Pərviz Bağırovun qələbəsi

Azərbaycan boksçuları daha 2 qızıl medal qazanıblar

84
(Yenilənib 20:10 27.06.2015)
Beləliklə, I Avropa Oyunlarında Azərbaycanın qızıl medallarınını sayı 21-ə çatıb.

BAKI, 27 iyun — Sputnik. Bu gün Azərbaycan idmançıları Birinci Avropa Oyunlarında ölkəmizə daha 2 qızıl medal qazandırıblar. 

Milli komandamızın aktivinə 20-ci qızıl medalı boks yarışlarında 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov yazdırıb. Gənclər arasında Avropa çempionu olan Pərviz Bağırov rusiyalı Aleksandr Besputini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medalları Ukrayna idmançısı Yaroslav Samofalov və britaniyalı Yoş Kelli qazanıblar.

Bağırov birinci Avropa Oyunlarında qələbəyə gedən yolda bütün rəqiblərini 3:0 hesabı ilə məğlub edib. O, müvafiq olaraq Vasili Belousu (Moldova), Abas Baraounu (Almaniya) və Yoş Kellini (Böyük Britaniya) mübarizədən kənarlaşdırıb.

İdman karyerasına 2007-ci ildə başlayan Pərviz Bağırov ilk böyük uğurunu 2011-ci ildə əldə edib. O, Dublində keçirilən gənclər arşında Avropa çempionatının qalibi olub. İdmançımızın ən böyük arzusu Olimpiya Oyunlarının çempionu olmaqdır.

“Neftçi” klubunun üzvü olan Bağırovun məşqçisi Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovdur.

Digər boksçumuz Abdulqadir Abdullayevsə Birinci Avropa Oyunlarında Azərbaycanın 21-ci qızıl medalını rəsmiləşdirib.

91 kiloqram çəki dərəcəsində final görüşündə azərbaycanlı Abdulqadir Abdullayevin rəqibi ukraynalı Gevorq Manukyan zədə səbəbindən rinqə çıxmayacaq. Belə olan halda qızıl medal birbaşa olaraq Azərbaycan idmançısının aktivinə yazılıb.

Bu çəki dərəcəsində bürünc medalları rusiyalı Sadam Maqomedov və xorvatiyalı Yosip Bepo Filip əldə ediblər.

84
Bakı 2015 könüllüləri

Azərbaycan tarixinin ən böyük tədbirinin könüllülərini təltif etdilər

47
(Yenilənib 23:33 01.07.2015)
Təqdim olunan sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün könüllülərə BEGOC adından minnətdarlıq olunub.

BAKI, 1 iyul — Sputnik. Bu gün Bakı Biznes Mərkəzində Birinci Avropa Oyunlarında könüllü olmuş gənclərin təltif olunması mərasimi keçirilib.

Tədbirdə 10 mindən artıq könüllü iştirak edib. Gənclərə Bakı-2015-in Mərasimlər direktoru Katerine Uqvu və Mərasimlərin icraçı prodüsseri Skott Qivens-in imzası ilə "Təşəkkür sertifikatı" təqdim edilib. Sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün onlara BEGOC adından minnətdarlıq olunub.

Bundan əlavə, könüllülərə "Park Cinema"ya bilet verilib.

47
Bakı Fəvvarələr meydanı

İyunda 30 minədək əcnəbi ölkəmizdə olub

47
(Yenilənib 15:08 01.07.2015)
Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.

BAKI, 1 iyul — Sputnik. Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər. 

Bu barədə Sputnik-ə məlumat XİN mətbuat xidmətindən verilib.

Məlumatda bildirlir ki, Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncamının tələblərinə əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.

Beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir ki, Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.

Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.

47
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Nizami Gəncəvi ilə Yunus Əmrənin ruhlarını birləşdirdilər

0
(Yenilənib 23:34 22.04.2021)
Qardaş ölkələr arasında mədəni körpülərin davam etdirilməsi üçün hər iki ölkənin tanınmış şairinin ortaq əsərləri əsasında ssenari yazılaraq, fərqli kompozisiya təqdim edilib.

Şahpəri Abbadova, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə "Nizami İli" elan edilib. Qardaş Türkiyədə isə bu il böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700-cü ildönümü qeyd edilir. Qardaş ölkələr arasında mədəni körpülərin davam etdirilməsi üçün hər iki ölkənin tanınmış şairinin ortaq əsərləri əsasında ssenari yazılaraq, fərqli kompozisiya təqdim edilib. Bu kompozisiya əsasında Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Nizami hikmətlərindən və Yunus Əmrədən olan seçmələri səsləndiriblər. Türkiyədə tanınan rəssam, kurator Günay Zebic (Mehdizadə) və Yunus Əmrə İnstitutunun hazırladığı təqdimat-tamaşanın məşqi Beynəlxalq Muğam Mərkəzinin səhnəsində nümayiş olunub. İki hissədən ibarət tamaşanın birincisi Yunus Əmrəyə, ikincisi Nizamiyə həsr olunub.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən layihənin rəhbəri, tamaşanın ssenari müəllifi Günay Zebic Yunus Əmrə İnstitutu ilə birgə hər iki dahinin əlamətdar ildönümlərinə töhfə olaraq belə bir layihəni hazırlamaq qərarına gəldiyini bildirib:

