Azərbaycanda "Zəfər paradı" keçirilib

26
(Yenilənib 16:07 10.12.2020)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

BAKI, 10 dekabr - Sputnik. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa edib.

Bakıda parad
© Sputnik / Mihail Voskresenskiy

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.

Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Dövlət başçılarının çıxışlarından sonra Zəfər paradı başlayıb. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilib.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.

Bakıda parad
© Sputnik / Mihail Voskresenskiy

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.

Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçiblər.

Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edib.

Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçiblər.

Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəliləyiblər. Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edib.

Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçiblər.

Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil olublar.

Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi olub.

Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçiblər.

Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş Zəfər paradını Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.

Daha sonra hərbi texnikaların keçidi başlayıb.

Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradına Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən dəstək verdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirib.

“Dəmir yumruq” əməliyyatının - Vətən müharibəsinin qazilərinin Zəfər paradında tribuna önündən keçidi olub.

Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olundu. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib.

Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.

Bundan sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanına daxil olub. Kolona “Qarabağ” ordenli general-leytenant Nizam Osmanov başçılıq edirdi.

Azadlıq meydanında keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarə olunan “SPIKE-ER”, “NLOS”, “LAHAT” raketləri, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, “Kobra” və “BTR-82A” zirehli transportyorları, PDM-2 və PDM-3 texnikaları, “T-72”, “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirib.

Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi olub. Kolona müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edirdi. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi oldu. Ardınca Vətən müharibəsində Qələbənin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil oldu. Kolona “Zəfər” ordenli general-mayor Ağamir Sultanov başçılıq edib. Meydanda özüyeriyən haubitsa və artilleriya qurğuları - 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “MSTA-S”, 203 millimetrlik “Pion”, eləcə də 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tank əleyhinə “Xrizantema-S” kompleksləri, “DANA” özüyeriyən top-haubitsaları, “Qrad”, “RM-70/85”, “BM-21”, “Smerç” yaylım atəşli reaktiv sistemləri, “TR-300 Qasırğa”, “Ekstra” taktiki, “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi olub.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başlayıb. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılanıb.

Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamladı. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

Paradı Vətən müharibəsinin iştirakçısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani aparıb. 

26
Magistral yolda yeni geri dönmə hissə yaradılıb

İranla Azərbaycanı birləşdirəcək strateji yolla bağlı saziş imzalanıb

15
“Bununla həm məhsulların xarab olmasının və gecikmənin qarşısını almaq olar, həm də daha keyfiyyətli məhsul istehlakçıya çatar”.

BAKI, 18 yanvar - Sputnik. Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Komissiyasının iclasından sonra İranın Yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşüb. 

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə M.İslami Astara-Astara dəmiryolu vasitəsilə mübadilə həcminin 25% artdığını və bunun 2 ölkə arasında əlaqələrin inkişafının göstəricisi olduğunu bildirib.

M.İslami Tranzit məsələsinin önəmindən danışaraq bildirib ki, Azərbaycandan keçmək bizim üçün Şimal-Cənub dəhlizinin aktiv edilməsi üçün bir imkan idi və həmişə bu dəhlizdə magistral yolun fəal olmasını təkid etmişik. O əlavə edib ki, Astara sərhədində avtomobillər üçün yeni terminalın tikilməsini müzakirə etdik, çünki köhnə terminalın mübadilə üçün potensiyalı yoxdur:

“Bu səbəbdən sərhəddə yeni bir avtomobil körpüsünün tikilməsi haqqında razılıq əldə etdik. Bu körpünün tikintisi ilə Bakı-Astara magistral yolu Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək. Gələn ay Astarada bu haqda saziş imzalanacaq və yeni terminalın və körpünün tikintisi üçün təməlqoyma mərasimi keçiriləcək”. 

İranlı nazir bildirib ki, müzakirə edilən digər önəmli məsələ İran şirkətlərinin yenidənqurma işlərində (Azərbaycanın işğaldan azad olunmuş ərazilərində) iştirakı, İran yük maşınlarının Azərbaycana apardıqları yükləri sərhəddə deyil, Azərbaycanda müvafiq məntəqəyə çatdırılması ilə bağlı müzakirə aparılıb: “Bununla həm məhsulların xarab olmasının və gecikmənin qarşısını almaq olar, həm də daha keyfiyyətli məhsul istehlakçıya çatar”.

15
Çörək istehsalı müəssisəsi

Müqəddəs neməti antisanitar şəraitdə bişirən sex aşkarlandı

7
(Yenilənib 22:15 18.01.2021)
Yoxlama zamanı AQTA müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğunu aşkarlayıb.

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, A.Səhhət küçəsi 28 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Səyyarə Oruc qızına məxsus çörək istehsalı müəssisəsinə baxış keçirib. AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.

Belə ki, un məmulatlarının saxlanması zamanı texniki normativ hüquqi aktların tələblərinin gözlənilmədiyi, müəssisədə çalışan işçilərin tibbi müayinədən keçirilmədiyi, xüsusi geyim və baş örtüyündən istifadə edilmədiyi, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyən olunub.

Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

7
Teqlər:
AQTA
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0