XİN-nin binası, arxiv şəklil

Azərbaycan XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

93
(Yenilənib 07:42 26.11.2020)
Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.

BAKI, 25 noyabr - Sputnik. Öncə qeyd etmək istərdik ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifi bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb. Azərbaycan Respublikasının Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

Vurğulamaq istərdik ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.

Əlbəttə, onun da qeyd etməliyik ki, Fransa Respublikasının münaqişənin həlli ilə bağlı rəsmi mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Fransanın Avropa və Xarici İşlər üzrə Nazirliyinin Senatda keçirilən müzakirələrdə çıxış edən dövlət katibi də rəsmi mövqeyi çıxışında ifadə etdi.

Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı.

93
Teqlər:
XİN, qətnamə, Fransa Senatının qərarı, Azərbaycan Res­publikası

Azərbaycanda Anım Günü: Vətən müharibəsinin başlamasından bir il ötür

349
(Yenilənib 14:57 27.09.2021)
Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin ildönümünü qeyd edir, Vətən müharibəsində qəhrəmancasına vuruşan və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü uzun müddət dünyada müzakirə olunacaq, təhlil ediləcək və öyrəniləcək.

Döyüşlərin ilk günündə Azərbaycan Ordusu Ağdərə və Murovdağ istiqamətindəki strateji əhəmiyyətli yüksəklikləri, Füzuli və Cəbrayıl bölgələrində bir neçə kəndi azad etdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, 27 sentyabr - Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin Anım Günü ilə əlaqədar olaraq ölkə sakinləri II Fəxri Xiyabanda şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

Tədbirdə rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər iştirak edirlər. İştirakçılar şəhidlərin xatirəsini ehtiramla yad edir, ruhlarının rahatlıq tapması üçün dualar edirlər.

Həmçinin Lənkəranda Böyük Bazar Cümə məscidində anım mərasimi keçirilib. Tədbirdə şəhid valideynləri, inanclı insanlar və ruhanilər iştirak ediblər. Qurani-Kərimdən surə və ayələr oxunub. Vətənimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda düşmənlə vuruşan qazilərin sağlıqlarına qovuşmaları üçün Allaha dualar edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Qəni Axundzadə xalqımıza başsağlığı verib. O, zəfərin əldə olunmasında dövlət-xalq birliyinin simvoluna çevrilən "Dəmir yumruğ"un əsas rol oynadığını qeyd edib. 

Daha sonra Lənkəran Şəhidlər xiyabanı abidə kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti və şəhid ailələri iştirak ediblər. Qeyd edək ki, Lənkəran Şəhidlər xiyabanı yenidən qurulub, Lənkəran rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən lənkəranlı şəhidlərimizin xatirə lövhələri vurulub.

 

349
Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev

Millət vəkili: “Biz qələbə ilə ermənilərin yaratdıqları mifi darmadağın etdik”

15
(Yenilənib 16:38 27.09.2021)
Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər.
Arzu Nağıyev: “Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı”

“Vətən Müharibəsinin başlanma səbəblərindən biri azğınlaşmış ermənilərin Azərbaycan yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması, sərhədboyu rayonlarımıza qarşı təxribatlar törətməsi idi”. Bunu Sputnik Azərbaycan-a Vətən Müharibəsinin anım günü ilə bağlı danışarkən millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan əks-həmlə əməliyyatları ilə 44 gün ərzində qələbəyə nail oldu: “Biz bu qələbə ilə ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdik. Bu müharibəyə gətirib çıxaran səbəblər var idi. Müharibədən öncə Ermənistan tərəfi Tovuz istiqamətində təxribat törətmişdi. Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər. Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı. Bu ölkə BMT-nin qətnamələrini önəm vermədiyini göstərdi. Eyni zamanda münaqişənin həlli ilə məşğul olmağı öhdəsinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyəti deklarativ bəyanatlardan uzağa getmədi.  Bütün bunlara görə Vətən Müharibəsi başladı. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün BMT qətnamələrini hərbi yolla icra etdi. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuz və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına bu qələbəyə nail oldu”.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

15
Astaralı şəhid Orxan Babayevin fotoları

Öz qanı işə tarix yazan astaralı şəhid Orxan Babayev

0
(Yenilənib 20:47 27.09.2021)
Orxan qumbaraatan idi, orada düşmənin bir neçə tankını və zirehli texnikasını məhv etmişdi. Dostu deyir ki, əgər Orxan olmasaydı, itkilərimiz çox olacaqdı.

BAKI, 27 sentyabr — Sputnik. Şuşa şəhərini erməni qəsbkarlarından azad edərkən adını öz qanı ilə tarixə yazan Daxili Qoşunların Baş çavuşu Şəhid Orxan Babayev. 1994-cü ildə Astaranın Kijəbə qəsəbəsində dünyaya göz açan Orxan ailədə 3-cü övlad olub. "

Biz ailədə 4 qardaş olmuşuq, Orxan məndən sonra 3-cü qardaş idi. Orxan çox mehriban, sadə, yolagedən biri idi. Yaş fərqimiz az olduğuna görə çox yaxın münasibətimiz var idi. Nə çətinliyi, nə sevinci var idisə mənimlə bölüşürdü."- Elvin Babayev şəhid qardaşı haqqında Sputnik Azərbaycana müsahibəsində bildirib.