"İstər döyüş meydanında, istər iqtisadi sahədə, istərsə də mədəniyyət aləmində qardaş ölkə Türkiyə ilə Azərbaycan öz həmrəyliyini, möhkəm şəkildə bağlı olduqlarını dünyaya bir daha sübut etdi. Biz də mədəni əlaqələrin daha da möhkəmləndirilməsi və mədəniyyət körpüsünün daha sağlam tellərlə bağlanması üçün hər iki ölkənin dəyərli sənətkarlarını bir araya gətirdik. Fərqli kompozisiya şəklində onu nümayiş etdirməyə çalışdıq. Düşündük ki, bunu tamaşa şəklində hazırlayıb, təqdim etsək, daha çox kütləyə çatmış olar. Bunu şagirdlərlə etməkdə məqsəd isə məhz onların təqdimatında məktəblilərə, şagirdlərə və gənclərə hər iki ölkənin dahi şairini tanıtmaq, əsərləri ilə tanış etmək onların mədəni irsimizdəki rolunu göstərməkdən ibarətdir. Çünki yetişən gənclik bizim dövlətimizin gələcək qurucularıdır. İlkin təməl bu işdə əsas rol oynayır. Bunun üçün maarifləndirməyə məhz onlardan başlamağı uyğun bildik".

© Photo : Courtesy of Lala Azeri
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Zebicin sözlərinə görə, tamaşalarda hər iki dahinin yaradıcılığına toxunulub: "Nizami Gəncəvinin "Xəmsə"si, Yunus Əmrənin "Divan"ı və şeirlərindən istifadə etdik. Tamaşanın aktyor heyəti İncəsənət Gimnaziyasının şagirdləridir. Bu qrupla artıq beş ildir ki, çalışıram. Kollektivlə Türkiyə və Azərbaycanın qardaşlığına həsr olunan layihələr həyata keçirmişik. Bunlardan 2017-ci ildə Bursa şəhərində "Qardaş məktəb", "Azərbaycan Cümhuriyyətinin 100 illiyi və Qafqaz İslam ordusunun Bakıya gəlişi", 2019 Türkiyənin Kayseri şəhərində "Nəsimi 650" teatrı ilə Beynəlxalq XIV teatr festivalında iştirak etmişik. Bundan başqa 2020-ci ildə Qobu 3 parkında Xarı Bülbül İncəsənət mərkəzində COVID-19 "Biz Birlikdə Güclüyük" tablomun açılışı və "Xarı Bülbül" kiçik tamaşasını uğurla nümayiş etdirdik. Bir rəssam kimi mənə tablolarda gördüyüm kompozisiyaları səhnələşdirmək, onları ssenari şəklində yazmaq və səhnə geyimlərini yaratmaq böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Nizami Gəncəvisi və Türkiyənin Yunus Əmrə kimi böyük şairlərinin şeir və poemalarını canlandırmaq mənə qürür hissi verir. İndi iş prosesimizin demək olar ki, yarısından çoxunu bitirmişik. May ayının əvvəllərində tamaşaçılara bu layihəni televiziya vasitəsi ilə təqdim edəcəyik".

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç qeyd edib ki, Türkiyənin böyük şairi Yunus Əmrənin nüfuz, təsir sahəsi o qədər geniş və dərindir ki, onu Anadoluya sığdırmaq mümkün deyil: "Böyük ruhların fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Niyə Yunus Əmrə səkkiz yüz ildən sonra da xatırlanır və dildən dilə ötürülür? Yunus Əmrəni böyük bir sənətkar edən və onu universal bir dilə gətirən əsas səbəb, dünyanı eyni anda anlamaq və şərh etmək bacarığı idi. Böyük ruhların ən fərqli xüsusiyyətləri, yaşadıqları dövrü və mühiti aşaraq universal bir dil yarada bilmələridir. Onun Türkiyədə çox sevilməsi, ayrıca hər dövrün özündə əks etdirməsi və davamlı istinad edilməsi sənətkarın dərinliyinin, böyüklüyünün göstəricidir. Hacı Bektaşi Vəli, Mövlana, Yunus Əmrə kimi türk dərvişləri, Asiya içindən gələrək Anadoluda tarixin ən əzəmətli təşkilatın quruluşunu imzaladılar, Türkiyə də qurulan belə bir universal dövlətdir".

© Photo : Courtesy of Lala Azeri
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində tamaşa

Səlçuk Karakılıç Yunus Əmrənin Anadolunun həqiqi memarlarından biri olduğunu, böyük sənətkarların dar mühitin deyil, daha geniş bir dünyanı izah etməyə çalışanlardan olduğunu bildirib: "Yunus Əmrə Türkiyədə olduğu kimi, Azərbaycanda da diqqətlə oxunur, haqqında araşdırmalar edilir. Bu il Yunus Əmrənin vəfatının 700-cü il dönümüdür, böyük şairimizi Azərbaycanda daha geniş kütlələrə izah etmək məqsədilə bir tamaşa ərsəyə gətirdik. "Yetmiş iki millətə bir gözlə baxmaq" Ümumdünya bəşəri dəyərlər prinsipi üzərində qurulmuş fəlsəfəsi ilə bütün bəşəriyyətlə danışan Yunus Əmrənin və Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin xatirəsini anmağın uyğun olduğuna qərar verdik. Günay Zebiçin hazırladığı mövzunu əhatə edən tamaşanın bu günlərdə gənc nəsil üçün daha faydalı olacağını düşünürəm. Şübhəsiz ki, həm Yunus Əmrə, həm də Nizami Gəncəvi Türk dünyasının ortaq dəyərləridir. Bizim vəzifəmiz Yunus Əmrə və Nizami Gəncəvi kimi dövrünün böyük sənətkarlarını dəqiq təsvir etmək və onları yaşatmaqdır".

Qeyd edək ki, sözügedən layihənin nəinki Azərbaycanda, eyni zamanda Türkiyədə və Xorvatiyada festivallarda iştirakı da gözlənilir.

0