Şuşa şəhərinin ətrafı, arxiv şəkli

Azərbaycana ödəniləcək təzminatın məbləği 100 milyarda çata bilər

217
(Yenilənib 09:29 18.11.2020)
O ki qaldı Ermənistanın Azərbaycana vurduğu ziyanı ödəməkdən imtina etməsinə, Qaya Əliyev deyir ki, Avropa məhkəməsinin qərarları olacaqsa, burada Ermənistan boyun qaçıra bilməz.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. 30 ildir ki, işğal altında saxlanılan torpaqlarımıza erməni qəsbkarlarının vurduğu ziyan ölçüyə gəlməz həddədir. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında vurğulayıb ki, Ermənistan tərəfi vurduğu ziyana görə təzminat ödəməlidir. Artıq Azərbaycan torpaqlarımızın işğalı zamanı Ermənistanın vurduğu ziyanın hesablanması üçün beynəlxalq təşkilatları bu prosesə cəlb edib.

Sputnik Azərbaycan Ermənistanın 30 ilə yaxındır ki, işğal altında saxladığı torpaqlarımıza vurduğu ziyana görə təzminatın hansı sənədə əsasən tələb ediləcəyini, təzminatın məbləği və ödənilməsi ilə bağlı ictimaiyyəti maraqlandıran suallara aydınlıq gətirməyə çalışıb.

Hüquqşünas Qaya Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı dünya praktikası mövcuddur. Onun sözlərinə görə, beynəlxalq hüququn normativ massivi, həmçinin də Avropa İnsan Haqları Məhkəməsi president hüququ, "İnsan Hüquqları və Azadlıqlarının Müdafiəsi Haqqında" 1950-ci il (Roma Konvensiyasında) - Avropa Konvensiyasında bu məsələ öz əksini tapıb: "Haaqa və Cenevrə Konvensiyalarında beynəlxalq humanitar hüququn, müharibə hüququnun pozulması nəticəsində tərəflərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələləri mövcuddur. Ermənistanın törətdiyi elə cinayətlərdir ki, bu əməllər beynəlxalq cinayət hüquq normaları ilə tənzimlənir. Yəni, beynəlxalq cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məsələsi ortaya çıxır. Burada həm fərdi şikayət mexanizmi var, həm də konvensiyaya qoşulmuş dövlətlərin bir-birilərinə tələb irəli sürmək hüquqları var. Beynəlxalq hüquda iki yanaşma var. Birinci yanaşma dövlətin cinayət məsuliyyətini istisna edən yanaşmadır.

Yəni, dövlət yox, fərd cinayət məsuliyyətinə cəlb oluna bilər. Dövlətin məsuliyyəti isə siyasi və mənəvi məsuliyyət ola bilər. İkinci yanaşma isə ondan ibarətdir ki, dövlət özü də cinayət məsuliyyətinin subyekti ola bilər. Biz Avropa Konvensiyası nöqteyi nəzərdən götürsək, Ermənistan dövləti və ayrı-ayrı fərdlər vurduqları ziyana görə məsuliyyət daşıyırlar. Avropa İnsan Haqları Məhkəməsinin mexanizmləri buna imkan verir. Amma beynəlxalq humanitar hüquq, Haaqa və Cenevrə Hüququ dövlətin olmasa belə fərdlərin, vəzifəli hərbi cinayətkarların cinayət məsuliyyətinə cəlb olunmasına əsas yaradır. Amma xoşbəxtlikdən həm Ermənistan, həm də Azərbaycan Avropa Konvensiyasının üzvləridir. Beynəlxalq hüquqa görə, qoşulduğun konvensiyanın öhdəliklərini daşıyırsan. Konvensiyanın üzvü deyilsənsə, sənə heç bir öhdəlik yüklənə bilməz. Ermənistanın törətdiyi beynəlxalq hərbi cinayətlər Roma statusu ilə müəyyən olunur. Belə deyək ki, Roma statusu ilə sanksiyalaşdırılıb. Amma nə biz, nə də Ermənistan Roma statusunun üzvü deyilik. Hal-hazırda ən effektiv mexanizm Avropa Məhkəməsinin mexanizmidir. Yəni, Konvensiya ilə nəzərdə tutulmuş fərdi şikayətlər mexanizmidir. Üzv dövlətlərin, konvensiyada göstərilən kimi, yüksək tərəflərin bir-birinə qarşı tələbləri ola bilər".

O ki qaldı beynəlxalq səviyyədə məhkəmə qərarlarının olacağı təqdirdə Ermənistanın Azərbaycana vurduğu ziyanı ödəməkdən imtina etməsinə, Q.Əliyev deyir ki, Avropa məhkəməsinin qərarları olacaqsa, burada Ermənistan boyun qaçıra bilməz.

