Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO

81
(Yenilənib 00:09 25.01.2021)
Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

BAKI, 24 yanvar - Sputnik. Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.

Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.

Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

81
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, dəniz quldurları
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

441
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

441
Bakıda ağac kəsimi, arxiv şəkli

Binəqədidə ağacları kəsən şirkət rəhbəri məhkəməyə verildi

4
(Yenilənib 22:48 02.03.2021)
Meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyənləşib.

BAKI, 2 mart — Sputnik. Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında "Mahal" MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Rəhimov İlqar Vəliyəddin oğlunun "Mahal" MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "Mahal" MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyələşib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib.

4
Ancelina Coli, arxiv şəkli

Ancelina Coli Çörçilin əsərini satdı

0
(Yenilənib 00:42 03.03.2021)
Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb.

BAKI, 3 mart — Sputnik. Məşhur Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş "Kutubiya məscidinin qüllələri" ("Tower of the Koutoubia Mosque") şəklini 11,5 milyon ABŞ dollarına (8,28 milyon funt-sterlinq) satıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Çörçil vaxtilə bu şəkli ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə edib.

Rəsmin qiyməti əvvəlcə 1,5-2,5 milyon funt-sterlinq (2-3,4 milyon ABŞ dolları) qiymətləndirilirdi. Bu, Çörçilin işləri üçün rekord qiymətdir. Şəkil Britaniya baş nazirinin İkinci Dünya Müharibəsi zamanı yaratdığı yeganə əl işidir. Rəsm 1943-cü ilin yanvarında Hitler əleyhinə koalisiyanın Kasablankadakı konfransının sonunda çəkilib. Çörçil Mərakeşdə ABŞ prezidenti Franklin Ruzveltlə gəzinti zamanı günəşin qürubunun təəssüratı altında bu mənzərəni yaradıb.

Alıcının şəxsiyyəti açıqlanmır.

Ancelina Colinin Britaniyanın sabiq baş nazirinin şəklini satmağa qərar verməsi fevralın əvvəllərində məlum olub. Aktrisa şəkli keçmiş əri Bred Pittlə birlikdə alıb. Coli və Pittin incəsənət əsərlərinin kolleksiyası təxminən 25 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.

0
Teqlər:
Uinston Çörçill, Böyük Britniyanın baş naziri Uinston Çörçill, Bred Pitt, Ancelina Coli