BAKI, 17 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Gəncə şəhərinin növbəti dəfə atəşə tutulması ilə bağlı bəyanatla çıxış edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda deyilir:
"2020-ci il oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40 dan çox insan ciddi yaralanıb.
Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.
Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.
Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.
Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir".
BAKI, 27 yanvar — Sputnik. Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.
Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.
Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.
BAKI, 27 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.
"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
1. Maliyyə vəziyyəti haqqında hesabat
2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat
3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər
Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış" forması təsdiq edilib.
Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.
Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova.
BAKI, 27 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 166427-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 195 nəfər artıb.
Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3056-ya çatıb. Xəstəlikdən sağalanların sayı 156053 nəfər olub. Hazırda bu ölkədə 6557 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 milyonu keçib, 2,15 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.