Qeyd edək ki, son günlər Ermənistanın vurduğu ziyanın məbləğini Azərbaycana ərazi verməklə ödəməsi məsələsi də müzakirə olunur. Q.Əliyev deyir ki, müasir dövrdə beynəlxalq hüquq buna imkan vermir: "Əvvəlki dövrlərdə belə bir presidentlər olub. Amma bu gün biz ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipini rəhbər tuturuqsa, Ermənistandan vurduğu ziyana görə torpaq tələb etməyimiz bizim mövqeyimizi elastik edər. Müasir beynəlxalq hüquq da buna imkan vermir. Hansısa dövlətin borclarının olması onun ərazi ilə mübadilə edilməsinə əsas vermir. Dövlət deport vəziyyətdə olduqda bu digər dövlətlərə əsas vermir ki, onun ərazi bütövlüyünə toxunsunlar. Müasir dövrdə belə bir mexanizm yoxdur. Borclu dövlət bunu könüllü etməlidir. Ermənistanın da buna könüllü gedəcəyi inandırıcı deyil. Çünki, bu dövlət 30 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğalda saxlayır".

Q.Əliyev bildirir ki, hansısa işğal olunmuş rayonun sakini də bu gün fərdi şəkildə ziyanın ödənilməsi üçün Ermənistanı şikayət edə bilər.

Tanınmış vəkil Fuad Ağayev Sputnik Azərbaycan-a bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanı ödəməsi üçün bir sıra beynəlxalq hüquqi mexanizmlər mövcuddur: "Haaqa məhkəməsi var. Düzdür, Azərbaycan və Ermənistan beynəlxalq məhkəmənin statusunun iştirakçıları deyil. Amma müvafiq razılaşma olarsa, hərbi əməliyyatlardan yaranan dəymiş ziyanla məsələsinə baxa bilər. Azərbaycan Avropa İnsan Hüququları məhkəməsinə dövlət adından Ermənistana qarşı şikayət verə bilər".

F.Ağayev bildirir ki, sülh müqaviləsi çərçivəsində tərəflərin hüquq və öhdəliklərinin əksini tapdığı sənədlə də bu nizamlana bilər: "ATƏT və Minsk qrupu da buna öz töhvəsini verə bilər. 1945-ci ildən sonra Yalta konfransının nəticəsi olaraq Almaniya vurmuş olduğu ziyanı, hətta insanlara vurduğu ziyanla bağlı təzminat ödədi. Hər bir təcavüzkar dövlət əməllərinə görə cavab verməlidir. Əks halda, planetdə cəzasızlıq mühiti yaranar".

F.Ağayev deyir ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməməsi ilə seçilir: "Ehtimal var ki, onlar təzminatdan boyun qaçırsınlar. Odur ki, qərarların icrası ilə bağlı ciddi detallara keçmək hələ tezdir".

Vəkilin sözlərinə görə, ortada nasis Almaniyasının təzminat ödəmə təcrübəsi var: "Tərəflər arasında məhkəmə qərarı olmasa bu imzalana biləcək sülh müqaviləsi ilə həll oluna bilər. Hələki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yoxdur. Hazırda birgə bəyanat var, bu da atəşkəs və sülhməramlıların fəaliyyəti ilə məhdudlaşır. Sülh müqaviləsi imzalanacağı halda isə ərazi mübadiləsi ilə dəymiş ziyan qismən öz həllini tapa bilər".

Şəhid, arxiv şəkli
© Sputnik / Ilham Mustafa

F.Ağayev də deyir ki, Ermənistanın Azərbaycana vurduğu ziyana görə təzminatı ərazisindən vermə ilə ödəməsi Ermənistanın hüququdur: "Əgər Ermənistan başqa şəkildə bunu məqbul saymırsa, təzminatı ərazisindən verməklə ödəmək istəyirsə, Azərbaycan bunu düşünə bilər. Kalinqrad vilayəti Prussiyanın ərazisi idi. Almaniyanın hissəsi sayılırdı. Elzas və Lotorengiya İkinci Dünya Müharibəsi başlamamışdan Almaniyanın ərazisi idi. Almaniya vurduğu ziyanın təzminatını öz ərazisini verməklə ödədi. Kalinqrad Rusiya, Elzas və Lotorengiya isə Fransaya verildi. Almaniyanın ərazisinin bir hissəsi Çexiyanın, Polşanın tərkibinə keçdi. Ona görə də borc içində itib-batan Ermənistanın Azərbaycana vurduğu ziyanın təzminatı olaraq torpaqlarından verməsi mümkündür".

Qeyd edək ki, işğal nəticəsində Azərbaycana dəymiş ziyanın məbləği hələki hesablanmasa da, bunun milyardlarla dollarla ölçüləcəyi barədə fikirlər səslənir.

