Xilasedicilər Pakistanda qəzaya uğramış sərnişin təyyarəsinin ətrafında

İlham Əliyev təyyarə qəzası ilə bağlı başsağlığı verdi

16
(Yenilənib 20:04 22.05.2020)
Bildirilir ki, qəzaya uğrayan, AP-BLD qeydiyyat nömrəli Airbus A-320 15 il əvvəl istehsal olunub. Aviaşirkətin baş direktoru Ərşad Malikin sözlərinə görə, faciənin səbəbi texniki nasazlıq ola bilər

BAKI, 22 may — Sputnik. Prezident İlham Əliyev pakistanlı həmkarı Arif Alviyə başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Qeyd edək ki, bu gün Kəraçi şəhərində "Pakistan Hava Yolları"na məxsus təyyarə qəzaya uğrayıb. ​Kəraçi şəhərinin meri Vasim Axtarın bildirdiyinə görə, qəzaya uğrayan Airbus A320 təyyarəsində olan 107 nəfərin hamısı həlak olub. Axtar həmçinin qeyd edib ki, yerdə beş-altı yaşayış evi də dağılıb, amma yerli sakinlər arasında ölənlərin olması barədə hələlik məlumat yoxdur.

Təyyarə Lahordan Kəraçiyə uçurmuş. Flightradar24 servisinin məlumatına görə, saat yarımlıq uçuşdan sonra təyyarə eniş etməyə çalışsa da, bu cəhd 84 m hündürlükdə mümkünsüz olub. 12:40-da hava gəmisi radarlardan itib.

Təyyarə yaşayış məhəlləsinin üzərinə düşüb.

Bildirilir ki, qəzaya uğrayan, AP-BLD qeydiyyat nömrəli Airbus A-320 15 il əvvəl istehsal olunub. Aviaşirkətin baş direktoru Ərşad Malikin sözlərinə görə, faciənin səbəbi texniki nasazlıq ola bilər. Pakistan hökuməti araşdırmalara başlayıb.

16
Noutbuk arxasında kişi, arxiv şəkli

"Titanik" kimi batmaq, yoxsa... Ən oxunaqlı sayta çevrilmənin yolları

2
(Yenilənib 22:37 29.05.2020)
Növbəti vebinarda veb-analitik saytın məqsədli auditoriyasının analizinin aparılması və baxış sayının artırılmasından danışıb

BAKI, 29 may — Sputnik. “Titanik” faciəsi niyə baş verdi? SputnikPro-nun növbəti, sayca səkkizinci, veb-analitikaya həsr olunmuş vebinarı bu gözlənilməz sualla başladı.

“Faciə niyə baş verdi? Əsas səbəb – kapitanla onun köməkçisinin məsuliyyətsizliyi idi, ikinci səbəb isə - pis naviqasiya cihazları idi. İndi onlar inkişafda bir neçə addım irəliləyib”, - deyə “A-dan Z-yə veb-analitika və ya yeni başlayanlar üçün saytların veb analizi alətləri” onlayn sessiyasının spikeri, “Rossiya Seqodnya” BİA-nın veb-analitiki İqor Tuquşev bildirib.

O, peşəkar fəaliyyətə proqramçı, sonradan “Adlabs” reklam agentliyində veb-analitik kimi başlayıb, ümumi marketinq strategiyasının hazırlanması, təşviqat strategiyasının effektiv dəyişikliyi sahəsində iri beynəlxalq şirkətlərlə işləyib. İ.Tuquşev həmçinin analitika sahəsində tədqiqatlar da aparıb. 

“Nahaq yerə bu misalı çəkmədim, çünki “Titanik”lə sizin internet okeanına buraxdığınız internet-servis arasında analogiya aparmaq çox asandır. Əgər müasir naviqasiya alətlərindən istifadə etməsəniz, o zaman okeanda kor-koranə üzəcəksiniz”, - deyən ekspert izah edib ki, naviqasiya alətləri dedikdə veb-analitikanı nəzərdə tutur. Bu isə veb-sayt haqda məlumatların toplanması, emalı, analizi, interpretasiyasına yönəlmiş tədbirlər kompleksini nəzərdə tutur. 

