BAKI, 15 sentyabr — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar olaraq keçirilən reyd zamanı Qabaqçöl qəsəbəsi ərazisində yerləşən mağazada obyekt sahibi və onun oğlu tibbi maskadan istifadə etmədikləri üçün onlara pandemiya şəraitinə uyğun olaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb.
DİN Mətbuat Xidmətinin Şəki Regional Qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu zaman həmin şəxslər polis əməkdaşları tərəfindən tutulan iradlardan nəticə çıxarmayaraq, tabesizlik göstəriblər. Daha sonra 2 nəfər qəsəbə sakini də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, onlara qarşı müqavimət göstərməyə cəhd ediblər. Bundan sonra bir qrup qəsəbə sakini həmin əraziyə toplaşıb. Polis şöbəsinin rəhbərliyi hadisə yerinə gələrək, onlarla profilaktik söhbətlər aparıb və sakinlər öz evlərinə gediblər. Polisin qanuni tələbinə tabe olmayan 4 nəfər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.
Bu faktdan sui-istifadə edən bəzi düşmən qüvvələr tərəfindən maliyyələşən sosial şəbəkələrdə özünü dini icma sədri Afsələddin Axmedov kimi qələmə verən, əslində isə ad, soyadı Eyvaz Heydərov olan şəxs həmin hadisəni təhrif edərək, guya qəsəbə ərazisində milli azlıqların hüquqlarının tapdalanması, polislər tərəfindən onlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə əsassız, qərəzli fikirlər səsləndirib.
Qəsəbə ağsaqqalları və ziyalıları isə “avarların sıxışdırılması” kimi uydurma fikirlər səsləndirən, qəsəbə sakinləri adından danışan və hazırda Azərbaycandan kənarda yaşayan həmin şəxsi ciddi qınayıblar və digərlərini onun belə təxribat xarakterli fikirlərinə inanmamağa çağırıblar.
BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
BAKI, 22 yanvar — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə yanvarın 18-dən tətbiq edilən yumşaldılmaları bəzi vətəndaşlarımız yanlış anlayıblar.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhər və 12 rayonda quraşdırılmış xüsusi postlarda hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.
Yanvarın 21-də postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıb. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edib.