Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Ermənistan ordusunun müdafiəsinin dərinliyindəki hərbi obyektləri vura bilərik

161
Əgər Ermənistan tərəfində TOS-1 ağır odsaçan və "Qrad" yaylım atəşli reaktiv sistemlərinin tərəfimizdən tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin

BAKI,  1 avqust — Sputnik. Azərbaycan Ordusunun minaatan, raket və artilleriya zərbələri nəticəsində guya Ermənistanın mülki infrastrukturuna $300.000 dəyərində ziyan vurulması ilə bağlı yayılan məlumat sərhədyanı yaşayış məntəqələrində yerləşən köhnəlmiş və texnogen qəzalar nəticəsində sıradan çıxmış fərdi yaşayış binalarının, uşaq bağçalarının, su və qaz borularının, zavodların, müəssisələrin, bir sözlə illərlə baxımsızlıq səbəbindən onsuz da qəzalı vəziyyətdə olan, yaxud xarabalığa çevrilən obyektləri təmir etməyə gücü və imkanı çatmayan Ermənistan hökumətinin bütün günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdindən başqa bir şey deyildir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən bildirilib.

Müəyyən bir ziddiyyət yaranır. Dövlət sərhədinin Tovuz istiqamətində iyul döyüşləri zamanı Ermənistan müdafiə nazirliyi dəfələrlə bəyan etdi ki, hərbi əməliyyatlar zamanı erməni tərəfi "layiqincə" müdafiə olunub, əhəmiyyətli dərəcədə itki verməyib, Ermənistanın yaşayış məntəqələrinə və infrastrukturuna vurula biləcək mümkün dağıntıların qarşısını alıb. Lakin heç iki həftə belə keçməmiş Ermənistan İstintaq Komitəsinin sədri Qayk Qriqoryan Tavuş vilayətinə vurulan "miqyaslı ziyan" barədə həyəcan təbili çalmağa başladı. Göründüyü kimi, Ermənistanın bir rəsmi dövlət nümayəndəsinin açıqlaması digər dövlət rəsmisinin açıqlamasına tamamilə ziddir. Bu da onu göstərir ki, Ermənistan tərəfinin yaydığı hətta rəsmi məlumatlar belə sırf yalan və böhtan üzərində qurulur.

Bir daha bəyan edirik ki, düşməndən fərqli olaraq Azərbaycan Ordusunun bölmələri mülki vətəndaşları, yaşayış məntəqələrini, yaşayış binalarını və mülki obyektləri heç vaxt hədəfə almır və heç vaxt atəşə tutmur. Azərbaycanın hərbi qulluqçuları heç vaxt mülki əhali ilə savaşmır. Ermənistan tərəfinin bütün iddiaları və ittihamları tam əsassızdır. Bütün bunlar Ermənistanın beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək məqsədilə etdiyi uğursuz cəhddir.

O ki, qaldı Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və "Qrad" yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı Ermənistanın İstintaq Komitəsinin əsassız iddialarına, birmənalı şəkildə qeyd etməliyik ki, bu döyüşlərdə Azərbaycan Ordusu qeyd olunan silah növlərindən istifadə etməyib. Bu silahlardan və digər daha müasir silah növlərindən Azərbaycan Ordusu yalnız düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi təyinatlı obyektlərin, hərbi infrastrukturun, həmçinin böyük ərazilərdə olan canlı hərbi qüvvəsinin dəqiq atəşlə məhv edilməsi üçün istifadə etməyi nəzərdə tutub. Lakin bilindiyi kimi bu cür obyektlər tərəfimizdən hələlik hədəfə alınmayıb və məhv edilməyib. 

Əgər erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycan Ordusu adı çəkilən silahlardan istifadə etsəydi, o zaman dağıntıların və dəyən ziyanın miqyası dəfələrlə artıq olardı. Əksinə, bu döyüşlər zamanı düşmən tərəfindən bölmələrimizin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrimiz və mülki obyektlərin də intensiv artilleriya atəşinə tutulması nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin dinc sakini 76 yaşlı Əziz Əzizov həlak olub. Bununla yanaşı, mülki əhaliyə, dövlət əmlakı, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir.

Azərbaycan Ordusunun bölmələri yalnız düşmənin tətbiq etdiyi silah və döyüş vasitələrinin gücü və dağıdıcı imkanlarına uyğun müvafiq adekvat cavab tədbirləri görüb. Əgər Ermənistan tərəfində TOS-1 ağır odsaçan və "Qrad" yaylım atəşli reaktiv sistemlərinin tərəfimizdən tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin.

Bu xəbəri qəti surətdə rədd edir, yayılan məlumatın növbəti yalan olduğunu bildiririk. Ermənistan bu cür dezinformasiya xarakterli məlumatlar yaymaqla hər zaman olduğu kimi bu dəfə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

161
Əldə bıçaq, arxiv şəkli

Binəqədidə 68 yaşlı kişini naməlum şəxslər öldürdülər

1
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 14 avqust — Sputnik. Avqustun 12-də 1952-ci il təvəllüdlü Hüseyn Məmmədova Binəqədi rayonu ərazisində naməlum şəxs (şəxslər) tərəfindən bıçaqla xəsarət yetirilməsi və aldığı xəsarətdən 13 avqust 2020-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1
Əlaqədar
Şəmkirdə qohumlar arasında dava - ölən var
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Səbaildə boğazı kəsilən azyaşlı haqqında məlumat var
İmişlidə qətl - iki qohum bıçaqlandı, biri öldü
 Pandemiya zamanı imtahan, arxiv şəkli

DİM kolleclərlə bağlı abituriyentlərə müraciət etdi

4
(Yenilənib 12:20 14.08.2020)
İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək

BAKI, 14 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər "qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən 17-21 və 24 avqust tarixlərində 2020/2021-ci tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanları keçiriləcək.

İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək. 8 komissiya üzrə qabiliyyət imtahanları ilk dəfə olaraq onlayn keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində 7 binada təşkil ediləcək.

Abituriyentlər 14-18 avqust 2020-ci il tarixlərində DİM-in saytından "qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Qabiliyyət imtahanları təsviri sənət istiqaməti ilə başladığına görə bu istiqamət üzrə imtahan verən abituriyentlərə buraxılış vərəqələrini avqustun 16-na qədər çap etmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- qabiliyyət imtahanına buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannaməni (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

142, 143, 342-ci komissiyaları (xoreoqrafiya və rəqs müəllimliyi) seçən abituriyentlər qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağ ciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli­ və özləri ilə rəqs paltarı gətirməlidirlər.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi" ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

4