Elvin Babayev qardaşı Orxanla 44 günlük Vətən müharibəsi zamanı tez-tez əlaqə saxladığını deyib:

"Qərara gəldik ki onun müharibədə olduğunu valideynlərimizə deməyək. Yoxsa onlar üçün hər gün bir ilə dönəcəkdi. Bu səbəbdən sıx-sıx biri-birimizlə əlaqə saxlayırdıq. Döyüşlər zamanı uzun-uzadı danışmağa vaxt olmadığına görə, müəyyən zaman çərçivəsində biri-birimizdən hal-əhval soruşurduq. Harada olduğunu mənə müəyyən şifrələrlə deyirdi. Noyabrın 7-də Şuşa ətrafında şəhid oldu".

© Sputnik / Rahim Muradov
Astaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları

Elvin torpaqlarımızın işğaldan azad edilməsində şəhid qardaşının da payının olmasından qürurlandığını ifadə edib:

"Bu hissi sözlə ifadə etmək olmur. Qardaş itirmək çox acı bir şey olsa da, onun şəhid olması, necə deyərlər, 30 illik xalqımızın həsrətinə son qoyması, bu cür qəhrəmanlıq göstərərək şəhadətə qovuşması ilə ancaq fəxr edirəm. Qürur hissi duyuram ki, Orxan kimi qardaşım var".

Orxanın döyüş və xidmət yoldaşı, eyni zamanda həmkəndlisi Şəhriyar Mərufov da bizimlə xatirələrini bölüşüb: "Biz əvvəldən də dost idik. Hərbi xidmət sadəcə dostluğumuzu daha da möhkəmlətdi. Biz orada çətin günlərdən, çətin sınaqlardan, kurslardan keçmişik. Hərbi xidmətdə isə bizim Orxanla münasibətimiz 2016-cı ildən başlayıb və daha da möhkəmlənib". 

Dostlar müharibə zamanı Füzuli istiqamətindən hərəkətə başlayıblar. Ondan sonra Cəbrayıl, Hadrut, Xocavənddə döyüşüblər. Ən qızğın, son döyüşləri isə Şuşa şəhərini düşmən işğalından azad etmək uğrunda olub.

"Bizə verilən tapşırığa əsasən 3-4 gün ərzində Şuşa şəhəri istiqamətində hərəkət etdik. Biz orada meşələrdən, dağlardan, dağ cığırlarından və çətin yollardan ac-susuz keçdik. Hətta elə olurdu ki, Orxanla birlikdə bir peçenyeni bir neçə hissəyə bölüb yeyəndən sonra hərəkətə başlayırdıq. Şuşada birbaşa düşmənin üzərinə hücumə keçdik.

© Sputnik / Rahim Muradov
Astaralı şəhid Orxan Babayevin fotoları və şəxsi əşyaları

Orada 1553-cü zirvədə düşmənlə atışmada, düşmən postunun yerləşdiyi yüksəkliyi ələ keçirəndən sonra hər qrupa ayrı-ayrı tapşırıqlar verildi. Bizim qrupu həmin yüksəkliyin mühafizəsi üçün saxladılar. Orxanın hərəkət etdiyi qrup isə Şuşanın mərkəzinə doğru irəliləməli idi".

Şəhriyar deyir ki, məhz Orxanın qəhrəmanlığı nəticəsində onların dəstəsində itki az olub: "Şuşa-Laçın koridoru istiqamətindən hərəkət edən erməni tankları bizə atəş açmağa başladılar. Orxan qardaşımız qumbaraatan idi və orada düşmənin bir neçə tankını və zirehli texnikasını məhv etmişdi. O, orada böyük qəhrəmanlıq göstərdi. Əgər o texnikalar məhv edilməsəydi, bizim işimiz çətinləşəcək və itkimiz çox olacaqdı. Noyabrın 5-də mən həmin yüksəklikdə yaralandıqdan sonra onlar döyüş tapşırığını davam elədilər və noyabrın 7-də Şuşa qalası yaxınlığında ermənilərin minaatandan atdığı mərminin partlaması nəticəsində Orxan qardaşımız şəhid oldu".

© Sputnik / Rahim Muradov
Astaralı şəhid Orxan Babayevin medalının vəsiqəsi

Noyabrın 8-i Şuşa alınan gün, xəstəxanada yatan Şəhriyara Orxanın şəhid olduğunun deyiblər.

"Biz buna inanmırdıq. Döyüşlərin bitməyinə 2 gün qalmışdı, həm də elə cəsur, igid qardaşımızı itirməyi biz qəbul edə bilmirdik. Həmişə hücum əmrini gözləyirdik. Bizim Orxanla xüsusi təyinatlıları seçməyimizin, yəni orada xidmət etməyimizin səbəblərindən biri də torpaqlarımızın işğal altında olması idi. İnanırdıq ki, bir gün bu tapşırıq olacaq və torpaqlarımızı düşməndən azad edəcəyik. Torpaqları azad etdikcə, postları aldıqca, bizə dincəlmək əmri veriləndə istirahət etmək yox, qabağa gedib yeni torpaqları işğaldan azad etmək istəyirdik", - deyə Şəhriyar bildirir.  

Prezident İlham Əliyevin sərəncamına əsasən Orxan Babayev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

0