ABŞ-da azərbaycanlıların aksiyası

Amerikada yaşayan azərbaycanlı qadınlardan möhtəşəm addım

141
(Yenilənib 20:42 15.10.2020)
Amerikanın Virciniya ştatında yaşayan Şamama Məmmədova, Mənsurə Məmmədova və Elmira Səfərova Azərbaycan bayrağı tikiblər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri dünya azərbaycanlılarını bir daha yumruq kimi birləşdirib. Amerikanın müxtəlif ştatlarında, Finlandiyada, Almaniyada, Böyük Britaniyada, Macarıstanda, İordaniya və digər ölkələrdə yaşayan azərbaycanlılar Qarabağ həqiqətlərini çatdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirib və şüarlar səsləndiriblər. Vəzifəsindən və tutduğu statusdan aslı olmayaraq hər kəs öz töhfəsini verməyə çalışır.

Amerikanın Virciniya ştatında yaşayan Şamama Məmmədova və qızı Mənsurə Məmmədova əl-ələ verib bayraq tikiblər. Bu barədə Sputnik Azərbaycan-a danışan Şamama Məmmədova deyir ki, sözügedən bayraq 6 saat müddətində tikilib: "Sözün düzü, mən müəlliməyəm. Yəni, demək istəyirəm ki, dərzilik işində elə də səriştəm yoxdur. Amerikada Qadınlar Cəmiyyətinin istəyi ilə biz bu bayrağı çox böyük həvəslə tikdik. Amerika vaxtı ilə saat 21-də başladıq, səhər 3-də yekunlaşdırdıq. Ən böyük arzumuz bundan da uzun bayraq tikib Qarabağımızda dalğalandırmaqdır. Qələbə günümüz üçün daha çox bayraq tikməyə hazırıq. Allah dövlətimizi, Ordumuzu, xalqımızı qorusun. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, onların tikdiyi bayrağın uzunluğu 15 metrdir. Onun dediyinə görə, hazırda başqa bir bayrağı tikməyə hazırlaşırlar.

Bundan başqa, Virciniyada yaşayan Elmira Səfərovanın tikdiyi böyük ölçülü bayraq nümayiş olunub.

Hər üç xanımın əl işi olan 3 rəngli bayrağımız Amerikada Ağ Evin qarşısında təşkil olunan mitinqdə dalğalanıb.

141
 Astara rayonunun Şiyəkəran kəndində 20 Yanvar şəhidlərinə ucaldılan abidə

Şəhidlərə ucaldılan ilk abidə: "Dedilər, səni həbs edərik" - FOTO

117
1990-cı ildə 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Azərbaycanın cənubunda qoyulub. Amma bu abidə qoyulandan bir il sonra onun təşəbbüskarı müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişib

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsini daim uca tutub. Bakıda törədilən qətliamdan sonra xalqımız şəhid olanları böyük ehtiramla dəfn etdi. O vaxt Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Astara rayonunun Şiyəkəran kəndində ucaldılıb. Kənd sakini Yunus Qulamov bu abidənin şəhidlərimizin qırx mərasiminə bir həftə qalmış hazırlanıb kəndin mərkəzində qoyulduğunu Sputnik Azərbaycan-a bildirdi.

© Sputnik / Rahim Murad
Astara rayonunun Şiyəkəran kənd sakini Yunus Qulamov

- Həmin günlərdə yollar, xüsusən də Ələt-Astara yolu bağlanmışdı. Abidəni Bakıda hazırladıb sovxozun yük avtomobillərindən birinin yük yerində gizlicə kəndə gətirdilər. Abidənin qoyulmasının təşəbbüskarı mənim rəhmətlik dayım, həmin illərdə Şiyəkəranda coğrafiya müəllimi işləyən, 34 yaşlı Ənnam Əmrayev olub. Rəhmətlik Ənnam müəllim bu abidəni qoymaq istəyəndə o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları dəfələrlə hədə-qorxu gələrək maneə törətməyə çalışıblar. Lakin Ənnam müəllim öz istədiyinə nail oldu. Amma bu abidə qoyulandan bir il sonra Ənnam Əmrayev müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişdi. Ənnam müəllimin vaxtsız və müəmmalı şəkildə ürək xəstəliyindən vəfat etməsində keçmiş DTK-nın rolunun olduğundan bütün kənd camaatı şübhələndi.

- Abidənin qoyulması üçün lazım olan vəsaitin hamısını mərhum Ənnam müəllim təkcə özümü ödədi?

- Vəsaitin çox hissəsini rəhmətlik dayım Ənnam müəllim vermişdi, digər hissəsi kəndimizdə Sovet hökumətinə qarşı çıxan və müstəqilliyimizi tələb edən kənd ziyalıları tərəfindən verildi.

