Ağ göl milli parkı, arxiv şəkli

Kür-Araz ovalığında bataqlıqlar niyə yaranır bu prosesin qarşısını necə almaq olar?

39
(Yenilənib 08:59 13.12.2020)
F.Həsənov vurğulayıb ki, Kür-Araz düzənliyində olan bataqlıqlardakı suyun təmizliyi sual altındadır. Suyu təmiz olan bataqlıqların sayı çox cüzi ola bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması bir sıra hallarda bataqlıq, bataqlıq-çəmən və çala-çəmən ekosistemlərinin artmasına şərait yaradır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov danışıb.

O bildirib ki, xüsusilə Mil düzündə yerləşən Ağgöl və onun ətrafında baş verən təbii-antropogen proseslərdə bu müşahidə edilir.

Onun sözlərinə görə, əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin və topoqrafik xəritələrin təhlilindən də məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında formalaşmış bataqlıq və bataqlıq-çəmən kompleksinin sahəsi 2 min hektar artıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Kür-Araz düzənliyində keçən əsrin əvvəllərində bataqlıqlar olub. Amma sonradan drenaj çəkilib.

© Sputnik / Irade JELIL
Fərzəli Həsənov

"1929-31-ci illərdə, indiki Saatlı rayonu ərazisində "Cəfərxan" deyilən təcrübə stansiyası yaradılıb. Və əraziyə drenaj tətbiq etməyə başlayıblar.

Drenaj bataqlıq sularını oradan kənarlaşdıran qurğuya deyirlər. Kanal, əraziyə su gətirən qurğudur, drenaj isə ərazidə artıq suyu kənarlaşdıran qurğudur. Bu, 1700-cü illərdə Böyük Britaniyada tətbiq olunub. Sonradan bataqlıqlar çox olan ərazilərdə, Belarusiyada, Pribaltikada tətbiq olunub", - deyə o əlavə edib.

Onun sözlərinə görə, şorluğa qrunt suları səbəb olur. Şorlar düzənliyinin müxtəlif yerlərində onun minerallığı dəyişir. Elə yer var qrunt suyunun 1 litrində 5 qram duz, elə yerlər də var ki, 100 qram duz olur. Yer altından yuxarı qalxanda qruntun mexaniki tərkibi fərqli olur.

Belə ki, su 1,5-2,4 m hündürlüyündə qalxa bilir. Duzlu sudursa qalxır, yayda quruma gedəndə qalxma prosesində duzlar ilişib qalır və bununla da o torpaqlarda şorluq prosesi başlayır.

Mütəxəssis bildirir ki, şorluq prosesi başlayırsa, məhsuldarlıq, prosesin dərəcəsindən asılı olaraq aşağı düşür: "Azərbaycanda drenaj bataqlıqları qurutmaq üçün yox, şorlu torpağı yumaq məqsədilə tikilib. Belə bir metodika var: yerin səthində əsasən relyefdən asılı olaraq müəyyən ölçülərdə, 0,2 və 2 ha arasında müəyyən ləklər düzəldilir, o ləklər təmiz su ilə doldurulur. Əsasən Kür-Araz suyu ilə doldurulur. Çünki Kür-Araz suyunda minerallıq dərəcəsi litrdə 1 qramdan aşağıdır. Belə suya təmiz su deyirlər. Bu təmiz suyu ləklərə doldururlar, su aşağı çökür, duzları əridir. Kür-Araz düzənliyində indiyə kimi tikilən drenajlar arasındakı məsafə 200-500 metr qəbul edilir. Buna üfüqi drenaj deyirlər. 2-3,5 metr dərinliyində maili istiqamətində çəkilir. Su gedir o drenə daxil olur, oradan da kollektora daxil olur".

Ekspert əlavə edib ki, Azərbaycanda iki böyük kollektor - Baş Mil-Muğan kollektoru və Şirvan kollektoru var. Duzlu su kollektorlar vasitəsilə dənizə axıdılır.

Drenaj sistemi tikiləndən sonra şoran torpaqlar yuyulmağa başlayıb.

Həsənovun sözlərinə görə, Kür-Araz düzənliyində əkin sahələri də ildən-ilə genişlənir. Belə ki, 70-80-ci illərdə, ölkədə təxminən 1 milyon ton pambıq istehsal edilirdi.

1936-cı ildə intensiv suvarma aparılanda qrunt suyu Kür-Araz düzənliyində 6 m dərinlikdə olub.

"May ayı qrunt suyunun ən çox yüksəlmə vaxtı olur. Həmin dövrdə intensiv əkin sahələri genişləndirildi, suvarma aparıldı, su ərazilərə verildi. Sonra məlum oldu ki, Kür-Araz düzənliyində orta dərinlik 1,5 m-dir. Bu isə o deməkdir ki, torpağın üst hissəsi qrunt suyunun üzərində oturub. Şorlaşma prosesi gedir. Qrunt bərk hissəciklərdən ibarətdir. Aralarında boşluqlar var. Qrunt suyu 1,5 m dərinlikdə dayanıbsa, o, hökmən yer səthinə kimi qalxa bilir", - deyən ekspert əlavə edib ki, çox zaman həmin yerlərin bataqlıq olduğu düşünülür.

Ancaq həmin ərazilər bataqlıq deyil. Kür-Araz dərinliyində olan müəyyən lokal sahələrdəki sular, gölməçələr şor su, yəni qrunt su ilə qidalanan sudur.

