Dağ yəhudiləri məyusdurlar: İkinci ildir Pesaxı sinaqoqda qeyd edə bilmirlər

2469
(Yenilənib 01:13 04.04.2021)
"Pesaxda süfrələrdə mütləq acı otlar, yumurta və şərablar olur. Bu səkkiz gün ərzində bizim süfrəmizdə balığa və şirniyyatlara rast gəlmək qeyri-mümkündür" - Qırmızı Qəsəbənin icra nümayəndəsi.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Azərbaycanda yaşayan azsaylı xalqlar öz adət-ənənələrini yaşatmaqda davam edirlər. Tolerant və multikultural dəyərlərin üstün olduğu ölkəmizdə həmin xalqlar öz milli bayramlarını yüksək səviyyədə qeyd edirlər. Qubanın "Qırmızı qəsəbə" adlanan ərazisində yerləşən dağ yəhudiləri bu günlərdə öz millli bayramları olan "Pesax"ı nı qeyd edir. Dağ yəhudilərinin dini görüşlərində yəhudi bayramlarının qeyd olunması xüsusi əhəmiyyət kəsb edir.

Pesax bayramının tarixi isə çox qədimlərə gedir. Bu bayram Musa peyğəmbərin adı ilə bağlıdır. Rəvayətə görə, müqəddəs Tuva vadisində Musa peyğəmbərlə Allahın söhbəti baş tutur.

Burada Allah Musaya buyurur:

"Ey Musa, mən sənin rəbbinəm və səni peyğəmbər seçdim. Mənə ibadət et və məni anlamaq üçün namaz qıl! Qardaşın Harun ilə birgə Fironun yanına get və ondan Allahın adına İsrail xalqını sərbəst buraxmasını və onlara əziyyət verməməsini söylə".

Musa peyğəmbər qardaşı ilə birgə Fironun yanına gedir və Allahın ona dediklərini deyir. Firon isə heç bir sözə məhəl qoymayaraq yəhudilərin Misir ərazisindən çıxmasına heç vaxt icazə verməyəcəyini bildirir. Ancaq Musa peyğəmbər və qardaşı yəhudi xalqını Misirdən çıxarmaq qərarına gəlirlər. Yollarının uzun, vaxtlarınını isə az olduğunu nəzərə alaraq mayasız çörək, yəni Matsa hazırlayırlar. Məhz Pesax bayramında yəhudi ailələrinin süfrələrini həmin mayasız çörək olan "Matsa" bəzəyir.

Musa peyğəmbər və yəhudi xalqı Misirdən çıxarkən Fironun ordusu onları təqib edir. Yəhudilər biraz getdikdən sonra qarşılarına Qırmızı dəniz çıxır. Peyğəmbərə vəhy gəlir və əsa ilə dənizə vurur. Bu anda dəniz iki yerə ayrılır. Musa peyğəmbər və yəhudi xalqı dənizi keçir, fironun ordusu isə sulara qərq olur.

Beləliklə, Pesax yəhudilərin Misir fironunun əsarətindən azad olması ilə bağlı qeyd olunan bayramdır. Bu bayramı bütün yəhudilər kimi dağ yəhudiləri də səbrsizliklə gözləyir və qeyd edirlər.

Qubada yerləşən dağ yəhudilərinin bu bayramı necə qeyd etdikləri barədə Sputnik Azərbaycan-a Quba RİH-nin Qırmızı Qəsəbənin icra nümayəndəsi Telman Muxailov danışıb.

O, Pesax bayramının martın 27-də başlayıb aprelin 4-də başa çatdığını deyib:

"Bayramın keçirildiyi gün ərzində yalnız Matsa (mayasız çörək) yeməyə icazə verilir. Matsa ilk öncə yeni qurulmuş təndirdə bişməlidir. Onu hazırlamaq üçün buğdanı yağış suyu dəyməyən xırmandan alıb onu yeni qabda əkirlər. Bayrama 30 gün qalmış sağlam buğdalar seçilib dəyirmanda üyüdülür və yeni təndirdə bişirilir. Mütləq şəkildə Matsa çörəyi təzə bıçaqla kəsilməlidir. Bu da bayramda ən əsas faktor sayılır".

Mixailovun dediyinə görə, bu bayramda köhnə qablar yeniləri ilə əvəzlənir. Bayrama qədər evlər, küçələr yuyulub təmizlənir.

"Pesaxda süfrələrdə mütləq acı otlar, yumurta və şərablar olur. Bu səkkiz gün ərzində bizim süfrəmizdə balığa və şirniyyatlara rast gəlmək qeyri-mümkündür", - həmsöhbətimiz deyib.

O qeyd edib ki, yəhudi ailə başçıları bu müqəddəs günlərdə süfrə başında bayramın tarixi haqqında övladlarına danışır, onlara öz məsləhətlərini verirlər. Daha sonra dualar oxunur və şərablar içilir.

Onu da qeyd edək ki, pandemiya başlayana qədər bayram günlərində yəhudi xalqı sinaqoqa gedər, çoxlu dualar edərdilər. Lakin ikinci ildir ki, insanlar pandemiya səbəbindən dualarını ancaq evdə edir, bir-birləri ilə bayramlaşa bilmirlər.

2469
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportaj beynəlxaq mükafat ala bilər

9
(Yenilənib 18:18 17.04.2021)
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb.

BAKI, 17 aprel - Sputnik. "VICE News" informasiya agentliyinin jurnalisti Hind Həsənin Ermənistan qoşunlarının Bərdə şəhərinə raket zərbəsindən sonra hazırladığı reportaj "The One World Media" beynəlxaq mükafatına namizəd irəli sürülüb.

Trend bu barədə mükafatın rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, "VICE News"un ikinci Qarabağ müharibəsində döyüş bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə edilən raket hücumunun fəsadlarını əks etdirən reportajı "News Award" kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, ötən il müharibə zamanı Ermənistan qoşunları Bərdəyə raket zərbələri endirmişdi. Nəticədə 20-dən çox şəxs həlak olmuş, 70 nəfər yaralanmışdı.

9
Qandal, arxiv şəkli

Keçmiş komitə sədri Nazim İbrahimovun qardaşı həbs olundu

5
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

BAKI, 17 aprel - Sputnik. Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. Sahib İbrahimov bir müddət ATV şirkətinin prezidenti olub. 

5