Həzrət Məmmədrzayevin kubik-rubikdən hazırladığı Şəhid general Polad Həşimovun portreti

Polad Həşimov, Xudayar Yusifzadə "Dəmir yumruq" kubik-rubikdən ibarət sənətə necə döndü

138
(Yenilənib 12:39 19.12.2020)
Dünyada bu işlə məşğul olan 10 nəfərdən biri -  azərbaycanlı sənətkar kubik-rubikdən mozaika portretlər hazırlayır və milli qəhrəmanlarımızın xatirələrini yaşadır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik.  23 yaşlı Həzrət Məmmədrzayev turizm sahəsi üzrə təhsil alsa da, onu tanıyanları fərqli istiqamətdə qeyri-adi istedadı ilə təccübləndirir. Həmsöhbətimiz kubik-rubiklərlə əsrarəgiz portretlər yığır. Onun oktyabrın 23-də Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman döyüşçü Xudayar Yusifzadənin kubik-rubikdən yığdığı portreti də böyük marağa səbəb olub.

Sputnik Azərbaycan belə möhtəşəm portretləri ərsəyə gətirən Həzrət Məmmədrzayevlə söhbətləşib.

© Photo : Courtesy of Hazrat Mammadrzayev
Həzrət Məmmədrzayevin kubik-rubikdən hazırladığı Xarı bülbül portreti

- Oxucularımıza tanışlıq üçün özünüz barədə nə deyə bilərsiz?

- Dörd ildir turizm sahəsində çalışırdım. Lakin pandemiya ilə əlaqədar bu sahə ilə vidalaşmışam. Hazırda bir sıra onlayn kurslar keçirəm. Həm də yükdaşıma xidmətində mühafizəçi kimi çalışıram. Asudə vaxtlarımda musiqi, incəsənət və idmanla məşğul oluram. Gitara və pianinoda ifa edirəm. Artıq bir sıra bəstələrim də var, söz və musiqisi də elə özümə aiddir. Bir neçə il professional futbolla da məşğul olmuşam. Bu günədək əldə etdiyim əsas nailiyyətlər isə elə kubik-rubik sahəsindədir. İndiyədək bir neçə dəfə ölkəmizdə bu istiqamətdə keçirilən yarışlarda ilk yerləri qazanmışam. Bu istiqamətdə müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil etmişəm. "Yetenek Sizsiniz: Türkiye" verlişində iki dəfə iştirak etmişəm, final mərhələsinədək yüksəlmişəm. Fərqli şoularla kubik-rubik perfomansımı təqdim edərək yaddaqalan iştirakçılardan biri olmuşam.

- Bu istiqamətdə təlim və seminarlarınız varmı?

- İndiyədək bu istiqamətdə bir neçə təlim və seminarlar vermişəm. Təxminən 300-dən artıq şəxsə kubik-rubikin yığım qaydasını öyrətmişəm. Baxıb öyrəndiyim metodlardan əlavə öyrətmək üçün özümün də yeni metodumu hazırlamışam.

- Çoxumuz üçün kubik-rubiki yığmaq bir möcüzə kimidir...

- Elədir, amma hər kəs bilməlidir ki, kubik-rubik bir ardıcıllıqla yığılır. Bunun üçün yığım metodunu bilmək lazımdır. Sevgi-həvəs-inam üçlüyünün olması çox önəmlidir ki, siz bu işin öhdəsindən gələ biləsiniz. Bu üçü olduqdan sonra əlimizdəki alqoritm və metodu tətbiq edərək kubik-rubiki yığmaq olar.

- Bəs sizdə bu maraq necə yaranıb?

- Uşaqlıqda heç zaman digər oyuncaqlara, o cümlədən də telefona marağım olmayıb. Ən sevimli oyuncağım kubik-rubikim idi. Uşaqlığım elə kubik-rubik və pazl yığmaqla keçib. 2013-cü ilin 1 oktyabrında, hətta günü ilə deyə bilərəm, 2 578 gün öncə kubik-rubiki öyrəndim. Həmin gün "Yetenek Sizsiniz: Türkiye"də yaşıdımın kubik-rubiki yığdığını gördüm, mən isə ondan daha sürətli yığırdım. Beləcə qarşıma məqsəd qoydum ki, daha çox çalışıb daha sürətli işləyəcəyəm. Bir neçə aydan sonra özüm o yarışa qatıldım.