Vebinarın gedişatından ekspert real nümunələrlə saytın məqsədli auditoriyasının analizinin aparılması, trafikin cəlb olunmasının əsas kanallarının təyin olunması və hər bir kanalın konversiyaya töhfəsi, istifadəçilərin saytı tərk etmə addımlarının dərk olunması, istifadəçinin saytdakı davranışının auditinin aparılması, saytın göstəricilərinin dəyişilməsinə operativ reaksiya vermək imkanı yaradan hesabatın hazırlanması, saytın rəqiblərlə müqayisə olunaraq hansı texniki aspektlərdə diqqətin cəmlənməsi barədə məlumat verib.

© Sputnik
İqor Tuquşev, “Rossiya Seqodnya” BİA-nın veb-analitiki

İqor Tuquşev həmçinin iştirakçılara bir neçə faydalı tövsiyə də verib. Məsələn, o vurğulayıb ki, saytın məqsədli auditoriyasının məhz bizə gərək olan səviyyədə olduğunu dərk etmək daha vacibdir. “Məqsədli auditoriya – sizin saytın necə inkişaf etdiyini dərk etmək üçün bir açardır”, - o deyib. 

Ekspert həmçinin insanların sayt haqda məlumatı haradan əldə etdiyi mənbələri analiz etməyi (“Sizə gəlir gətirmədiyini hesab etdiyiniz kanalları dərhal bir kənara tullamayın. Bütün zənciri dəyərləndirmək lazımdır”), istifadəçilərin davranışını analiz etməyi - kim haraya baxıb, saytda nə qədər vaxt keçirib – və saytın texniki kontentini analiz etməyi məsləhət görüb (“Məsələn, sayt 4 saniyədən artıq yüklənməməlidir, əks halda sayta girişdən imtina göstəriciləri artacaq – veb-analitika bu məqamları analiz edir”).

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

 

2
Əlaqədar
Jurnalist universal olmalıdır
"İnanmıram!"- SputnikPro-nun vebinarı feykləri doğrulardan necə ayırmaq barədə danışdı
Qələbə hekayələrini yaşamaq lazımdır: SputnikPro-nun daha bir vebinarı keçirildi
Foto hüququ: materialları necə illüstrasiya etməli. 10 əsas problem
Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir
Rəssam Kamilla Zərbəliyeva

Kamilla Zərbəliyeva: "Qabağımda soyunmaq istəyənlər çoxdur"

8
(Yenilənib 20:14 29.05.2020)
Tanınmış hərrac evi fırça ustası Kamilla Zərbəliyevanın xarici rəssamların işlərinə bərabər olan iki rəsm əsərini seçib və onları onlayn sərgidə təqdim edib

BAKI, 29 may — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan rəssamı Kamilla Zərbəliyevanın işləri Christie's-in ən iri hərrac evlərindən birinin onlayn sərgisində ilk dəfə təqdim olunub. Fırça ustası öz uğuru və əsərləri haqqında Sputnik Azərbaycan-a müsahibəsində ətraflı məlumat verib.

- Kamilla, Londonun Christie's auksion evi dünyanın ən böyük sənət bazarlarından biridir. Onlar sizin işlərinizdən necə xəbər tutublar?

- Bu, çox gözlənilməz oldu. Christie's online sərgisi üçün maraqlı işləri seçəcəyini elan etdi.

Mən sosial şəbəkədəki səhifəmdə "Afrika" əsərimi yerləşdirmişəm. Şəkildə hicablı afrikalı qadın təsvir edilib. Bu rəngli baş geyimlərini Şimali Afrika xalqları geyinir. Mən hicabda əsl bəzəklərdən — firuzə, mirvari, muncuq, qızıl suyuna salınmış sikkələr və 1993-cü ildə anamın Dubaydan mənə aldığı sırğadan istifadə etmişəm. Uşaqlıqda biz bayramlarda tez-tez dostlarımızgilə gedirdik. İllər sonra sırğanın bir tayı  itdi, o biri tayından isə şəkildə istifadə etdim.

