Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

"Onlar Türkiyəyə Azərbaycana qarşı tarixi nifrət aşılayırlar" - İlham Əliyev

34
(Yenilənib 11:53 24.10.2020)
Dövlət başçısı qeyd edib ki, müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu.

BAKI, 24 oktyabr — Sputnik. "Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara başladılar".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu: "Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizələməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verirdi. Ona görə də bu, insanların barışa bilməməsi üçün bir növ səbəb olmamalıdır. Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Lakin 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar.

Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var".

34
 Rusiya sülhməramlıların Xankəndində hospitalı

Rusiya sülhməramlıları Xankəndində hospital açıb

14
(Yenilənib 14:45 30.11.2020)
Hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var

BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Pnevmokarkas modulların yerləşdirilməsi başa çatıb. İlk növbədə biz sülhməramlı kontingentin tibbi təminatını həyata keçirəcəyik. Biz dinc əhaliyə də yardım etməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik", - deyə tibbi bölmənin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var: "Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".

14
Teqlər:
laboratoriya, Rusiya, sülhməramlılar, Xankəndi
Bakıda yağışlı hava

Dekabr gözlədiyimiz kimi olacaq

10
(Yenilənib 14:39 30.11.2020)
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 19-32 mm) gözlənilir.

BAKI, 30 noyabr — Sputnik. Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 4-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 8-13, bəzi günlərdə 4-6 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 24-34 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 6-9, dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7, bəzi günlərdə 9-14 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 27-53 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 2-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı (norma 24-48 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 4-7 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 19-32 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4-8 dərəcə isti, bəzi günlərdə 0-4, dağlarda 6-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 1-5 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 45-106 mm) gözlənilir.

10
Teqlər:
Xocavənd, Xocalı, Abşeron yarımadası, Bakı, Yağış
Работа за компьютером, фото из архива

"Qara cümə"nin "Kiber bazar ertəsi" - bu gün daha çox qorunmalısınız

0
(Yenilənib 15:39 30.11.2020)
Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır.

BAKI, 30 noyabr — Sputnik. Böyük endirim və satış günü olan "Qara Cümə" gününün ardınca "Kiber bazar ertəsi" günü gəlir. Bu gün bu il 30 noyabr tarixinə təsadüf edir. "Kiber bazar ertəsi" günü "Qara Cümə" kimi hər il insanların Yeni il bayramına hazırlaşmağa başladığı bir dövrdə keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Kapersky"nin məlumatına görə, həmin dövrdə markalar yaxşı endirimlər təklif etdikləri və təcavüzkarların gizlənməsini asanlaşdıran çox sayda mesaj göndərdikləri üçün, fişinq və fırıldaqçı hücumların sayı əhəmiyyətli dərəcədə artır:

"Əvvəlki illərin təcrübəsindən də göründüyü kimi, dördüncü rübdə, xüsusilə maliyyə sektorunu hədəf alan fişinq hücumlarının faizi, bütöv il ilə müqayisədə təxminən 10% daha yüksək olub. Fırıldaqçılar bu il də koronavirus mövzusundan aktiv şəkildə istifadə edirlər. Bu il ən geniş yayılan əfsanələrdən biri, guya müəyyən vətəndaş qruplarına görə verilən sosial müavinətlər idi. Təkcə 2020-ci ilin birinci yarısında "Kaspersky" mütəxəssislərinin aşkar etdiyi bu cür saxta mənbələrin sayı keçən ilin ilk altı ayı ilə müqayisədə təxminən beş dəfə çox olub. Təcavüzkarlar adətən uydurma fondlardan maddi yardım, müavinətlər və müxtəlif növ ödəmələr təklif edən xəbərdarlıqları təqlid edirlər".

"Böyük markalar tərəfindən təşkil olunduğu iddia edilən saxta aksiya və anketlərin istifadə edildiyi fırıldaq mənbələrinin də sayı artır. Bunlar istifadəçilərə müəyyən "komissiya" ödənişi qarşılığında böyük pul mükafatlarının vəd olunduğu saxta saytlardır. Bu sxem nəticəsində yalnız kiber cinayətkarlar pul əldə edirlər. 2020-ci ildə fırıldaqçılıq dünya istifadəçiləri üçün getdikcə daha aktual bir təhlükəyə çevrilir: mütəxəssislərimizin fikrincə, bu cür mənbələrin sayı daha da artacaq. İnsanlar getdikcə internetdə daha çox vaxt keçirirlər və kiber cinayətkarlar da bundan istifadə edirlər. Hiylələrini cari xəbər gündəminə uyğunlaşdırır və istifadəçiləri onlara könüllü olaraq pul köçürmək üçün aldadırlar. Son vaxtlar fırıldaqçılar mütəmadi olaraq lotereya və aksiyalara olan maraqdan istifadə edirlər. Pulu verməzdən əvvəl, məbləğin miqdarı əhəmiyyətsiz görünsə belə, pul köçürməyinizi tələb edən istənilən təklifdən şübhələnməyinizi tövsiyə edirik," - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Fırıldaqçıların tələsinə düşməmək üçün, "Kaspersky" onlayn təhlükəsizliyin əsas qaydalarını xatırladır:

• elektron poçt, messencer və ya sosial şəbəkələrdə şübhəli linklərə daxil olmayın və şübhəli saytlarda reklam banerlərinə klikləməyin;

• ödəniş üçün məlumat daxil etməzdən əvvəl ünvan zolağındakı saytın ünvanını diqqətlə yoxlayın;

• onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual bir kart almaq, içində az miqdarda pul saxlamaq və gündəlik pul çıxarma qoymaq daha yaxşı olar;

• onlayn mağaza naməlum bir mənbədirsə, xüsusi whois (kimdir?) xidmətlərindəki domen məlumatlarını yoxlamaq daha yaxşı olar: tamamilə təzədirsə və fərdi olaraq qeydiyyatdan keçibsə, oradan heç nə almamalısınız;

• fişinq və ya fırıldaqçılıq saytına və ya zərərli reklam banerlərinə girmək cəhdini əngəlləyəcək təhlükəsizlik proqramı quraşdırmaq təhlükəsizlik üçün faydalıdır.

0