Ermənistanın keçmiş baş prokuroru və Avropa İnsan Hüquqları Məhkəməsindəki keçmiş nümayəndəsi Gevorg Kostanyan təzminat məsələsindən narahatlığını dilə gətirib: "Bu sənədə görə nəinki ərazilərimizi itirdik, həm də Ermənistan üzərinə bizim və gələcək nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox öhdəlik qoyulub. İki il əvvəl Qarabağ və ətraf yeddi rayonda Azərbaycana dəymiş maddi ziyanla əlaqədar olaraq Ermənistana qarşı təzminat iddiası ilə bağlı məhkəmə prosesinin hazırlandığı barədə xəbərdarlıq etmişdik. Lakin Ermənistanın bu məsələdə məsuliyyət daşıdığı barədə kifayət qədər dəlil olmadığından bu iddianı təqdim edə bilməyiblər".

O qeyd edib ki, Nikol Paşinyan tərəfindən imzalanan sənəd həm də Ermənistanın gələcək nəsillərinin də ödəyə bilməyəcəyi ciddi maliyyə problemlərinə səbəb olacaq.

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana vurulan ziyan mütləq şəkildə ödənilməlidir. O deyir ki, Azərbaycanın Ermənistan dövlətinə qarşı təzminat irəli sürməyə tam haqqı var. Deputat onu da qeyd edib ki, təzminatın məbləği hətta 100 milyarda da gəlib çata bilər: "Hazırda bu təzminatın məbləği barədə dəqiq rəqəm söyləmək olmaz. Prokurorluq bu istiqamətdə işə başlayıb. Amma sözsüz ki, 30 illik işğal zamanı Ermənistanın Azərbaycana vurduğu ziyan kifayət qədər böyükdür. Məcburi köçkünlərin yaşayışı üçün xərclənən vəsait də buraya daxil edilməlidir. Böyük infrastruktur Ermənistan tərəfindən dağıdılıb. Biz sübutlarla dəyən ziyanı ortaya qoyaraq təzminat tələb edəcəyik. Ermənistan bu məsələdə məsuliyyətdən boyun qaçırmağa cəhd etsə də, biz beynəlxalq hüquq prinsiplərini əldə rəhbər tutaraq sona qədər getməliyik".

İqtisadçı Natiq Cəfərli isə öz sosial media hesabında bildirib ki, Azərbaycan ciddi beynəlxalq təşkilatlarla, xarici qiymətləndirmə şirkətləri ilə birgə illərdir işğal altında qalan, ordumuz tərəfindən azad edilən torpaqlarımıza dəyən maddi ziyanı mütləq hesablamalı, bu rəqəmi ciddi əsaslandırmalı, beynəlxalq hüquqa uyğun sənədlər hazırlamalıdır. Sənəddə tək dağıdılmış infrastruktur, binalar, evlər deyil, 27 ildə faktiki itirilmiş qazanc da hesablanmalıdır: "Ermənistan inkar edəcək, razılaşmayacaq, onun onmilyardlarla dollar ödəməyə heç imkanı da olmayacaq, amma doğru və hüquqi hazırlanmış sənəd daim onların başı üzərində "Domokl qılıncı" kimi asılmalıdır, hər fürsətdə, həm danışıqlar masasında, həm də beynəlxalq siyasi-hüquqi müstəvidə xatırladılmalıdır. Tarixi abidələrlə bağlı xüsusi araşdırma və qiymətləndirmə aparılmalı, bu sənədlər mövzu ilə məşğul olan bir çox beynəlxalq təşkilatlarda ayrıca qaldırılmalıdır. Bu tək maddi yox həm də mənəvi təzminat üçün əsas yarada bilər. Mənim Ermənistanın milyardlarla dollar təzminatı qəbul edib ödəyəcəyi ilə bağlı heç bir ümidim, illüziyam yoxdur - amma bu o demək deyil ki, məsələ beynəlxalq müstəvidə qaldırılmamalıdır".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təzminat ödəməli olduğunu açıqlayıb:

"İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz.

İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər".

217
Teqlər:
Konvensiya, müharibə, vəkil, təzminat, Ermənistan, Azərbaycan

Azərbaycanın xarici ticarət göstəriciləri

1
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

1
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda

7
(Yenilənib 10:46 24.11.2020)
Prezident: Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb.

BAKI, 24 noyabr — Sputnik. "Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi".

Bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən, demək olar ki, müharibənin ilk günlərindən çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə demişdim ki, - bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib, - bizə tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazirin, yaxud müdafiə nazirin yox, hansılar ki, bu məğlubiyyətə görə işdən qovuldular, sən özün, Paşinyan, bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum.

Əgər mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!

Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

7
Teqlər:
istehkam, Şuşanın azad olunması, Azərbaycan prezidenti İlham Əliyev, Serj Sarkisyan, Robert Koçaryan, Ağdamın azad olunması
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

0
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

0
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden