Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi

Yollar vaxtlı vaxtında təmir edilirmi?

16
(Yenilənib 19:49 04.04.2019)
Çatları yazın əvvəlində və payızda lazımı qaydada bağlayırlar (yayda isə yalnız səhər saatlarında örtük quru olduqda və çatlar geniş açıldıqda onları təmir edirlər)

BAKI, 5 aprel — Sputnik. Ölkənin bəzi yollarında mütəmadi olaraq təmir işləri aparılsa da, bəzi yollar ya müvafiq qurumların nəzarətindən kənarda qalır, ya da bu yollarda sadəcə yamaqlama işləri aparılır. Məsələn Quba-Bakı yolu kimi. Bu barədə dəfələrlə yazılsa da, yolun bir hissəsi təmir edilsə də, sözügedən yol əsaslı şəkildə təmir edilmir. 

“Bibiheybət” məscidindən şəhərə istiqamətdə olan yolda təmir-bərpa işləri bitib
© AAYDA-nın mətbuat xidməti.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, asfalt-beton örtüklərinin xidmət müddətində istismarını təmin etmək üçün onların saxlanması və təmir edilməsi zəruri şərtlərdən biridir. Asfalt-beton örtüklərdə müntəzəm olaraq cari, orta və əsaslı təmir işləri icra olunur.

Məlumatda qeyd edilir ki, avtomobil yolları istismar prosesində avtonəqliyyat vasitələrinin və təbii amillərin təsirlərinə məruz qalır. Avtomobillərin təkərlərinin sürtünməsindən və yağıntıların mənfi təsirlərindən asfalt-beton örtükdə yeyilmə, aşınma, çat və dağılmalar baş verir ki, bu da asfalt-betonun örtük materialının qalınlığının azalmasına gətirib çıxarır.

Aparılmış tədqiqatlar göstərir ki, 4-5 il ərzində asfalt-beton örtüyün üst layında əhəmiyyətli dərəcədə aşınma baş verdiyinə görə bu konstruktiv lay üzərinə düşən funksiyanı yerinə yetirə bilmir və onun yenilənməsinə zərurət yaranır. Avtomobillərin hərəkət şiddətindən asılı olaraq, yol geyimini müxtəlif üsullarla gücləndirirlər.

Yeni layihələndirilən və tikilən avtomobil yollarının normativ xidmət müddətində istismar etmək üçün asfalt-beton örtüklü avtomobil yollarının təmirlərarası müddəti hərəkət şiddəti 7000-dən çox olan I dərəcəli yol üçün əsaslı təmir müddəti 14-16 il, orta təmir müddəti 6 il, hərəkət şiddəti 3000-dən çox olan II dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 5 il, hərəkət şiddəti 1000-dən çox olan III dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 4 il nəzərdə tutulub.

Qeyd edilir ki, cari təmir planlı və xəbərdaredici təmir kimi fərqlənir. Cari təmir yazda və payızda keçirilir ki, yazda bütün yol boyunca qış dövründə əmələ gəlmiş dağılmalar və digər qüsurlar ləğv edilir, payızda isə yolu qısa hazırlamaq üçün təmir işləri icra olunur. Xəbərdaredici (profilaktik) təmir ilin bütün fəsillərində yaranmış zədələnmələri ləğv etmək üçün keçirilir.

Çatları yazın əvvəlində və payızda lazımı qaydada bağlayırlar (yayda isə yalnız səhər saatlarında örtük quru olduqda və çatlar geniş açıldıqda onları təmir edirlər).

"Asfalt-beton örtüklərinin orta təmiri zamanı iki əsas iş növü yerinə yetirilir: yol geyiminin ümumi qalınlığını artırmaq üçün yeni asfalt-beton qarışığından lay döşənir və ya örtüyə kələ-kötür səth vermək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur. Bu işləri yerinə yetirmək üçün köhnə örtük cari təmir işlərində olduğu kimi təmir edilir. Asfalt-beton örtüklərinin orta təmiri zamanı üst layın bütövlüyünü və hamarlığını bərpa etmək üçün regenerasiya (itirilmiş xassələrin bərpa edilməsi) prinsipinə əsaslanan termoprofilləşdirmə texnologiyasını da tətbiq edirlər. Hər iki halda təmir olunmuş yoldan avtomobillərin sərbəst hərəkətini təmin etmək lazımdır. Örtükdə kələ-kötürlüyü təmin etmək üçün birlaylı və ya ikilaylı səth emalı işləri icra olunur. Səth emalı aparılmamışdan əvvəl örtükdə mövcud olan bütün çatlar, çalalar və s. zədələnmələr təmir edilir" – deyə məlumatda bildirilir.

16