- Bu məşğuliyyətin faydası necə, varmı?

- Bəli, bu fəaliyyətin həm mənəvi, həm də fiziki olaraq həyatımıza bir sıra faydaları var. Göz və əl koordinasiyasını yaxşılaşdırır, əllərin çevikliyini artırır, eyni zamanda da beynin fəaliyyətini sürətləndirir. Yaddaşın güclənməsinə, stressin azalmasına, sürətli düşünmə bacarığına səbəb olur.

- Mozaika portretləriniz, xüsusən də II Qarabağ Müharibəsində səsi, ifası, videosu ilə adı dillər əzbəri olan şəhidimiz Xudayar Yusifzadənin mozaika portreti böyük marağa səbəb oldu. Mümkünsə bu haqda danışardız?

- Artıq iki ildir, kubik-rubiklərlə yaranan mozaika portretlər hazırlayıram. Bu, dünyada yeni yaranan bir incəsənət növüdür. Dünyada bu işlə məşğul olan bəlkə 10 nəfər olar, ya olmaz. Azərbaycanda isə hələlik mən və tələbələrim bu işlə məşğuluq. Düzü, uşaqlıqdan rəsm çəkməyə marağım vardı. Sonradan gördüm ki, əlimdəki bu balaca oyuncaqları da qarışdıraraq müxtəlif əsərlər ortaya çıxarmaq mümkündür. Beləcə, portretlər yaratmağa başladım. Artıq iki ildir ki, müxtəlif ziyalı, tanınmış şəxslərin - Heydər Əliyev, Mehriban Əliyeva, Bəhram Bağırzadə, Mustafa Kamal Atatürk, Barış Mançonun belə portretini hazırlamışam. Hər bir əsəri hazırlamaq üçün öncəki kubik-rubiki dağıtmalı oluram.

- Bu əsərlərin ölçülər nə boyda olur?

- Portretin ölçüsü istifadə olunan kubik-rubiklərin sayına görə dəyişə bilər. Hazırladığım iki çərçivə var ki, onlar 494 və 884 ədəd olmaqla ölçüləri 1 metrin - 1 m 40 sm.-ə, böyüyü isə 1 m 40 sm-in - 1 m 80 sm-ya qədərdir. Bu çərçivələrin böyüklüyü keyfiyyətə də müsbət təsir edir. Bu işləri eskizə əsasən hazırlayıram və sonradan yalnız foto formatda saxlayıram.

- Qiymət nəyə əsasən dəyişir?

- Qiymət kubik-rubiklərin sayı və çərçivənin ölçüsündən asılı olaraq dəyişir. Bir ədəd kubik-rubikin qiymətinin 2 manat olduğunu nəzərə alsaq, ortaya çıxan bu əsərin qiymətini ədəd sayına görə hesablaya bilərik. Məsələn, 494 ədəd kubik-rubikin qiyməti təxminən 1000 manatdır. Təkcə vəsaitə görə çəkilən xərc budur.

- Sifarişlər olurmu?

- Olur, bu, işin ümumi dəyərini qarşılamasa da, bu gün qəhrəmanlarımızın, ziyalılarımız belə portretlərinin hazırlanmasını özümə borc bilirəm.

- Son baş verən hadisələr də sizin əsərlərinizdə əksini tapır. Bu haqda nə deyə bilərsiz?

- Qismən səfərbərlik olduğundan, mən təəssüf ki bu müharibədə iştirak etmək şansı əldə edə bilmədim. Lakin arxa cəbhədə öz qardaşım da başda olmaqla hərbçi qardaşlara dəstəyimi göstərir, lazım olan hər şeyi edirdim. Hər bir əsərimdə qəhrəman və şəhidlərimizi yad etməyə çalışırdım ki, onlarda motivasiya, ruh daha da yüksək olsun.

© Photo : Courtesy of Hazrat Mammadrzayev
Həzrət Məmmədrzayevin kubik-rubikdən hazırladığı Prezident İlham Əliyevin portreti

İyul hadisələrindən sonra Milli Qəhrəman olan generalımız Polad Həşimovun belə bir portretini yaratdım. Mübariz İbrahimov, Teymur Abbasov kimi qəhrəmanlarımızın da belə portretlərini hazırlamışam. Müharibə dövründə, 9 Noyabrda Azərbaycan Respublikasının xəritəsini də hazırlamışdım. Əsərimdə Naxçıvan dəhlizi də vardı. Bir gün sonra bu şad xəbəri eşitdik və böyük qürur hissi yaşadım. Həmin xəritə Azərbaycan bayrağını simvolizə edirdi. Bundan başqa, qələbə simvolumuz olan "Dəmir Yumruq"la birgə İlham Əliyevin portretini hazırladım və o, böyük rəğbətlə qarşılandı. Bu mənim üçün ən dəyərli əsərlərdən biri oldu.

