BAKI, 4 fevral — Sputnik. Azərbaycan Silahlı Qüvvələri dünyanın 138 ordusu arasında gücünə görə 63-cü yerdə qərarlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Global Fire Power” saytının illik hesabatında deyilir.
"2020: hərbi güc reytinqi" adlı hesabata görə, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir, belə ki, siyahıda Gürcüstan 93-cü, Ermənistan isə 112-ci sırada qərarlaşıb.
138 ölkənin silahlı qüvvələrini əhatə edən bu reytinq hazırlanarkən şəxsi heyət, hərbi hava qüvvələri, quru qoşunları və dəniz qüvvələri, eləcə də büdcə, logistika, coğrafi mövqe də daxil olmaqla 50 faktor meyar kimi nəzərə alınır. Bu göstəricilər əsasında hər ölkə üçün “Güc İndeksi” ( Power Index) hesablanır.
Hesabata görə, Azərbaycanın hərbi büdcəsi 2 milyard 805 milyon dollardır. Ümumi hərbçi sayı isə 426 min nəfərdir: onlardan 126 mini hazırda hərbi xidmətdə, 300 mini isə ehtiyatdadır.
Azərbaycan Hərbi Hava Qüvvələrinin hazırda 29 hərbi təlim təyyarəsi, 17 qırıcı təyyarəsi, 88 helikopteri və 17 hücum helikopteri var.
Məlumata görə, Quru Qoşunlarımızın 570 tankı var. Azərbaycan Hərbi Donanmasının isə 31 gəmisi var – bunlardan 4-ü sualtı qayıq, 13-ü patrul qayığı, 7-si minaaxtaran gəmi və 1-i freqatdır.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:
"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".
BAKI, 20 yanvar — Sputnik. "20 yanvar 1990-cı ildə Can Azərbaycanın istiqlalı uğrunda həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında paylaşım edib.
20 Ocak 1990"da Can #Azerbaycan"ın istiklali uğrunda hayatlarını feda eden kardeşlerimizi rahmetle anıyorum. Şehitlerin sembolü karanfiller bugün azat Azerbaycan topraklarının sembolü har-ı bülbül ile birlikte açıyor. 3 renkli bayrağınla mesut yaşa Can Azerbaycan! ���������������� pic.twitter.com/AZIN2e1qyn
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) January 20, 2021
"Şəhidlərin simvolu qərənfillər bu gün azad Azərbaycan torpaqlarının simvolu olan xarı bülbül ilə birlikdə açır. Üç rəngli bayrağınla məsud yaşa Can Azərbaycan!", - deyə Çavuşoğlu yazıb.
BAKI, 20 yanvar — Sputnik. 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Qazaxıstan səfirliyinin "Facebook" səhifəsində yerləşdirilib.
"20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir", - deyə məlumatda bildirilib.