CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhəmməd peyğəmbərin nəslinın yaşadığı kənd: Orada insanlar kütləvi şəkildə məhv olublar

© Sputnik / Shahperi AbbasovaMahir Qədimli
Mahir Qədimli - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
"Həmin müdhiş dövrlərdə ən çox qırılanlar azyaşlı körpələr idi. Yaşlı insanlar nisbətən tab gətirirdilər, körpələr isə məhv olurdular".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 5 fevral - Sputnik. Mahir Qədimli Şəki rayon Baş Şabalıd kəndində anadan olub. Uzun illər rayonda feldşer kimi çalışan qəhrəmanımız, illərdir ulu babalarının yaşam tarixini, onların keçdiyi həyat yolunu araşdırır. "Eşitdiklərim, bildiklərim, gördüklərim!" başlığı altında silsilə yazılar hazırlayan qəhrəmanımız, bu işə o qədər sidqi-ürəklə bağlanıb ki, onunla danışanda sanki uzun illərin tarixçisi ilə danışırıq kimi gəldi bizə. Yolumuzu övliyaların uyuduğu məkandan - XVII-XVIII əsrə aid olan Hacı Şeyx Əhməd Əfəndi ziyarətgahından saldıq. Müsahibimiz ziyarətgahın tarixindən və burada uyuyan övliyaların keçdiyi həyat yolundan Sputnik Azərbaycan-a danışdı:

"Burada yaşayanlar əslən Məhəmməd peyğəmbərin nəslindəndir. Qəbir daşlarının üzərində yazılıb "Köçəri ərəb qəbiləsi, Fatimeyi Zəhranın və Əlinin nəslindən". Bədəviyi – ələviyi – Hüseyni. Şeyx baba 1896-cı ildə rəhmətə gedib. Özündən əvvəl dəfn olunanların birinin adı Nazlıgül xanım, digəri isə Sadəddindir. Hər ikisinin təxəllüsündə yazır ki, "Bədəviyi – ələviyi – Hüseyni". Bundan başqa Mahmudi təxəllüsü də var. Hacı Şeyx Əhməd Əfəndinin 3 oğlu olub. Məhəmməd, Mustafa, Sadəddin. Hər 3-ü şeyx olub. Məhəmməd hicri təqvimlə 1333-cü ildə (miladi təqvimlə 1914-15-ə düşür) kiçik qardaşına deyib ki, "gedirəm, qayıtmayacam".

Sonra Zaqatala, Balakən bölgəsinə öz atı ilə gedir, oradan Mişleş (Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd) adlı kənddən Dağıstan ərazisinə qalxır. Dağlarda, qayalıqlarda atla gedən zaman atının ayağı sürüşür və həmin yerdən Samur çayına düşür. Çaya düşən Məhəmməd Əhməd oğlu boğularaq dünyasını dəyişir. Bu hadisəni görən bir nəfər çoban babam Molla Mustafanın atası Məhəmmədi Samur çayından çıxardır və o yerdə mahalda dəfn edir.

Molla Mustafa Şeyxzadənin ailə üzvləri – repressiya qurbanları - Sputnik Azərbaycan, 1920, 30.11.2018
Səksən səkkiz il əvvəl baş vermiş üsyan - Azərbaycanın şərəf tarixi

Bu əhvalatdan xəbər tutan qardaşı Sadəddin öz yaxın əshabları ilə o yerə - mahala gedir və böyük qardaşı Məhəmmədi dəfn olunmuş yerdən çıxararaq, xeyirxah insanların köməyi ilə obadan-obaya, mahaldan-mahala endirib, Balakən-Zaqatala ərazisinə çatdırıb, sonra öz doğma kəndi Baş Şabalıda gətirib çıxarırlar. "Məhəmməd Əhməd oğlunun ölümü 1915-1916-cı ilə, Hicri təqvimlə 1333-cü ilə təsadüf edir", - deyə M.Qədimli söhbətinə davam edir:

"Hal-hazırda Şeyxzadə Məhəmməd Əhməd oğlunun qəbri atası Hacı Şeyx Əhməd Ağası oğlunun dəfn olunduğu türbədədir. Həmin türbənin içində birinci atası Hacı Şeyx Əhməd Əfəndinin qəbri, dördüncü isə babam Molla Mutafanın atası Məhəmməd Əhməd oğlunun qəbri var. Ümumiyyətlə, türbədə 5 qəbir var".

Babam Molla Mustafanın (Mustafa Şeyxzadə - 1930-cu ildə başlayan Şəki üsyanının ideoloji-mənəvi rəhbəri) atasının baş daşında belə yazılıb:

"Seyid Məhəmməd Əfəndi Şeyx Hacı". Həmin türbədəki qəbirlərdə yatanlar Məhəmməd peyğəmbərin nəslindəndirlər. Onlar XVII-XVIII əsrdə Azərbaycana üz tutub pənah gətirmiş, İslam dinini daha da genişləndirməyə - yaymağa gəlmiş İslam alimləri, üləmaları olublar".

