Sənəd yazan şəxs, arxiv şəkil

Yad ellərdə özgə əllərdəki tariximiz - Kim olduğumuzu sübut etmək üçün şans var

854
Son illərdə dövlət arxivlərinə Türkiyə, Belarus arxivlərindən, o cümlədən xaricdə yaşayan soydaşlarımızdan kifayət qədər sənədlər qəbul edilibdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 fevral — Sputnik. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edildi. Bu proqramda diqqət çəkən məqamlardan biri xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətlərinin Azərbaycana gətirilməsidir. Sənədə əsasən, Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyi 2020–2025-ci illərdə xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycan Respublikasına gətirilməsini təmin etməlidir.

Sputnik Azərbaycan yad ölkələrdə əsrlərdir ki, saxlanılan sənədlərdən hansılarının surətlərinin ölkəmizə gətiriləcəyini, bu sənədlərin dünyanın əsasən hansı ölkələrində olduğu və digər məqamlara aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın Milli Arxiv İdarəsinə ünvanlandığı sorğuya verilən cavabda bildirilir ki, dövlət arxivləri cəmiyyətin inkişaf tarixinin bütün dövrlərinə dair məlumatları özündə toplayan, elmi, tarixi tədqiqatlar üçün zəngin mənbəşünaslıq bazası təşkil edən sənədlərin cəmləşdiyi xəzinədir: "Arxiv sənədləri dövlətin, xalqın inkişaf tarixinin öyrənilməsi, tədqiqi üçün əvəzolunmaz vasitədir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə arxiv sahəsinin idarəolunması və inkişafını təmin edən mükəmməl normativ–hüquqi baza yaradılmış, dövlət arxiv xidməti sisteminin yenidən qurulması, maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edilibdir. Ulu öndərin siyasi kursunu layiqli davamçısı olan Prezident İlham Əliyev ölkənin dayanıqlı inkişafını təmin etmək üçün geniş miqyaslı islahatlar həyata keçiririr. Şübhəsiz ölkənin sosial-mədəni həyatında xüsusi rola malik olan arxiv sahəsi bu islahatlardan kənarda qala bilməzdi. Ölkə başçımızın dünənki sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı yaxın beş ildə ölkəmizdə arxiv işi sahəsində görüləcək işlərin əsas istiqmətlərini müəyyən edib. Dövlət Proqramı arxiv işinin müasir tələblərə uyğunlaşdırılmasına, texnoloji yeniliklərdən istifadə etməklə MAF mühafizəsi və istifadəsi işinin daha səmərəli təşkilinə, arxivlərin informasiya bazasının zənginləşdirilməsinə, əhalinin keçmiş tarixlə bağlı informasiyaya olan tələbatın ödənilməsinə xidmət edəcəkdir. Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edən və arxiv sahəsinin müasir dövrün tələblərinə uyğun inkişafına xidmət edən bu mühüm Sənədi qəbul etdiyinə görə arxivçilər adından cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk".

İdarədən bildirilib ki, Azərbaycan xalqı zəngin tarixə malikdir. Bu gün Azərbaycanla bağlı sənədlərə dünyanın bir çox ölkələrin arxivlərində, muzeylərində rast gəlmək mümkündür. Bu sənədlərə daha çox Rusiya, Türkiyə, Gürcüstan, Polşa və digər ölkələrin arxivlərində, muzeylərində rast gəlmək olar. O ki, qaldı hansı dövrə aid sənədlərin surətlərinin gətiriləcəyinə, İdarədən bildiriblər ki, onlar üçün tariximizlə bağlı olan hər bir sənəd qiymətlidir: "Burada dövrləşmənin aparılması düzgün deyildir. Bu sənədlər ən qədim dövrlərdən başlamış, xanlıqlar, Cumhuriyyət və sovet dövrünə aid ola bilər".

İdarədən bildiriblər ki, xarici ölkələrin arxivlərində saxlanılan Azərbaycanla bağlı sənədlərin gətirilməsi beynəlxalq konvensiyalar, ölkələrin qanunvericilik aktları ilə tənzimlənir: "Burada konkret vaxt demək mümkün deyildir. Biz bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər aidiyyəti qrumlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyik. Cənab Prezident Sərəncamdan irəli gələn məsələlərin həllini Nazirlər Kabinetinə tapşırıb. Biz qeyd edilən istiqamətdə fəaliyyətimizi Nazirlər Kabineti razılaşdıraraq həyat keçirəcəyik. Azərbaycanla bağlı sənədlərin ölkəmizə gətirilməsi həm də digər elmi təşkilatlar tərəfindən həyata keçirilir. Son illərdə dövlət arxivlərinə Türkiyə, Belarus arxivlərindən, o cümlədən xaricdə yaşayan soydaşlarımızdan kifayət qədər sənədlər qəbul edilibdir".

Sözsüz ki, xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətlərinin Azərbaycana gətirilməsində qarşıya çıxacaq məsələlərdən biri də kadr təminatıdır. Milli Arxiv İdarəsindən bununla bağlı sualımıza verilən cavab isə belə oldu: "Arxivdə işləmək, sənədləri aşkar etmək, onları seçmək dil bilgisi ilə yanaşı peşə hazırlığı tələb olunan işdir. Arxivlərimizdə öz işinin peşəkarı olan kadrlar çalışır. Zərurət olduğu halda dil bilgisinə malik kadrların işə cəlb edilməsi mümükündür".

O ki, qaldı bu işlərin Dövlət Proqramında göstərilən müddətdə icra olunmasının nə dərəcədə mümkün olacağına, İdarədən bildirdilər ki, şübhəsiz biz proqramda müəyyən olunmuş müddətdən maksimum səmərəli istifadə etməklə, mümkün qədər çox arxiv sənədinin aşkar edilməsinə və ölkəmizə gətirilməsinə çalışılacağ.

854