BAKI, 5 sentyabr — Sputnik. Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində iştirakı ilə bağlı açıqlama yayıb.
Sputnik Azərbaycan bildirir ki, qurumun sosial media hesabından yayılan məlumata görə, cari ilin sentyabr ayında Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcəklər.
Qeyd olunan hərbi təlimlərə sadəcə olaraq iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün hərbçilərimiz Rusiyada keçirilən "Tank biatlonu"nda çıxışlarını başa vuraraq 16 ölkə arasında 4-cü yeri tutublar.
Eyni zamanda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, bu gün Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.
Sentyabrın 3-də isə "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsinə yekun vurulub. Beynəlxalq hakimlər briqadası tərəfindən qiymətləndirmə aparılıb. Keçirilən ümumi mərhələlərin yekun nəticələrinə əsasən, Azərbaycan və Rusiya hərbi dənizçiləri bərabər bal toplayaraq müsabiqənin qalibi olublar.
Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsini daim uca tutub. Bakıda törədilən qətliamdan sonra xalqımız şəhid olanları böyük ehtiramla dəfn etdi. O vaxt Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə Astara rayonunun Şiyəkəran kəndində ucaldılıb. Kənd sakini Yunus Qulamov bu abidənin şəhidlərimizin qırx mərasiminə bir həftə qalmış hazırlanıb kəndin mərkəzində qoyulduğunu Sputnik Azərbaycan-a bildirdi.
- Həmin günlərdə yollar, xüsusən də Ələt-Astara yolu bağlanmışdı. Abidəni Bakıda hazırladıb sovxozun yük avtomobillərindən birinin yük yerində gizlicə kəndə gətirdilər. Abidənin qoyulmasının təşəbbüskarı mənim rəhmətlik dayım, həmin illərdə Şiyəkəranda coğrafiya müəllimi işləyən, 34 yaşlı Ənnam Əmrayev olub. Rəhmətlik Ənnam müəllim bu abidəni qoymaq istəyəndə o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları dəfələrlə hədə-qorxu gələrək maneə törətməyə çalışıblar. Lakin Ənnam müəllim öz istədiyinə nail oldu. Amma bu abidə qoyulandan bir il sonra Ənnam Əmrayev müəmmalı şəkildə 35 yaşında dünyasını dəyişdi. Ənnam müəllimin vaxtsız və müəmmalı şəkildə ürək xəstəliyindən vəfat etməsində keçmiş DTK-nın rolunun olduğundan bütün kənd camaatı şübhələndi.
- Abidənin qoyulması üçün lazım olan vəsaitin hamısını mərhum Ənnam müəllim təkcə özümü ödədi?
- Vəsaitin çox hissəsini rəhmətlik dayım Ənnam müəllim vermişdi, digər hissəsi kəndimizdə Sovet hökumətinə qarşı çıxan və müstəqilliyimizi tələb edən kənd ziyalıları tərəfindən verildi.
- Mərhum dayınıza həmin vaxt DTK-dan savayı daha kimlər təzyiq göstəriblər?
- Həmin dövrdə rayon rəhbərliyi təzyiq göstərmədi. Amma Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları açıq-aşkar təzyiqlər göstərirdilər. Hətta bir neçə dəfə rayon mərkəzinə çağıraraq, “Səni həbs edərik” deyə təhdid də ediblər. O vaxt Astara Rayon Partiya Komitəsinin sədri Sultan Məmmədov idi və bir dəfə də Ənnam müəllimə: “Biz sənə xəbərdarlıq etsək də, mənən səninləyik”, - deyib.
- Yunus müəllim, 20 Yanvar hadisələri vaxtı Bakıda Şiyəkərandan şəhid olan vardımı?
- Həmin hadisələr vaxtı kəndimizdən kimsə orada şəhid olmamışdı. Lakin hadisələrdən sonra Şiyəkəranın hər yerində işıq dirəklərindən qara bayraqlar asılmışdı. Düzü, bu bəyənilmədi, amma insanlarda olan azadlıq eşqi və şəhidlərimizə olan ehtiram hissi güclü olduğundan dirəklərdən qara bayraqları sökmədilər.
- Azərbaycanda şəhidlərin xatirəsinə ilk ucaldılan abidə olduğu üçün qonşu kənddən və ya rayonlardan gəlib ziyarət edən olurdumu?
- Bildiyimiz kimi, həmin dövrlərdə yanvar hadisələrinə siyasi qiymət verilmədiyi üçün Bakıda uzun müddət şəhidlərin xatirəsinə abidə ucaldılmadı. Dediyim kimi, bu, yeganə abidədir ki, şəhidlərimizin qırxı çıxmamış artıq kəndimizdə qoyulmuşdu. Artıq kəndimizdə bir növ adət halı alıb, yeni evlənənlər nikah günü gəlib burada abidənin önündə xatirə fotosu çəkdirirlər. İndi də hər il 20 Yanvar hadisələrinin ildönümündə bütün kənd camaatı sözügedən abidəni ziyarət edir.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.
Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.