© Sputnik / Rahim Murad
Astara rayonunun Şiyəkəran kəndinin girişi

- Mərhum dayınıza həmin vaxt DTK-dan savayı daha kimlər təzyiq göstəriblər?

- Həmin dövrdə rayon rəhbərliyi təzyiq göstərmədi. Amma Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları açıq-aşkar təzyiqlər göstərirdilər. Hətta bir neçə dəfə rayon mərkəzinə çağıraraq, “Səni həbs edərik” deyə təhdid də ediblər. O vaxt Astara Rayon Partiya Komitəsinin sədri Sultan Məmmədov idi və bir dəfə də Ənnam müəllimə: “Biz sənə xəbərdarlıq etsək də, mənən səninləyik”, - deyib.

- Yunus müəllim, 20 Yanvar hadisələri vaxtı Bakıda Şiyəkərandan şəhid olan vardımı?

- Həmin hadisələr vaxtı kəndimizdən kimsə orada şəhid olmamışdı. Lakin hadisələrdən sonra Şiyəkəranın hər yerində işıq dirəklərindən qara bayraqlar asılmışdı. Düzü, bu bəyənilmədi, amma insanlarda olan azadlıq eşqi və şəhidlərimizə olan ehtiram hissi güclü olduğundan dirəklərdən qara bayraqları sökmədilər.

© Sputnik / Rahim Murad
Astara rayonunun Şiyəkəran kəndində 20 Yanvar şəhidlərinə ucaldılan abidə

- Azərbaycanda şəhidlərin xatirəsinə ilk ucaldılan abidə olduğu üçün qonşu kənddən və ya rayonlardan gəlib ziyarət edən olurdumu?

- Bildiyimiz kimi, həmin dövrlərdə yanvar hadisələrinə siyasi qiymət verilmədiyi üçün Bakıda uzun müddət şəhidlərin xatirəsinə abidə ucaldılmadı. Dediyim kimi, bu, yeganə abidədir ki, şəhidlərimizin qırxı çıxmamış artıq kəndimizdə qoyulmuşdu. Artıq kəndimizdə bir növ adət halı alıb, yeni evlənənlər nikah günü gəlib burada abidənin önündə xatirə fotosu çəkdirirlər. İndi də hər il 20 Yanvar hadisələrinin ildönümündə bütün kənd camaatı sözügedən abidəni ziyarət edir.

117
Teqlər:
tarix, şəhidlər, abidə, Astara, 20 Yanvar
Vüqar Muradov, arxiv şəkli

Tanınmış müğənni Şuşa fatehinə mahnı həsr edib - VİDEO

640
(Yenilənib 22:00 20.01.2021)
Müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur. Sözügedən mahnı baş leytenant Asəf Ağayev başda olmaqla, bütün şəhidlərimizə həsr olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.

Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

640
Teqlər:
şəhid, Şuşa, mahnı, Vüqar Muradov
Koronavirus modeli, arxiv şəkli

Yalançı koronavirus təkcə orqanizmi deyil, ruhu da zədələyir

0
(Yenilənib 00:20 21.01.2021)
Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

 

BAKI, 21 yanvar — Sputnik. COVID-19-a yoluxma qorxusu nəticəsində meydana gələn təşviş pozuntusu probleminə vaxtında müdaxilə edilmədiyi təqdirdə bəzi şəxslərdə psixoloji olaraq "yalançı koronavirus" meydana gələ bilər.

Sputnik Türkiyə xəbər verir ki, professor Ebru Salçıoğlunun fikrincə, bəzi vətəndaşlar koronavirus əlamətlərinin olduğuna inanaraq, xəstəxanaya gedirlər.

"Pandemiya səbəbilə dünyada hər 4 nəfərdən birində təşviş pozuntusu və depressiya müşahidə edilir. Bunun qarşısı alınmadığı təqdirdə hər kəs özünü koronavirusa yoluxmuş kimi hiss edə bilər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlarda səbəbi məlum olmayan əlamətlər müşahidə edilə bilər. Bu zaman mütəxəssislər psixoloji səbəblərə baxırlar. Özünü ifadə edə bilməyən və ortaya çıxmayan duyğular bədənimizə təzahür edir. Bunlar çox zaman nevroloji əlamətlər şəklində özünü büruzə edir. Hərəkət pozuntuları və müvəqqəti korluq da müşahidə edilə bilər.

Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

"Mütəmadi olaraq, təşviş pozuntusu yaşayan şəxslər təmiz olmaq üçün deyil, təmiz görünmək üçün gigiyenik qaydalara əməl edirlər. Məsələn, əlləri kirləndiyi zaman təmizləmək üçün deyil, təmiz görünmək üçün yuyurlar. Bəzi insanlar koronavirus haqqında danışdıqdan sonra əllərini yuyub, dezinfeksiya edirlər", - deyə həkim əlavə edib.

0
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası