, o dildə danışarkən nəzakətli və izahedici ton seçilərsə. Rusiyanın indi buna bəlkə də hec vaxt olmadığı qədər ehtiyacı var. Yoxsa indi təklənərək, etdiyinə də, etmədiyinə də cavabdeh kimi sıxışdırıldığı künc də ona dar edilə bilər.  

Rusiyanin hərbi-siyasi doktrinası Böyük Pyotrdan bu yana belə formalaşıb ki, Qafqaz, Xəzərətrafı vilayətlər, Xəzərin o neft qoxulu havası onun ücün bir xəstəyə dəniz havası qədər zəruridir. Gərək ki, Pyotrun belə bir deyimi də olmalıdır: Rusya xəstədir, ona dəniz havası lazımdır.

Qafqazın açar ölkəsi isə Azərbaycandır. Azərbaycansız Qafqaz Rusiya üçün „za Qafqaziya“dır, Qafqazın Rusiyadan görünməyən, onun üçün əlçatmayan tərəfidir.

„Qafqazarxası“ regionun aparıcı millətiylə Rusiya arasında dağlar varsa o, öz sağlamlığına qovuşa bilməz. Azərbayan ücünsə indi açar rolunu Qarabag oynayır. Neçə illərdir öyrəşdiyimiz məşhur ifadəylə desək, Qarabağın açarı Moskvadadır. İndi Rusiya həmin açarla düyünə salınmış Qarabağ kilidini azərbaycanlıların üzünə açmalıdır ki, Azərbaycanla bərabər azərbaycanlıları da, bütöv Qafqazı da qazana bilsin. Yoxsa bu cür cözülməmiş sorun, həll edilməmiş müşküllə bir xalqı deyil, yalnız onun siyasi isteblişmentini dilə tutmaqla yanında saxlamaq olar ki, o da uzun vədəli olmaz. Ayağının büdrədiyi nəhs günün birində ilk tərk edən zorla, aldadaraq yanında tutdugun olacaq. Və bələcə bu tarix xəmiri hələ cox su aparacaq.

Rusiya Azərbaycanla bağlı hər iki xalqın, ölkənin tarixindəki qaranlıq səhifələrə işıq salmalı, bu aydınlanmanı istəməlidir. Bunun üçün dövriyyəyə həm də və əsasən Rusiya tarixçiləri, politoloq və ictimai xadimləri girməli, arxivlərdən „qardaş sovet xalqlarını“ (bunu dırnaq arasından çıxarıb da yazmaq olardı. Çünki bu qardaşlıq həqiqətən də mövcud idi. Ona inananlar var idi) bir-birinə düşmən edən, Sovet beynəlmiləlçiliyini etnik qarşıdurmalar, separatizm və qırğınlarla əvəzləyən, bu xalqları geri dönüsü olmayan nifaqa, ədavətə sürükləyə kimlər idi, araşdırıb ortaya çıxarılmasını təmin etməlidir. Ki, xalqlar bir-birinə kindən, nifrətdən arına bilsin, xalqların tarixi cavablandırılmamış suallar, müəmmalarla yüklənməsin. Necə ki, bu, Avropada nasizm cinayətlərinə münasibətdə edildi. Suallar cavablandırılmadıqca zamanla müəmmaya çevrilir. Sonra bu müəmmalar üzərində fərqli versiyalar, konspiroloji nəzəriyyələr qurulur. Ətrafında müəmma pərdəsi olan mövzu daha çox manipulyasiyaya məruz qalır. Avropada bir alman-yəhudi ədavətinin davam etməməsi, tarixləşməməsi və bunu hansısa güclərin, nə zamansa manipulyasiya edə bilməsinin qarşısının alınması üçün nasizm cinayətlərinin konkret cavabdehləri müəyyən edilib məhkəmə qarşısına çıxarıldı. Bütöv bir xalqı, onun yaratdığı sivilizasiyanı məsuliyyətdən xilas etməyin ən uyğun yolu budur, soruları cavablandırmaq, cinayətdə adı olanı ədalətə təslim etməklə çoxluğu həmin məsuliyyətdən arındırmaq…

ardı var


529