"Hidrogeoloqlar Kür-Araz düzənliyini bir boşqaba bənzədirlər. Bu düzənliyə suvarma nəticəsində çoxlu su verilir. O suyun bir hissəsini bitkilər mənimsəyir, digər hissəsi isə qrunt suyunu qidalandırır. Ona görə də 1936-cı illə müqayisədə indi qrunt suyu 1,5 metrə qalxıb. 1,5 metr o deməkdir ki, o düzənliyin torpaqları qrunt suyunun üzərindədir. Bu səbəbdən də orada şorlaşma prosesi gedir. Şorlaşmanın da qurutmağın yeganə yolu üstdən suyu verib, duzları əridib drenaja aparmaq və drenajla kənarlaşdırmaqdır", - deyə o bildirib.

Qeyd edək ki, Kür çayının sağ sahilində olan Baş Mil-Muğan kollekoru saniyədə 100 m3 suyu dənizə tökür.

Kür-Araz düzənliyində su balansı mədaxil hissə məxaric hissədən çoxdur. Bunun qarşısını almaq üçün yeganə yol drenaj tikmək, kollektorları saz hala salmaqdır.

Mütəxəssis bildirir ki, 1985-ci ildən bu günə qədər çox az sayda drenaj sistemi tikilib. Ən çox drenaj sistemi 1970-85-ci illər arası tikilib.

"Drenlərin istifadə müddəti 25 il götürülür. O drenlərin də istismar müddəti keçib. Bizim Kür-Araz düzənliyində 0,8 milyon ha əkin sahəsi var. Onun 0,6 mln hektar ərazisində kollektor drenaj sistemi var. Əslində Kür-Araz düzənliyində 0,8 mln. hektar ərazinin hamısında olmalıdır. Drenaj sistemi ilə suvarma sistemi eyni vaxtda tikilməlidir ki, bunlar paralel işləsin. Yəni, su veriləndə dren artıq suları kənarlaşdırsın ki, artıq qrunt sular qalxmasın", - deyən ekspertin fikrincə, bu gün həm suvarma sistemi, həm də kollektor sistemi köhnəlib.

Bu problemin qarşısının alınması üçün yenidənqurma işləri aparılmalıdır. Kanallar elə çəkilməlidir ki, sızma itkisi az olsun. Bunun üçün isə böyük vəsaitə ehtiyac var.

F.Həsənov vurğulayıb ki, Kür-Araz düzənliyində olan bataqlıqlardakı suyun təmizliyi sual altındadır. Suyu təmiz olan bataqlıqların sayı çox cüzi ola bilər.

39
Teqlər:
kanal, kollektor, suvarma, təcrübə, Saatlı, stansiya, su, bataqlıq
Bakıda parada parada baxan şəxslər, arxiv şəkli

Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır

1
(Yenilənib 17:55 18.01.2021)
"Komissiyada təmsil olunan orqanların nümayəndələrindən ibarət olmaqla, hər bir region üzrə işçi qrupları fəaliyyət göstərəcək".

BAKI, 18 yanvar — Sputnik. Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası məsələlərinin həlli məqsədilə Nazirlər Kabinetinin Qərarı əsasında aidiyyəti dövlət orqanlarının səlahiyyətli şəxslərindən ibarət olmaqla yaradılmış komissiyanın ilk iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun böyük tarixi Zəfər əldə etdiyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri kimi, müharibədə xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçuların da sosial müdafiəsi diqqət mərkəzindədir. Dövlət başçısının tapşırığına əsasən onlarla bağlı dəstək tədbirləri görülür. Yaralanmış hərbi qulluqçuların artıq yarıdan çoxu Nazirliyin əməkdaşları tərəfindən ziyarət olunub və bu proses yaxın günlərdə başa çatacaq.

Nazir bildirib ki, bu görüşlər zamanı onların, ailə üzvlərinin sosial vəziyyətləri öyrənilməklə müvafiq dəstək işləri aparılır, həmçinin reabilitasiya vasitələri ilə təmin edilirlər. Son bir ayda da 125 hərbçiyə 530 reabilitasiya vasitəsi verilib, 6 hərbi qulluqçu yüksək texnologiyalı 8 protezlə təmin olunub. Ehtiyacı olanlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

S.Babayev, bu görüşlər zamanı, eyni zamanda, xəsarət almış hərbi qulluqçuların sağlamlıq vəziyyəti, tibbi-sosial ekspertizası üçün də məlumatlar toplandığını, amputasiya halları ilə bağlı onlardan bir qisminə artıq uyğun əlillik dərəcələri təyin olunduğunu qeyd edib.

O bildirib ki, hazırda ilk iclası keçirilən bu komissiya da ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, vaxtında, keyfiyyətlə, mərkəzləşmiş şəkildə həyata keçirəcək. Komissiyada təmsil olunan orqanların nümayəndələrindən ibarət olmaqla, hər bir region üzrə işçi qrupları fəaliyyət göstərəcək. Bu işçi qrupları həmin hərbi qulluqçuların birgə əyani müayinəsi, onların xəsarət və xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyən edilməsi işini aparacaq. Bundan sonra müvafiq tibbi sənədlərin elektron sistemə daxil edilməsi və əlilliyin qiymətləndirilməsi aparılmaqla prosesin operativ, şəffaf və keyfiyyətlə icrası təmin olunacaq.

Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da elə əlillik təyin olunan gün proaktiv şəkildə, elektron sistem üzərində avtomatik şəraitdə həyata keçiriləcək. Eyni zamanda, onların reabilitasiya xidmətləri ilə əhatə olunması işləri aparılacaq.

İclasda komissiya tərəfindən görüləcək işlər müzakirə olunaraq tədbirlər planı təsdiq edilib.

Xatırladaq ki, komissiyasının tərkibinə Azərbaycan Respublikası müdafiə, səhiyyə nazirlərinin müavinləri, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri, Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri daxil edilib.

1
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

8
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

8