Tibb maşını, arxiv şəkli

I Qarabağ müharibəsində itkin düşən 7 nəfərin meyidinin qalıqları Azərbaycana verildi

1518
(Yenilənib 14:04 13.02.2021)
Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcəkdir.

BAKI, 13 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Daim beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərini yerinə yetirən Azərbaycan tərəfi bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Cari il fevralın 12-də Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil vermişdir.

Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcəkdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının itkin düşmüş digər vətəndaşlarının sonrakı talelərinə aydınlıq gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlar ilə birgə müvafiq tədbirlər görülür.

1518
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

174
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

174
Bakıda ağac kəsimi, arxiv şəkli

Binəqədidə ağacları kəsən şirkət rəhbəri məhkəməyə verildi

4
(Yenilənib 22:48 02.03.2021)
Meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyənləşib.

BAKI, 2 mart — Sputnik. Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında "Mahal" MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Rəhimov İlqar Vəliyəddin oğlunun "Mahal" MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "Mahal" MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyələşib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib.

4