Kəlbəcər dəhlizi, arxiv şəkli

Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub

17185
(Yenilənib 19:18 15.07.2021)
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

BAKI, 15 iyul — Sputnik. İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Şuşa ətrafındakı mövqelərimiz yenə atəşə tutulub, cavab atəşi açılıb - MN

15.07.2021

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

14.07.2021

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

10.07.2021

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

07.07.2021

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qarabağda insident

Qeyd edək ki, ötən gün, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Yerevanın iddiasına Müdafiə Nazirliyindən cavab

Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Bu barədə iyunun 6-da saat 15:00 radələrində Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilmişdi.

"Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinin nümayəndəsi, polkovnik Samvel Asatryan bildirmişdi ki, Geğarkunikdə guya Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atışma olub. Nəticədə Ermənistan tərəfindən bir əsgər, Azərbaycan tərəfindən isə iki əsgər yaralanıb.

İyunun 24-də saat 14:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, ən son iyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulmuşdu.

Sərhəddə gərginlik

Xatırladaq ki, müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər alırıq. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib. Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub.

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub.

İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun:

*Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

17185
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0
 Azərbaycan Respublikasının Baş Prokurorluğu

Prokurorluq atılan yenidoğulmuşla bağlı araşdırma apardı - Nəticələr var

5
Ana ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 29 iyul — Sputnik. Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.  

Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Qeyd edək ki, bir neçə gün öncə kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpənin tapılması ilə bağlı məlumat paylaşılmışdı.

Xatırladaq ki, bu ay ərzində bir neçə belə hal aşkarlanıb. Belə ki, bundan öncə Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Həmçinin oxuyun:

Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar

Yeni doğulan körpələrinizi mütləq eşitmə testindən keçirin, sonra gec ola bilər

Rusiyada yeni doğulanların sayı 25% azalıb

5