Azərbaycan hərbçiləri, arxiv şəkli

Kasıblıq ali təhsil almağa imkan vermədi: 20 yaşlı şəhidin atasından ürək dağlayan sözlər

156
Kasıb ailənin övladı olması ona ali təhsil almağa da imkan verməyib. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Danışa bilmir ana. Sanki itirib bütün düşüncələrini, fikirlərini, hisslərini. Sadəcə oturub, baxır, daha doğrusu göz gəzdirir. Ara-sıra gözlərinin yaşı yanağı boyunca süzülür. Amma hiss etmir, ya da əlini qaldırıb silməyə taqəti yoxdur.

Daha o özünə gəlməz... Çünki həyata bağlayanı, ümidi yoxa çıxıb. Sanki heç olmayıb, sanki heç doğulmayıb.

Bəs bu nə yanğıdır, İlahi?

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində 2783 evə od düşdü. 2873 ailə övladını, böyüyünü, ümidini itirdi.

Bu ailələrdən biri də Xüsusi Təyinatlı MAXE Elnur Rəhimovun ailəsidir.

© Photo : Courtesy of Mammadkarim Rahimov
Elnur Rəhimov

Elnur Qəbələ rayonun Mıxlıqovaq kəndində dünyaya göz açmışdı. Kasıb ailənin övladı idi. Atası ilə meşədən odun qırıb, satıb ailəni dolandırardılar.

Kasıb ailənin övladı olması ona ali təhsil almağa da imkan yaratmamışdı. Orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanmışdı.

Yanvar ayında hərbi xidmətini bitirdikdən sonra vətənini, torpağını sevdiyi üçün yenidən hərbi xidmətə qayıtmaq istəyib. 2020-ci ilin yay aylarında xidmət kursunu müvəffəqiyyətlə başa vuran Elnur sentyabr ayında yenidən xidmətə qayıdıb və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlılarında xidmətə başlayıb.

Atası Məmmədkərim kişi Elnurdan danışanda, özünü itirir, cümlələri ard-arda gətirə bilmir, susub, yenidən danışmağa başlayırdı.

Ata deyir ki, Elnur çox mədəni, ailəcanlı oğul olub:

"Çox arzuları var idi. Mənimlə birgə kənd təsərrüfatı ilə məşğul olub ailəni dolandırırdıq. Sanki əlim-qolum idi Elnur. Böyüdüyü üçün elə sevinirdim ki. 20 yaşı vardı balamın. Heç ağlımdan da keçmirdi ki, şəhid olar. Məni şəhid atası edər".

Anası Mənsurə xanım susur. Hələ də, inana bilmir ki, övladı yoxdur. Onun yolunu gözləyir.

"Sakit təbiətli mülayim xasiyyətli biri idi. Xidmətə getməmişdən əvvəl qurban kəsib qonşulara paylayıb, demişdi ki, "inşallah, bir gün gələrəm, evlənəndə bütün arzularımı reallaşdırandan sonra bir də qurban kəsərəm". Amma qismət olmadı", - deyə danışan Məmmədkərim kişi Elnurla sonuncu dəfə sentyabrın 25-i danışdığını vurğulayıb.

© Photo : Courtesy of Mammadkarim Rahimov
Elnur Rəhimovun ailəsi

Deyib ki, hər şey qaydasındadır. İki gün sonra döyüşlər başlayır. Və ailənin Elnurla əlaqəsi baş tutmur.

"Arzuları çox idi. İstəyirdi ki, Akademiyaya gedib oxusun, zabit kimi qayıtsın. Ailə həyatı qurmaq, ev tikmək və sair çox idi arzuları. Amma reallaşdıra bilmədi. Ayın 25-dən sonra əlaqə saxlaya bilmədik", - deyə ata danışır.

Məmmədkərim kişi oğlundan bir xəbər ala bilməyincə onu axtarmağa başlayır. Ancaq bir xəbər ala bilmir.

Deyir ki, Elnurun xidmətə başladığı ilk ay idi. Heç birinci əməkhaqqını da ala bilmədi.

Və noyabrın 30-u...

Qəbələ Hərbi Komissarlığından Məmmədkərim kişiyə zəng gəlir və dəvət edilir: "Səhər getdik ora. Dedilər ki, sənə maşın verəcəyik. Daşburuna gedəcəksən. Demədilər oğlun şəhid olub. Mənə təcili yardım maşını vermədilər deyə ümid edirdim ki, yaralıdır. Amma getdim, dedilər ki, şəhid olub. Girdim baxdım gördüm ki, həqiqətən şəhid olub. Elə oradan təcili yardım maşını verdilər".

© Photo : Courtesy of Mammadkarim Rahimov
Elnur Rəhimov

II Qarabağ müharibəsinin 20 yaşlı şəhidi Elnur Rəhimov doğulduğu Mıxlıqovaq kəndinin qəbiristanlığında dəfn edilir.

 

156

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

6
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

6
Bakubus avtobusu, arxiv şəkli

Pandemiya dövründə nəqliyyat sektorunda vəziyyətə dair hesabat açıqlandı

3
(Yenilənib 16:59 18.01.2021)
Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib.

 

BAKI, 18 yanvar — Sputnik. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi çərçivəsində, avtomobil nəqliyyatı ilə yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatınında bildirilib.

Qeyd edilib ki, il ərzində Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub: "Onlardan Bakı-Sumqayıt istiqamətində 35, Bakı-Abşeron istiqamətində 58, Sumqayıt-Abşeron istiqamətində isə 57 avtobus xidmət göstərib. Ümumilikdə il ərzində qeyd edilən istiqamətdə 8235000 sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1566000, Bakı-Abşeron istiqamətində 3402000, Sumqayıt-Abşeron istiqamətində 3267000 sərnişin daşınıb. Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28215000 sərnişin daşınıb. Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Respublikası, İran İslam Respublikası Hökumətləri arasında bağlanmış Beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub. O cümlədən Rusiya Federasiyasına – 13 istiqamət üzrə, Gürcüstana – 12 istiqamət üzrə, Türkiyə Respublikasına – 3 istiqamət üzrə, İran İslam Respublikasına – 5 istiqamət üzrə və İraq Respublikasına – 1 istiqamət üzrə gedişlər təşkil olunub. Beynəlxalq sərnişin daşımaları üçün ilin birinci rübündə 1200 ədəd "İcazə" blankı mübadilə edilib".

3