BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Sputnik Azərbaycan xəbər verir ki, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıb. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.
Səfirlə söhbət edən Prezident İlham Əliyev deyib: "Cənab səfir, bizim başsağlığımızı qəbul edin. Prezident Şirak Azərbaycanın yaxın dostu olmuşdur. Biz onu mənim atamla şəxsi dostluğu başlayan dövrdən tanıyırıq və onların birgə səyləri nəticəsində ölkələrimiz arasında çox yaxın tərəfdaşlıq münasibətləri qurulmuşdur. Biz onunla görüşlərimizi xatırlayırıq. Bildiyiniz kimi, mən ilk dəfə Prezident seçiləndə, xaricə etdiyim ilk rəsmi səfər Fransaya olmuşdur. O vaxt Prezident Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olmuşdur və bu, bizim əməkdaşlığın çox yaxşı göstəricisi idi. O vaxtdan bəri ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edir. Bu yaxınlarda sizinlə də görüşdə mən ölkənizin prezidentləri ilə görüşlərdən xatirələrimi bölüşdüm. Bir daha bizim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm".
Səfir Zakari Qros deyib: "Cənab Prezident, hörmətli Birinci vitse-prezident, buraya gəlməyinizə və sözlərinizə görə Sizə təşəkkür edirəm. Prezident Makron və Fransa xalqı adından səmimi sözlərinizi və burada olmağınızı yüksək qiymətləndirdiyimizi bildirmək istəyirəm. Sizin də qeyd etdiyiniz kimi, Prezident Şirak Fransada və beynəlxalq arenada birləşdirici rol oynayaraq sülhü təşviq etmiş dövlət xadimi olmuşdur. Gəlişiniz bizi təsirləndirdi, Sizə minnətdaram".
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: "Mütəxəssislər qərara gəliblər ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.
Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yanvarın 20-si axşamdan 21-i gündüzədək çovğun olacağı, 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimal olunur.
Yanvarın 18-i gündüzdən Azərbaycanın qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı ərazilərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.