Şuşa, arxiv şəkli

Şuşada qəzaya düşən hərbçimiz həyatını itirib

42
(Yenilənib 20:53 28.01.2021)
Şuşa istiqamətində avtomobil qəzasında ağır xəsarət alan Azərbaycan ordusunun hərbçisi Kamil Məmmədov bu gün hospitalda vəfat edib.

BAKI, 28 yanvar - Sputnik. Yanvarın 12-də Şuşa istiqamətində avtomobil qəzasında ağır xəsarət alan Azərbaycan ordusunun hərbçisi - Xudat rayon sakini, 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlu bu gün hospitalda həyatını itirib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyi faktı təsdiqləyib. 

Qeyd edək ki, yanvar ayının 12-də baş verən qəza zamanı daha bir hərbçimiz həlak olmuşdu.

42
Gülsurə İbadova

Kişilərlə yarışa girib: "Beş yüz min manatlıq maşından əvvəl ehtiyat edirdim" - FOTO

30
(Yenilənib 17:00 08.03.2021)
Üç qız, üç oğul anası olan Gülsurə İbadovaya həyat yoldaşı və ailəsi dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Hər gün sübh tezdən yuxudan oyanır. Həyət-bacada işlərini sahmana salıb, tarlaya yollanır. Texnikanın hər tərəfini yoxlayır, sazlığına əmin olandan sonra kombaynı işə salır. Düz otuz ildən çoxdur ki, kombaynçı işləyən pambıqçı-mexanizator Gülsurə İbadovanın günü belə başlayır. 16 yaşından kombayn sürücüsü işləyən bu qadın 60 yaşı olmasına baxmayaraq, bu gün də işinin başındadır. Sputnik Azərbaycan bir çox kişinin bacarmadığı ağır işin ödəsindən ustalıqla gələn zərif cinsin nümayəndəsini oxucularına təqdim edir. 

Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib bir il Texniki Peşə məktəbində təhsil aldıqdan sonra pambıqçılıq sahəsində işə başlayır. Ona köməkçi kimi işləmək tövsiyə olunsa da, G.İbadova Sevil Qazıyevanın başına gələnlərdən sonra buna razı olmur. Özünün dediyinə görə, pambıq sahəsində işə becərmədən başlayır. Sonra ona sürmək üçün traktor verirlər. Elə həmin ilin avqust ayında yeni pambıqdərən kombayn idarə edir. Sovet dövründə qabaqcıl sürücü-mexanik kimi dəfələrlə mükafatlara layiq görülür. Hətta Ulu öndər Heydər Əliyevlə də görüşərək ondan mükafat alır. Həmin illəri xatırlayan Gülsurə İbadova Heydər Əliyevin onun saçına sığal çəkərək tövsiyə verdiyini də unutmayıb: "Mənim uzun saçım vardı. Heydər Əliyev saçıma sığal çəkib mənə dedi ki, pambıq yığanda mütləq saçımı yığım. O mənə Sevil Qazıyevanın başına gələnləri xatırlatdı".

© Photo : Courtesy of Gyulsura Ibadova
Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib

Sovetlər Birliyi dağıldıqdan sonra bir müddət bələdiyyədə çalışan G.İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir. Həmsöhbətimiz deyir ki, Şirvan Şəhər Kənd Təsərrüfatı İdarəsi ona rayona gələn yeni kombaynı sürməyi təklif edir. G.İbadova Kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə bu istəyini səsləndirir. Nazirin tapşırığı ilə ona yeni gətirilən pambıqdərən kombaynı idarə etmək həvalə olunur. G.İbadova nazirin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısından da ağızdolusu danışır.

Yeni pambıqdərən kombaynın sovet dövründəki kombayndan fərqli olduğunu söyləyən G.İbadova çətin olsa da, bu işin də öhdəsindən gəlir:

"Yeni kombaynı idarə etmək üçün sürücülük vəsiqəm köhnə idi. Bu kombaynı sürmək üçün imtahandan keçib 5 kateqoriyalı sürücülük vəsiqəsi aldım. Kombaynı Şirvandan sürüb Sabirabada gətirdim. Əlbəttə ki, bu  texnika müasir olduğundan, sovet dövründəki kombayndan çox fərqlənir. Bu texnikanın 17 ton ağırlığı var. 500 min manat qiyməti olan texnikanı idarə edəndə əvvəlcə ehtiyat edirdim. Hətta iki gün idi işə çıxmışdım ki, kombaynda şlanq partladı.

Yoldaşım çilingər olduğundan mayenin axmaması üçün "salnik" (kipgəc) qoydu. Kombaynı sürüb Məmişlər kəndinə getdim. Oraya çatmışdım, yenə problem yarandı. Texniki dəstək üçün mühəndisə müraciət etdim. O bildirdi ki, xamutu açıb boşaltmaq lazımdır. Bundan sonra  bəzi xırda detalları özüm bağlamağı öyrəndim. Amma sovet kombaynını sıfırdan - mühərrikinə qədər - özüm yığa bilirdim. Bu kombayn bahalı olduğu üçün problem olanda əlimi vurmağa çəkinirəm. Problem yarananda servisə zəng edirik, gəlib həll edir. Amma yeni kombaynlarda hələ ki ciddi problem yaranmayıb".

© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova

Həmsöhbətimiz deyir ki, sovet dövründəki kombaynlarda yerə şeh düşən kimi pambıqdərənin "şpindeli" (oxu) tutulurdu: "Amma yeni kombaynlar şampunla özü yuyub-təmizlədiyi üçün problem yaranmır".

İşinin incəliklərindən danışan G.İbadova bununla belə, şeh olanda pambıq yığımının çətin olduğunu söyləyir: "Sentyabrın sonuna qədər şeh olmur. Biz o vaxtdan səmərəli istifadə edirik. Elə vaxt olub ki, bir həftə evə getməmişəm. Gecə-gündüz pambıq yığmışam. Elə şam yeməyimizi də sahədə yemişik. Yuxusuz işləmək çətin olsa da, pambıq mövsümündə bu əziyyətə qatlaşmalısan. Çünki sentyabrın sonunda bəzən yağışlar yağmağa başlayır. İnsanların əməyi itməsin deyə biz çalışırıq ki, sahələrdə məhsulu yağış yağanadək yığıb qurtaraq".
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Heydər Əliyev Gülsurə İbadovaya mükafat verib
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
1 / 4
© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova kollektivlə

Çox məhsul yığımının onların qazancına da təsir etdiyini söyləyən G.İbadova  sentyabrın 13-dən noyabrın sonuna qədər 380 hektardan pambıq yığdığını, 2600 manata qədər pul qazandığını söyləyir: "Pambıq əsasən yayda yığılır. Saat 6-da yuxudan durub, evdə işləri sahmana salıb, "VAZ 2106" ilə "Aqroservis"ə gedirəm. Pambıqdərənin yağına, mühərrikinə baxıb, avtoyuyucuda aparatını  yuyub-təmizləyirəm. Sonra hansı sahəyə göndərirlərsə, oraya gedirəm. Son illər pambıq istehsalında məhsuldarlıq artıb. Elə vaxt olub ki, 80 hektar sahədən 300 ton pambıq yığmışıq. Bir həftə ərzində bu işə üç kombayn cəlb olunub. Məhsulun çoxluğu həm də bizim qazancımıza təsir edir".

© Photo : Courtesy of Gyulsura Ibadova
İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir

G.İbadova bildirir ki, pambıq yığımından qazandığı pulu ailəsinə xərcləyir. Üç qız, üç oğul anası olan G.İbadovaya həyat yoldaşı və ailəsi də dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib: "Yoldaşım narşərab zavodunda çilingər işləyirdi.  Qohumluğumuz olsa da sevib ailə qurmuşuq. Hər ikimiz torpağa bağlı, zəhmətsevər insanlarıq. Övladlarımızı da belə tərbiyə etmişik".

G.İbadova 60 yaşında kombayn sürməyin heç də çətin olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, bu yaşda işləmək  ona zövq verir. "İş adamı gümrah saxlayır. Bəlkə, elə mənim gümrah qalmağımın səbəbi işimdir", - deyir kombaynçı müsahibimiz.

30
Teqlər:
müsahibə, sürücü, pambıq, kombayn, qadın
Müğənni Rəsul Əfəndiyev

"Ay anası olanlar..." Azərbaycanlı müğənnidən təsirli mahnı - VİDEO

8
(Yenilənib 16:48 08.03.2021)
Rəsul Əfəndiyevin analara həsr etdiyi yeni layihəsində əsas rolu teleaparıcı, Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə canlandırıb

BAKI, 8 mart - Sputnik. Müğənni Rəsul Əfəndiyev bütün analara həsr etdiyi mahnısını təqdim edib. 

Müğənni Sputnik Azərbaycan-a bildirib ki, "Ana" mahnısının sözlərini Rafael Qədirov, musiqisini isə Fərid Kərimli yazıb. Mahnının lentə alınmasında kamançaçı Elnur Kərimov, Kənan Tərlanoğlu (ud) və balabançı Nurlan Bəkirov da iştirak ediblər. 

Klipin ssenarisi Kənan Bayramova məxsusdur. Klipdə əsas, ana obrazını Azərbaycanın Əməkdar artisti Nailə İslamzadə yaradıb. Qəhrəmanların obrazı üzərində dizayner Afaq İsmayılzadə işləyib. 

"Ana hər birimizin həyatında vacıb insandır. Həmişə yanımızdadır, nə etsək, dəstək olur. Onların simasında bütün Azərbaycan qadınlarını təbrik edirəm", - Əfəndiyev deyib. 

Rəsul Əfəndiytev gənc ifaçılar arasında özünəməxsus yer tutur. O, Xalq artisti Aygün Kazımova ilə duetindən sonra məşhurlaşdı, hazırda da Kazımova ilə işbirliyini davam etdirir.

8
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, müğənni, ana, mahnı, video, klip