© Photo : Courtesy of Kamilla Zarbaliyeva
Kamilla Zərbəliyevanın əl işi

İkinci işim isə məni özünə bağlayan bir şeyi tapmağa çalışarkən çəkdiyim eskizlərimdən biridir və nəticədə onu kətana köçürə biləcəyəm. Bu sketçin üzərində dayanmış və onu sosial şəbəkəyə yerləşdirmişdim. Nəticədə, məhz bu sketç və mənim "Afrika" əsərim hərrac evinin diqqətini cəlb edib. 

Nümayiş etdirilən yüzlərlə əsər arasında müxtəlif ölkələrdən olan rəssamların 20-yə yaxın rəsmini seçiblər. Çox xoşdur ki, çoxunun heç bir əsəri seçilmədiyi halda, mənim iki əsərimi seçiblər.

- Bundan əvvəl siz öz işlərinizi hansısa hərracda nümayiş etdirmisiz?

- Hələlik mənim rəsmlərimin fərqinə Christie's hərrac evi varıb və onları onlayn sərgi üçün seçib. Amma düşünürəm ki, artıq buna doğru ilk addımlarımı atmışam. Bu uzun, əziyyətli və əzablı yol ola bilər, amma buna dəyər. Christie's və Sotheby's kimi auksionlar böyük sənətkarların milyonlarla işlərini nümayiş etdirir və satırlar. Onlar həm də müasir fırça ustalarının əsərlərinin ticarəti ilə məşğuldurlar. Bu sıralara düşmək mənim üçün böyük sevinc olardı. Axı mən ömrümün qalan hissəsini yaradıcılığa həsr etmək niyyətindəyəm.

- Əcnəbilər sizin əsərlərinizi tez-tez alırlar?

- Rəsmlərin ölkə hüdudlarından kənara çıxarılması həmişə xoşdur. Bəli, əlbəttə, mənim işlərimi əcnəbilər alırlar. Yaradıcılığımda yaddaqalan hadisələrdən biri də Dünya Boks Şurasının prezidenti Maurisio Süleymanın rəsminin təqdimatı oldu. Mən onun atası ilə birgə portretini çəkmişəm və Boks Şurasının başçısı bunu görcək çox mütəəssir olub. Çünki həmin vaxt onun atası dünyasını dəyişmişdi. Rəsmlərim həmçinin İtaliya, Çexiya, Meksika və Londona aparılıb.

© Photo : Courtesy of Kamilla Zarbaliyeva
Rəssam Kamilla Zərbəliyeva

- Necə oldu ki, rəssam oldunuz? Və necə düşünürsünüz, fırça ustasına təhsil lazımdırmı?

- Mən uşaqlıqdan rəsm çəkirəm. Pako Rabanın nümayişlərini, modellərin eskizlərini necə etdiyini izlədim və bu, çox xoşuma gəldi. Mən modelləri jurnallardan çəkirdim. Məktəb illərində Rəssamlıq Akademiyasına daxil olmağı arzulayırdım, amma valideynlərim bunun əleyhinə idilər. Nəticədə iqtisadçı peşəsinə yiyələndim. Yadımdadır, bizim məktəbdə KVN (ŞHK) komandası vardı, mən də onun tərkibində çıxış edirdim və komandanın böyük plakatını çəkmişdim.

Universitetdə oxuduğum illərdə mühazirələrdən birində necəsə müəllimin şəklini çəkmişdim. Dərs qurtarandan sonra o, mənə yaxınlaşdı və dedi: "Kamilla, sən bütün dərs boyu nə yazırdın?" Mən ona qələmlə çəkdiyim portretini göstərdim. O, çox təəccübləndi və bu vərəqi yadigar kimi özünə götürə bilib-bilməcəyini soruşdu. Mən dəftərin bu vərəqini cıraraq portreti ona verdim. Sonra bir müddət ixtisasım üzrə işlədim. Lakin sonra başa düşdüm ki, artıq özgə qabığında qala bilmərəm və yaşadığım şeyə - incəsənətə qayıtmaq qərarına gəldim.

Keyfiyyətli və dərin təhsil istənilən sahədə lazımdır. Ancaq belə bir ifadə var - "Tanrıdan istedad": bu olmasa, təhsil almağın faydası yoxdur.