Sözügedən ziyarətgah kəndin ən ağır və dəhşətli illərinin şahidi olub. Mahir Qədimli hər addımı məzar olan ziyarətgahdakı qəbirlərin tarixindən də danışdı: "Baş Şabalıd kəndi böyük bir kənddir. Bu kənddə mindən çox əhali var. 1930-cu illərdə də əhali çox olub. Lakin 30-cu illərdə bu kənddə qarın yatalağı xəstəliyi (qarın yatalağı - əvvəlcə bağırsağı, sonra isə qara ciyəri, öd kisəsi, dalağı zədələyən bakterial infeksion xəstəlikdir) yayılıb. Həmin illərdə insanların böyük bir qismi bu xəstəlikdən vəfat edib. Yaşlı insanlar deyirlər ki, həmin vaxt kənd camaatı üçün sabun gətirib, kəndin girişindəki çayın kənarında dayanıb insanlara az-az sabun paylayardılar ki, heç olmasa sabunla bakteriyaları məhv edə bilsinlər".

Feldşerin sözlərinə görə, Azərbaycanda həmin dövrlərdə yatalaq xəstəliyindən başqa, qarayara, taun və vəba kimi xəstəliklər də mövcud olub: "Bu xəstəliklərdən nisbətən yüngülü yatalaq olub. Həmin dövrlərin ən dəhşətli xəstəliyi isə qarayara olub. Qarayaradan ölən insanı yandırıb dəfn etməsən, bu xəstəlik yayıla bilərdi. Taun da, vəba da belədir. Yəni, bu xəstəliklərdən ölən insanların cəsədi torpaqda çürüsə də, virus torpaqda yaşayır. Ona görə də bir feldşer kimi insanlara məsləhətim budur ki, qəbiristanlıqlarda, ziyarətgahlarda, insanların kütləvi dəfn olduğu yerlərdə yetişən ağacların meyvəsindən yeməsinlər. Çünki, ola bilər ki, o adam elə bir xəstəlikdən rəhmətə gedib ki, onu məhv edən virus hələ də torpaqda yaşayır və həmin virus insana keçə bilər".

Öz keçmişini unudan xalqın gələcəyi də olmaz - Sputnik Azərbaycan, 1920, 17.12.2018
VİDEO
Öz keçmişini unudan xalqın gələcəyi də olmaz

Qədimli insanları koronavirus (COVID-19) infeksiyasına qarşı da diqqətli olmağa səslədi: "İnsanların əksəriyyəti koronavirusun mövcudluğuna inanmırlar. Amma onlar bilməlidirlər ki, tarixən belə xəstəliklər mövcud olub. İnsanlar kütləvi şəkildə məhv olublar. Həmin dövrdə nə spirt, nə maska, nə də sabun olub. Çox şükür ki, bu gün bu vasitələr var, insanlar bir az diqqətli olsalar, bu xəstəliyə qalib gəlmək olar", - deyə M.Qədimli əlavə etdi.

Qarın yatalağı xəstəliyi azmış kimi, müharibənin başlaması da kənddəki insanların kütləvi məhvinə səbəb oldu:

"Qarın yatalağı xəstəliyindən qurtarar-qurtarmaz II Dünya müharibəsi başladı. Heç şübhəsiz, müharibənin verdiyi fəsadlar bu kənddən də yan keçmədi. Aclıq, səfalətin başladığı dönəmlərdə, insanların böyük bir qismi aclıqdan öldü. Təssəvvür edin, uzun illər xəstəlikdən sonra aclıq illəri başladı. Kənd dağ kəndi olub. Həmin dövrdə də texnika olmayıb ki, kəndli torpağı şumlayıb əkin-səpinlə məşğul olsun".

Həmsöhbətimiz Baş Şabalıd kəndinə 1950-ci illərdə gəlib. Dediyinə görə, o kəndə gələndə 400-ə yaxın adam olub: "Kəndimiz böyük olub. Mindən çox əhalisi olan kənddə 10 ilin içində 600-dən çox insanı məhv olub. Bu, dəhşətdir. Mən 50-ci illərdə gəldim. Mən gələndə əhalinin sayı 400-ə yaxın idi. Artıq xəstəlik və müharibə bitmişdi. Əhalinin sayı bir az artmışdı. Görün indi nə qədər insan ölüb. Yaşlı nəslin nümayəndələri deyirlər ki, həmin dövrlərdə insanları dəfn edib çatdıra bilmirdilər. Həmin müdhiş dövrlərdə ən çox qırılanlar azyaşlı körpələr olub. Yaşlı insanlar nisbətən tab gətirirdilər, körpələr isə məhv olurdular".

Xəbər lenti
0