BAKI, 31 mart - Sputnik. Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən bildirilib ki, iclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.
İclas zamanı ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub.
Ölkədə peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib.
Peyvəndlənmənin əhəmiyyətinə dair maarifləndirmə işinin daha da genişləndirilməsi, peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verilib.
BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.
Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 aprel — Sputnik. Azərbaycanda bu ay uşaqlar arasında təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.
Onun sözlərinə görə, hər il ölkəmizdə uşaqlar arasında immunizasiya tədbirləri həyata keçirilir: “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulur. Hər il bütün Avropa regionunda aprel ayının 26-dan may ayının 2-dək müddətə təmizləyici “İmmunlaşdırma həftəsi”nin aparılması nəzərdə tutulub. Biz də 2007-ci ildən etibarən bu tədbirin aparılmasını həyata keçiririk. Amma gərək müvafiq əmr olsun ki, biz hansı tədbirlərin həyata keçiriləcəyi barədə məlumat verə bilək".
A.Əliyeva bildirib ki, 0-6 yaş arası uşaqlar arasında immunoprofilaktika proqramı əsasında peyvəndlərin aparılması, təmizləyici immunizasiyanın həyata keçirilməsi təmin olunur: "Hazırda vaksinlərlə təminat var. Peyvənddən kənarda qalanlar “İmmunlaşdırma həftəsi”çərçivəsində peyvənd edilirlər. Hər hansı səbəbə görə peyvəndi almayan uşaqlar poliklinikalar tərəfindən vaksin edilmək üçün dəvət edilir. Peyvəndləmə işi təşkil olunur".
BAKI, 11 aprel — Sputnik. Dietoloqlar bahar aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün hansı meyvələri yemək lazım gəldiyini açıqlayıblar.
"Meyvələr bizim qida rasionumuzun əsas tərkib hissəsidir. Onların tərkibində çoxlu sayda mikroelementlər və vitaminlər var. Bu, zəngin lif mənbəyi deməkdir, odur ki, meyvələri həmişə menyumuza daxil etməliyik", – deyə dietoloq Oksana Vıdrya rus mətbuatına müsahibəsində bildirib.
Başqa bir dietoloq Olqa Kuznetsova isə qeyd edib ki, yaz avitaminozu zamanı ən təsirli meyvə armuddur. Çünki onun tərkibində çoxlu miqdarda dəmir var. Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.
Eləcə də, B6, K və C vitaminləri ilə zəngin olan nar da immuniteti dəstəkləyir, mərkəzi sinir sisteminin işini, qanı normallaşdırır.
Banan isə tərkibindəki B6 vitamini, manqan və kalium sayəsində vitamin çatışmazlığından qorunmağa kömək edir.
"Əgər banan yeməklə kökəlməkdən ehtiyat edirsinizsə, müəyyən normanı keçməmək məsləhətdir. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur", – bunu isə dietoloq Tamara Kramçeninova deyib.