- Xudayar Yusifzadənin portreti də çox gözəl alınıb, hər kəs sevərək paylaşır...

- Bu yaxınlarda tələbəm, 10 yaşlı Ayxanla belə qərara gəldik ki, adı dillər əzbəri olan Xudayar Yusifzadənin portretini hazırlamağı qərara aldım. 10 yaşı olmasına baxmayaraq, Ayxanın bu işdə böyük əməyi olub. Onun nur simasını əks etdirən mozaika portret böyük rəğbətlə qarşılandı. İstərdim ki, əsərlərim çox yayılsın, paylaşılsın və hər bir qəhrəmanımızın portretini hazırlayım. Hələlik yalnız asudə vaxtlarımda bu işlə məşğulam. Bir əsəri təxminən 10 günə hazırlayıram. Ümumilikdə isə bu işə 2-3 gün sərf edilir. Gələcəkdə də Azərbaycanı gördüyüm bu işlərlə tanıdacam.

138
Teqlər:
Heydər Əliyev, Prezident İlham Əliyev, İlham Əliyev
Magistral yolda yeni geri dönmə hissə yaradılıb

İranla Azərbaycanı birləşdirəcək strateji yolla bağlı saziş imzalanıb

14
“Bununla həm məhsulların xarab olmasının və gecikmənin qarşısını almaq olar, həm də daha keyfiyyətli məhsul istehlakçıya çatar”.

BAKI, 18 yanvar - Sputnik. Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Komissiyasının iclasından sonra İranın Yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşüb. 

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə M.İslami Astara-Astara dəmiryolu vasitəsilə mübadilə həcminin 25% artdığını və bunun 2 ölkə arasında əlaqələrin inkişafının göstəricisi olduğunu bildirib.

M.İslami Tranzit məsələsinin önəmindən danışaraq bildirib ki, Azərbaycandan keçmək bizim üçün Şimal-Cənub dəhlizinin aktiv edilməsi üçün bir imkan idi və həmişə bu dəhlizdə magistral yolun fəal olmasını təkid etmişik. O əlavə edib ki, Astara sərhədində avtomobillər üçün yeni terminalın tikilməsini müzakirə etdik, çünki köhnə terminalın mübadilə üçün potensiyalı yoxdur:

“Bu səbəbdən sərhəddə yeni bir avtomobil körpüsünün tikilməsi haqqında razılıq əldə etdik. Bu körpünün tikintisi ilə Bakı-Astara magistral yolu Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək. Gələn ay Astarada bu haqda saziş imzalanacaq və yeni terminalın və körpünün tikintisi üçün təməlqoyma mərasimi keçiriləcək”. 

İranlı nazir bildirib ki, müzakirə edilən digər önəmli məsələ İran şirkətlərinin yenidənqurma işlərində (Azərbaycanın işğaldan azad olunmuş ərazilərində) iştirakı, İran yük maşınlarının Azərbaycana apardıqları yükləri sərhəddə deyil, Azərbaycanda müvafiq məntəqəyə çatdırılması ilə bağlı müzakirə aparılıb: “Bununla həm məhsulların xarab olmasının və gecikmənin qarşısını almaq olar, həm də daha keyfiyyətli məhsul istehlakçıya çatar”.

14
Çörək istehsalı müəssisəsi

Müqəddəs neməti antisanitar şəraitdə bişirən sex aşkarlandı

7
(Yenilənib 22:15 18.01.2021)
Yoxlama zamanı AQTA müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğunu aşkarlayıb.

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, A.Səhhət küçəsi 28 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Səyyarə Oruc qızına məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.

Belə ki, un məmulatlarının saxlanması zamanı texniki normativ hüquqi aktların tələblərinin gözlənilmədiyi, müəssisədə çalışan işçilərin tibbi müayinədən keçirilmədiyi, xüsusi geyim və baş örtüyündən istifadə edilmədiyi, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyən olunub.

Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

7
Teqlər:
AQTA
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0