Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Örl Litsenbergerlə görüşüb

Zakir Həsənov: "Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verilir"

44
(Yenilənib 18:30 16.04.2019)
Nazir: "Azərbaycan ilə ABŞ arasında əlaqələr NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulub"

BAKI, 16 aprel — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müdafiə naziri səfiri yeni təyinatı ilə əlaqədar təbrik edərək onun ölkəmizdə diplomatik fəaliyyəti dövründə Azərbaycan-ABŞ münasibətlərinin daha da genişlənəcəyinə əminliyini bildirib.

Azərbaycan ilə ABŞ arasında əlaqələrin NATO proqramları çərçivəsində və ikitərəfli əsasda qurulduğunu qeyd edən müdafiə naziri hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq, sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb. Nazir təəssüf hissi ilə bildirib ki, bir sıra aparıcı dövlətlər və beynəlxalq təşkilatlar bəzi münaqişələrdə iştirak edən tərəflərə təsir göstərdikləri halda, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verirlər.

Ö.Litzenberqer də, öz növbəsində, Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edən amerikalı diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

ABŞ-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini qeyd edən səfir Azərbaycan Ordusunda aparılan islahatları izlədiyini və bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. İki ölkə arasında hərbi əməkdaşlığa toxunan Ö.Litzenberqer Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən missiyada iştirakından məmnunluq ifadə edib.

Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

44
Teqlər:
səfir, ordu, Azərbaycan, ABŞ, Zakir Həsənov, müdafiə naziri
Əlaqədar
Əli Həsənov: "ABŞ-da Azərbaycanla bağlı yayılan məlumat saxtadır"
ABŞ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində möhkəm əlaqələrin təməli atılır
Gənclər və İdman naziri Azad Rəhimov, arxiv şəkli

Gənclər İdman naziri Azad Rəhimovdan xəbər var

20
(Yenilənib 12:02 23.01.2021)
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.

"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.

Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.

Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.

20
Bakıda XİN-nin binası, arxiv şəkli

XİN Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yenilədi

7
Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.

BAKI, 23 yanvar — Sputnik. Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir. Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub. Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir. 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.

Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub. Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.

7