© Photo : Courtesy of Kamilla Zarbaliyeva
Kamilla Zərbəliyevanın əl işi

- Öz əsərlərinizi hansı janrda çəkməyi xoşlayırsız?

- Mən rəsm çəkməyə nyu üslubunda başlamışam. Həmişə bu istiqamətə marağım olub. Gözəl mənzərə ilə yanaşı, izlədiyiniz hər bir əzələnin, əyriliyin, sinənin, ovucun, çılpaq bədənin öz gözəlliyi var və onu kətana köçürürsünüz. Xüsusilə insanın əlinə baxmağı sevirəm. Bu yaxınlarda Kopenhagendən olan bir dulusçu sənətkarın əllərinin şəklini çəkmişəm. Onun gərgin damarları olan canlı əlləri xoşuma gəldi. Gözəllik!

Salvador Dalinin rəhbərlik etdiyi sürrealizmi sevirəm. Son rəsmlərim kubizm üslubundadır. Pikasso yaradıcılığını araşdırdıqdan sonra bu istiqamətdə özümü sınamaq qərarına gəldim. Bu dünyaya göstərmək üçün çoxcəhətli rəssam olmaq istəyirəm. Kübizm və abstraksiya üslubunda çəkə bilmək üçün fırça ustası çılpaq bir bədəni cızmaq sənətinə mükəmməl şəkildə sahib olmalıdır. Bütün qaynaqlar buna gətirib çıxarır, çünki yalnız bədəni diqqətlə öyrənən rəssam hər şeyi həndəsi fiqurlara savadlı şəkildə dəyişə bilər.

- Yeni işlər üçün mövzular necə yaranır?

- Çəkmək üçün mövzular əhval-ruhiyyədən asılı ola bilər, sevincli və ya kədərli olanda,  hansısa hadisələr nəticəsində, yaxud qarnında kəpənəklər çırpınanda. Film seyr edərkən yaranan təəssürat da mövzuya çevrilə bilər. Böyük rəssamların yaradıcılığını öyrənəndə və onların işindən ruhlananda ideyalar ağlına gələ bilər, həm də üstündən əsrlər keçəndən sonra. İdeyalar yuxuda da yarana bilərlər.

© Photo : Courtesy of Kamilla Zarbaliyeva
Kamilla Zərbəliyevanın əl işi

- Rəsmlərinizin əksəriyyətində çılpaq kişilər və qadınlar ehtiraslı olan zaman  təsvir ediliblər. Belə süjetlər sizi nə ilə cəlb edir?

- Bu ki gözəldir! Burada vəhşi həyəcanlandırıcı enerji var. Onların bir-birinə necə baxdığı, əllərin hərəkəti, başın istiqaməti, bədənin bükülməsi... Baxır şəkil ona baxan adama nəyi ötürmək istəyir: heyvani ehtiras, titrəyən sevgi, əzab və ya kədər. Mənim tamamilə başqa janrlarda da çoxlu rəsmlərim var – uşaqlı ana, mənzərələr, natürmortlar, abstraksiya. Amma dediyim kimi, əsas vurğu həmişə “inilti” üzərinə düşür. Qoy belə olsun, mən bunun əleyhinə deyiləm, çünki onlar da mənim övladlarımdır.

- Əsasən təbiətdən çəkirsiniz, yoxsa öz təxəyyülünüzə müraciət edirsiniz?

- Hər ikisi var. Mənim naturadan çəkdiyim şəkillər var, amma hansılardır, deyə bilmərəm. Təxəyyül isə elə bir anlayışdır ki, onsuz heç bir şəkildə keçinmək mümkün deyil. Bu, hər bir rəssamın əsas hərəkətverici qüvvəsidir.

- Ümumiyyətlə, Azərbaycanda nyu üslubda rəsmlər yaratmaq üçün naturaçı kimi çıxış etməyə hazır modellər varmı?

