Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Su ehtiyatlarımız azalır - Problemdən çıxış yolu tapmasaq...

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidCəbraildə vəziyyət
Cəbraildə vəziyyət - Sputnik Azərbaycan, 1920, 22.02.2021
Abunə olmaq
Azərbaycanda suvarma metodlarını dəyişməyə ciddi ehtiyac var. Suvarma metodları torpaq, kanallarda su itkisinə səbəb olur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Son 7-8 ildə Azərbaycanda, o cümlədən regionda iqlim dəyişmələri nəticəsində su ehtiyatlarımız azalmağa doğru gedir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Şöbə müdiri bunun bir səbəbinin quraqlıq olduğunu bildirsə də, su itkilərinin çoxalmasının, çaylardan götürülən suyun qənaətlə istifadə olunmamasının da su ehtiyatlarının azalmasında böyük təsiri olduğunu söyləyib.

Su kranı - Sputnik Azərbaycan, 1920, 01.02.2021
CƏMİYYƏT
Millət vəkili "su məsələsi" barədə: Qələbəyə kölgə salmağa çalışırlar

Qeyd edək ki, son günlər içməli su mövzusu gündəmdən düşmək bilmir. Hətta suyun qiymətinin artmasının su ehtiyatlarının azalmasına müsbət təsir edəcəyi fikrində olanlar da var.

Sputnik Azərbaycan ölkəmizdə su ehtiyatının azalma səbəblərini, problemdən çıxış yollarını araşdırıb.

Mütəllim Əbdülhəsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizin su ehtiyatlarının azalması son 20 ildir ki, davam edir. Şöbə müdiri deyir ki, bu, əsasən iqlim dəyişmələri, quraqlıq, buxarlanma, çaylarda sulardan qənaət etmədən istifadə və sair amillərlə bağlıdır. Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq ötən il dövlət tərəfindən tədbirlər planı təsdiqlənib: "Tədbirlər Planında su ehtiyatlarının idarəolunması, icazəsiz qoşulmalar, su anbarlarının yaradılması, antropogen təsirlər nəticəsində formalaşan sulardan istifadə, kollektor və drenaj sularından təkrar istifadə öz əksini tapıb. Bu istiqamətdə də tədbirlər davam edir. İlk növbədə hesab edirik ki, çaylarımızda və göllərimizdə olan sulardan qənaətlə istifadə etməliyik. Sudan istifadədə israfçılıq su ehtiyatlarının azalmasına təsir edən əsas amillərdəndir. Su obyektləri qorunmalı, mühafizə olunmalı, hər hansı qanunsuz qoşulma hallarına yol verilməməlidir. Digər amil isə uzaq məsafədən Bakı şəhərinə nəql olunan suların dənizə və ətraf mühitə atılmasıdır. Hesab edirik ki, bu suların təmizlənərək təkrar istifadə olunması priotet məsələdir. Yağış sularından səmərəli istifadə də vacibdir. Mütəxəssislərin qənaətinə görə, yağış suları kanalizasiya xətlərinə düşmədən yağdığı ərazilərdə yığılmalı, yaşıllıqların sulanmasında, küçə və sosial ərazilərin təmizlənməsində, yuyulmasında istifadə edilə bilər. Ona görə də yağış sularının yığılmasının faydası böyükdür. Bu içməli sudan istifadəni azaltmaqla texniki sudan istifadə həcmini artıracaq".

Mütəllim Əbdülhəsənov bildirir ki, ölkə prezidentinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və yenilərinin tikilməsi nəzərə tutulur: "Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyində olan çaylarımız, məsələn, Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Kiçik Qafqazda isə Zəyəmçay su anbarlarının tikilməsi nəzərdə tutulur. Bu su anbarlarının texniki iqtisadi əsaslandırmaları hazırlanır. Bununla bağlı aidiyyəti dövlət qurumları fəaliyyət göstərir. Hesab edirik, yaxın illərdə bu su anbarlarının tikintisinə başlanılacaq".

Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
İQTİSADİYYAT
Suyun qiyməti tikilən binaya görə artırılıb?

Şöbə müdiri bildirir ki, su ehtiyatlarının idarə olunmasında hövzə prinsipi mütləqdir. Amma hövzə prinsipi ilə bağlı qanunvericilik aktları yoxdur: "Biz çaylarımızı hövzə prinsipi ilə idarə etsək, haradasa suyun bol, haradasa az olması ilə rastlaşmayacağıq. Hövzə prinsipinin tətbiqinə nail olsaq, suyun rejimi, bölüşdürülməsi ilə bağlı bir çox məsələlər öz həllini tapa bilər. Hövzə şuralarının yaradılması, hövzə prinsipi ilə idarə olunması, çayların idarəedilmə planlarının hazırlanması dövlət səviyyəsində tətbiq olunması qarşıda duran məqsədlərdəndir. Artıq su ilə bağlı tədbirlər planında Milli Strategiyanın hazırlanması məsələsi qoyulub. Bu il ərzində strategiyanı hökumətə təqdim edəcəyik. Bu sahədə qurumların rəyləri öyrənilir".

Ətraf məsələlər üzrə ekspert, tədqiqatçı Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su ehtiyatlarının azalmasının əsas səbəblərindən biri qlobal iqlim dəyişmələridir. Onu sözlərinə görə, qlobal iqlim dəyişmələri çaylarda, göllərdə və digər su mənbələrində suların azalmasına səbəb olur. Amma ekspert bildirir ki, bu qlobal problem olduğundan, qarşısını milli səviyyədə almaq çətindir. Bununla belə R.Abbasov bildirir ki, su ehtiyatlarının azalmasının qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi vacibdir.

R.Abbasovun sözlərinə görə, ölkəmizdə su ehtiyatlarının azalmasının bir əsas səbəbi əhali sayının artmasıdır: "Bu isə adambaşına su ehtiyatlarının azalmasına səbəb olur. Amma bu gün Azərbaycanda su ehtiyatlarının azalmasında su itkilərinin də payı var. Bu, həm kənd təsərrüfatında, həm də içməli su sektorundadır. Bakıya verilən içməli suyun təxminən 50 faizə qədəri şəbəkədə itir. Bunun qarşısını almaq lazımdır. Ona görə də Azərbaycanda suvarma metodlarını dəyişməyə ciddi ehtiyac var. Suvarma metodları torpaq, kanallarda su itkisinə səbəb olur. Bu gün Azərbaycanda ən çox su itkisi kənd təsərrüfatındadır. Çünki bizdə elə içməli suyun çoxu kənd təsərrüfatında istifadə olunur. Azərbaycanda tətbiq edilən suvarma metodu çox köhnə metoddur. Bu cür suvarma metodu həm torpağı şoranlaşdırır, həm də su itkisinə səbəb olur. Ona görə də suvarma metodu müasirləşdirilməlidir. Düzdür, bu bir qədər xərc aparan məsələdir. Ola bilər ki, dövlət torpaq sahiblərinə bunun üçün dəstək göstərsin. Damcı suvarma üsulu üçün təsərrüfat sahibləri sistem qursun".

Dəniz suyunun duzlaşdırılması kompleksi - Sputnik Azərbaycan, 1920, 06.07.2020
CƏMİYYƏT
Quraqlıq dövrünün xilaskarı: "Bizim Xəzərimiz var, biz susuz qalmarıq..." – REPORTAJ

Müsahibimiz deyir ki, bu gün Bakıya verilən suyun hamısı içməli sudur. Bu isə içməli su ehtiyatının azalmasına səbəb olur: "Bakıətrafında bağlarda, təsərrüfatlarda içməli sudan istifadə edilir. Texniki sudan suvarma məqsədilə istifadə etmək üçün yeni sistemlər yaradılmalıdır. Bu bir qədər çətin olsa da, buna nail olmaq mümkündür. Kollektor drenaj sularını bir yolla suvarmaya yönəltmək olar. Hal-hazırda heç bir texniki su standartı yoxdur. Kürün kənarında, Mingəçevirdə park var, amma sistem imkan vermir ki, həmin park suvarılsın. Baha qiymətə içməli suyu alıb parkları suvarmaq sərfəli deyil".

Ekspert yağış sularından istifadə etməklə də içməli su ehtiyatının azalmasının qarşısını almağın mümkün olduğunu bildirir: "Bakıda yağış sularından istifadə etmək üçün imkanlar var. Paytaxtda il ərzində yağış suları yığılsa, bu Oğuz-Qəbələ su kəmərinin suyuna bərabər olardı. Yağış sularından istifadə üçün isə sistem qurulmalıdır. Amma bu elə də asan məsələ deyil. Bu gün Azərbaycanda yağış suları kanalizasiya sularına qarışır. Bunun üçün yağış sularının idarəetmə sistemi olmalıdır".

Xəbər lenti
0