Alman turist Rolf Buccholz

Gündəmi zəbt etmiş alman turist: "Bakı məndə çox böyük təəssürat yaratdı"

2111
(Yenilənib 20:11 06.10.2019)
Bədənindəki pirsinqlərin sayına görə 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşən almaniyalı İT mütəxəssisi Rolf Buccholz Bakını Avropa şəhərlərinə bənzədib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr - Sputnik. Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan şəxslərdən biri də Azərbaycana qonaq gəlmiş almaniyalı turist Rolf Buccholzdur. Rolf artıq bir neçə gündür ki, paytaxtın qonağıdır. O bədənindəki pirsinqlərin sayına görə 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşüb. Gözünün ağını qara laynerlə boyayan, başında isə iki implant buynuzu olan Rolf görənləri görünüşü ilə heyrətləndirir. Kimisi ona baxıb lağ edir, kimisi bu görünüşdən zövq alaraq onunla selfi çəkdirir, kimi də də onu "cin", "şeytan" adlandıraraq lənətləyir. Bir sözlə, Rolf bu qeyri-adi görünüşü ilə son günlər azərbaycanlı sosial şəbəkə istifadəçiləri arasında trendə çevrilib. Sputnik Azərbaycan-ın əməkdaşı Rolf ilə görüşərək onun Bakı və Azərbaycanla bağlı təəssüratlarını öyrənib: 

Alman turist Rolf Buccholz
© Sputnik / Nigar İsgəndərova
Alman turist Rolf Buccholz Bakıda hər kəsin diqqətini cəlb edə bilib

- İlk olaraq pirsinqlərinizlə bağlı sual vermək istəyirəm. Onları hamıdan fərqli görünüşə sahib olmaq üçün taxdırmısız?

- Yox, sadəcə, belə bir görünüş özümə xoşdur, bundan zövq alıram. 60 yaşım var, artıq 20 ildən çoxdur ki, pirsinqlərlə gəzirəm. Təkcə üzümdəki pirsinqlərin sayı 100-ə yaxındır. Onlarla yatmaq, yemək mənim üçün asandır. Bu pirsinqlər əsasən detektordan keçən zaman mənə problem yaradır. Bəzən aeroportlarda buna görə məni saxlayır, ləngidirlər. Dubayda da buna bənzər bir hadisə başıma gəlmişdi. Üzərimdəki metallara görə hava limanında yoxlanışdan keçəndə dedektor siqnal vermişdi və buna görə də problem yarandı, məni geri göndərdilər. Dedilər ki, guya qara magiyanı təbliğ edirəm. Bu səbəbdən ora bir daha qayıtmaq fikrim yoxdur. Çünki qeyri-adi görünüşə görə turistləri qəbul edə bilməyən ölkələrə, şəhərlərə ikinci dəfə üz tutmuram.

- Bəs, Bakıda sizi necə qarşıladılar?

- Yaxşı ki, Azərbaycana gələndə bu cür hallarla qarşılaşmadım. Yəni məni geri göndərmədilər. Amma etiraf edim ki, şəhərdə gəzəndə bəzilərinin mənim görünüşümdən təəccübləndiyini də görürəm. Bununla belə, zövq alanlar, mənə yaxınlaşaraq şəkil çəkdirmək istəyənlər də az deyil. 

Alman turist Rolf Buccholz
© Sputnik / Nigar İsgəndərova
Alman turist Rolf Buccholz Bakıda hər kəsin diqqətini cəlb edə bilib

- Hava limanlarından başqa haralarda maneələrlə qarşılaşırsınız?

- Tək Bakıda deyil, bütün ölkələrdə, xüsusən də iri ticarət mərkəzlərinə daxil olarkən məni xüsusən yoxlayırlar. Çünki üzərimdəki bu metallar siqnal verir.

- Ümumilikdə bu pirsinqlərin sayı nə qədərdir?

- Ümumi sayı 453-dür. Amma onların böyük əksəriyyəti cinsi nahiyədədir. Oradakı pirsinqlərin sayı 278-dir.

- Sizdə silikonlar, buynuzlar da var. Bəs bunların sayı nə qədərdir?

- Düzü, pirsinqlərin sayını bilsəm də, silikonların sayını bilmirəm. Amma onların da sayı az deyil.

- Sizi Azərbaycana, Bakıya gətirən səbəb nə oldu?

- Desəm ki, Azərbaycan haqda çoxdan eşitmişəm, bu yalan olardı. Mən bir neçə il öncə Azərbaycanla qonşu olan Gürcüstana səfər etmişdim. Ümumiyyətlə, səyahətləri çox sevirəm. Elə orada olanda Azərbaycan, buranın paytaxtı Bakı haqda eşitdim. Buna qədər 60-dək ölkəyə səyahət etmişəm, dedim niyə də növbəti səyahət ünvanım Azərbaycan olmasın. Artıq bir neçə gündür ki, buradayam. Sabah artıq öz ölkəmə geri qayıdacağam. Almaniyada Azərbaycan barədə o qədər də geniş məlumat yoxdur.

- Bakını sevdinizmi?

- Bakını, bakılılar çox sevdim. Onlar çox mədənidirlər.

- İndiyədək olduğunuz şəhərlərdən Bakını nə fərqləndirir?

- Əslində Bakının Avropanın digər şəhərlərindən elə də ciddi fərqi yoxdur. Eyni brend geyim mağazaları burada da var. Yaxud da eyni əyləncə məkanlarını burada da görürəm. Məncə Bakını tarixiliyi fərqləndirir. Bu şəhərin tarixi abidələrini çox sevdim. Bir də dənizini. Ümumiyyətlə, neft şəhəri olan Bakı məndə çox böyük təəssürat yaratdı. Demək olar ki, burada bəyənmədiyim heç nə olmadı. 

- Bakının haralarında olmusuz?

- Burada alov qülləsini gördüm, çox gözəl idi. Qız qalası, Şirvanşahlar sarayı da valehedici idi.

- Daha çox hansı ölkələr sizin üçün maraqlıdır?

- Şərq ölkələri, nədənsə onlar məni daha çox valeh edir, özünə çəkir. Bəlkə bu da oradakı abidələrin tarixiliyi ilə bağlıdır.

- Ailəlisinizmi?

- Yox, ailə qurmaq istəyirəm, amma hələ ki, subayam.

- Hansı sahədə çalışırsınız?

- Mən IT mütəxəssisiyəm.

2111
Körpə

Hərbi əməliyyatlar gedən müddətdə doğulan oğlanlara qoyulan adlar açıqlandı

0
(Yenilənib 18:55 28.10.2020)
Bir ay ərzində 41 oğlana Yusif, 41 oğlana Əli, 36 oğlana Uğur adı verilib, qız adlarında isə ilk yerlərdə Zəhra, Aylin, Məryəm yer alıb.

BAKI, 28 oktyabr — Sputnik. Son bir ayda, yəni Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin daha da gərginləşdiyi bir dövrdə dünyaya gələn körpələrə qoyulan adlar açıqlanıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbqaycan-a bildirilib ki, 27 sentyabrdan 27 oktyabradək Azərbaycanda 2353 uşaq dünyaya gəlib ki, onlardan 1282 nəfəri oğlan, 1071 nəfəri qız olub. Bu müddət ərzində doğulan əkiz uşaqların sayı 28 olub.

Nazirliyin məlumatına görə, bir ay ərzində 41 oğlana Yusif, 41 oğlana Əli, 36 oğlana Uğur adı verilib.

Qız adlarında isə ilk yerlərdə Zəhra, Aylin, Məryəm adları yer alıb.

0

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

39
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

39
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə