Səbinə Əliyeva

Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatlara çağırış edib

9
(Yenilənib 16:28 09.05.2021)
Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis edib.

BAKI, 9 may - Sputnik. Azərbaycan Ombudsmanı Səbinə Əliyeva BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” qətnaməsinin icrasına dəstəklə bağlı bəyanat verib.

Sputnik Azərbaycan bəyanatın mətnini təqdim edir:

"Hər il 9 may tarixi İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə günü kimi qeyd olunur. Əslində bu İkinci Dünya Müharibəsindən, nasizm, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla əlaqəli dözümsüzlükdən əziyyət çəkən hər kəsin qələbəsidir.

Buna baxmayaraq, təəssüf ki, bu gün dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir. Ermənistanın paytaxtında Qaregin Njde ləqəbi ilə Alman faşistlərinə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Harutyunyana abidə ucaldılması da buna bir misaldır. Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası da üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njde kimi birmənalı qəbul olunmayan millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb.

BMT-nin Baş Assambleyası “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” adlı qətnamə qəbul edib. Qətnamədə Baş Assambleya nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada tərənnüm edilməsi, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin təbliği məqsədilə kütləvi nümayişlər keçirilməsi, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş həmin şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan edilməsinə cəhd olunması yolu ilə təbliği və adlarının küçələrə verilərək ucaldılmasından dərin narahatlığını ifadə edib.

Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis edib.

Yuxarıda qeyd olunan qətnamədən görünür ki, BMT nasizmin təbliğ edilməsi, irqçiliyin yeni formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyü artırmaqla cəmiyyətə mənfi təsir göstərə biləcək abidələrin ucaldılmasından ciddi narahatlığını bildirir. Ermənistanın paytaxtı Yerevanda Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi nümunəsində də dünya ictimaiyyəti məhz buna şahidlik edir.

Ermənistan siyasi rəhbərliyi tərəfindən erməni cəmiyyətində nasizmin yüksək səviyyədə təbliğindən narahatlığımızı bir daha ifadə edərək, bütün beynəlxalq insan hüquqları təşkilatlarını insanlığa qarşı yönəlmiş bu cür fəaliyyətlərin dayandırılması üçün zəruri addımlar atmağa çağırırıq".

9
Pomidor satışı, arxiv şəkli

"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə

574
(Yenilənib 22:17 30.07.2021)
AQTA mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 %-ni təşkil edir.

30.06.2021

Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Sputnik Azərbaycan-ın "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Açıqlamada aşağıdakı sahibkarlıq subyektləri sadalanır:

Əliyev Xaqani Taleh – Tovuz rayonu

Cəfərov Vaqif Yusif – Şəmkir rayonu

Hüseynova Gülqız Ağahəsən – Bakı şəhəri Xətai rayonu

Musayeva Şəhla Qəzənfər – Şəmkir rayonu

Əkbərov Mətləb Fərayıl – Şəmkir rayonu

"Rus Aqro Alliance" MMC – Bakı şəhəri Nərimanov rayonu

Dəmirov Anar Yaşar – Tovuz rayonu

Əsgərov İlham Möhsun – Şəmkir rayonu

İslamov Musa İbiş – Bakı şəhəri Suraxanı rayonu

"Xəzər-R.R.R" MMC – Şəmkir rayonu

Mustafayev Niyaməddin Rüstəm – Şəmkir rayonu.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Oktyabrdan vəziyyət dəyişəcək

1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.

Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdılar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Həmçinin oxuyun:

574
Рабочее место депутата парламента Азербайджана

Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

921
(Yenilənib 19:46 30.07.2021)
Avqustun 3-də keçilməsi nəzərdə tutulur İclasda deputat Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq.

BAKI, 30 iyul - Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün deputatlardan imza toplanılmasına başlanılıb. Bu barədə məlumatı Sputnik Azərbaycan-a deputatlar bildiriblər.

Artıq Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı da açıqlanıb. Sessiyanın ilk iclasının avqustun 3-də keçilməsi nəzərdə tutulur.

İclasda deputat Eldəniz Səlimovun məsələsinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Polisi döyən deputatın məsələsi 

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.

Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.

Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz.

İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Həmçinin oxuyun:

* "Statusuna yaraşmayan hərəkətdir": Eldəniz Səlimov deputat mandatından məhrum edilə bilər?

 

921
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib

0
(Yenilənib 00:09 31.07.2021)
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru və bir sıra bölmələrə baş redaktorlar təyin edilib.

BAKI, 30 iyun - Sputnik. Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.

Teleradio şirkətindən AZƏRTAC-a bildiriblər ki, Məmmədov Orxan Elşən oğlu Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Əliyeva Nigar Əli qızı telekanalın “İctimai siyasi verilişlər” bölməsinin baş redaktoru, Musazadə Elmira İlqar qızı “Müəllif verilişləri” bölməsinin baş redaktoru, Rzayev Sənan Məhəmməd oğlu redaktor-baş siyasi icmalçı, Lavrina Anastasiya Vitalyevna beynəlxalq münasibətlər üzrə ekspert – aparıcı, Cəbrayılov Həbib Mikayıl oğlu isə “Xarici dilli yayım” departamentinin baş rejissoru vəzifələrinə təyin ediliblər.

Telekanal barədə

CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalıdır.

Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə edib.

9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verib. Yayım Azərbaycan dilində həyata keçirilib. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başlayıb.

2020-ci ilin dekabrında Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda keçirilən iclasında “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

CBC özü haqqında

CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

0