- Əlbəttə. Mən maraq naminə öz səhifəmdə yeni iş üçün naturaçı kişi və qadın axtardığım barədə elan verdim. Yazdım: "Kim mənim qarşımda çılpaq poza vermək istəyirsə, yazsın". Bilirsiniz, mənim qarşımda soyunmaq istəyənlərin belə çox olacağını gözləmirdim. Demək istəyirəm ki, bu, mənim üçün çox xoş idi.

© Photo : Courtesy of Kamilla Zarbaliyeva
Kamilla Zərbəliyevanın əl işi

- Azərbaycanda bu incəsənət növü müsbət qarşılanmır. Yəqin, sizi tez-tez tənqid edirlər?

- İncəsənətdə qanun və sərhəd ola bilməz. Məsələn, zorakılığın təsviri və ya dini dəyərlərin təhqir edilməsi istisna təşkil edir (lakin bu, sırf mənim fikrimdir). Həm də deyərdim ki, Azərbaycanda incəsənətdə sərhədlər mövcuddur. Bizim inkişaf etmiş ölkəmiz var və bu ölkə zamanla ayaqlaşa bilir. Rəssam - xürafatlardan və zəncirlərdən azad insandır.

Çılpaq qadının təsvirləri hələ eramızdan əvvəl ortaya çıxıb. İntellektual cəhətdən inkişaf etmiş insan sənətə biologiya dərsində ilk dəfə "çoxalma" mövzusunu keçən səkkizinci sinif şagirdi kimi reaksiya verməməlidir.

Mənim yaradıcılığımda tamamilə fərqli istiqamətlər var: sürrealizm, kubizm, klassisizm, pop-art, modernizm və s. Amma cəmiyyət diqqəti "qışqıran" istiqamətə yönəltməyi sevir. Əgər doqquzunda uşağın, birində isə ananın uşağı əmizdirməsinin təsvir olunduğu on əsəri nümayiş etdirsək, insanlar ən çox uşağın əmizdirildiyi əsəri müzakirə edəcək və xatırlayacaqlar. 

Tənqidə gəlincə, bu artıq ötən əsrdir. Bəli, mən yolumun başlanğıcında tənqidlə qarşılaşdım, lakin çoxdandır onu deyil, yalnız zövqümü eşidirəm. Əlbəttə ki, Leonardo Da Vinçinin yaradıcılığına da irad tutan insanlar tapılacaq, amma bu, kimi narahat edir?! Mənim əsərlərimi Christie's auksion evi, müasir dövrün görkəmli rəssamı Nikas Safronov, eləcə də aralarında Azərbaycanın əməkdar rəssamlarının da olduğu dostlarım qiymətləndiriblər. Tənqid yalnız tənqidçinin özünə lazımdır.

© Photo : Courtesy of Kamilla Zarbaliyeva
Kamilla Zərbəliyevanın əl işi

- Şəkillər yaradıcılığınıza necə təsir göstərib?

- Mən özümü tamamilə yaradıcılığa həsr etmişəm. Hər gün 12-15 saatımı kətan qarşısında keçirirəm, yeni rəsmlər çəkirəm, "incəsənət tarixi" mövzusunda mühazirələrə qulaq asıram. İnsan həyatının sonuna qədər inkişaf etməli və bacarıqlarını inkişaf etdirməlidir. Axı kamilliyin həddi yoxdur.

- Başqa hansı planlarınız var?

- Gələcək planlarım içində öz rəsmlərimi dünya arenasında təqdim etmək imkanına malik olmaq durur. Bax, mən buna can atıram. Mən həmişə ambisiyalı və optimist bir insan olmuşam. Bakıda öz qalereyamı açmaq arzusundayam. İnsanlar bu gözəl sənət dünyasına qərq olmaq üçün əsərləri canlı görməlidirlər.

8
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Əlaqədar
“Artıq evdə nar qoymağa yer qalmayıb” - rusiyalı rəssamı Bakıda necə qarşıladılar
Dua Lipa azərbaycanlı rəssamın çəkdiyi portreti bütün dünyaya yaydı
Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam
Nadir sənət növü ilə məşğul olan rəssam: “Armudu stəkanlar dövrün tələbidir”
Mozdokdan Bərdəyə: rəssam öz əsərləri üçün həqiqi rekvizitlər toplayır