Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev

Ölkəmizdəki çinli turistlərin sayı iki yüz min nəfərə çata bilər

38
(Yenilənib 20:54 01.03.2019)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev: "Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir"

 

BAKI, 1 mart — Sputnik. Martın 1-də Pekində "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası"nın 7-ci iclası çərçivəsində imzalanıb. İmzalanma mərasimində "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası"nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak edib.

Fuad Nağıyevin sözlərinə görə sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir.

"Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik", deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

"Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post- Sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq", deyə Fuad Nağıyev qeyd edib.

Dövlət Turizm Agentliyinin sədri bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin 2 dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır. "Biz – turizm sənayesinin təmsilçiləri, cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq" – Dövlət Turizm Agentliyinin sədri deyib.

Azərbaycan Dövlət Turizm Agentliyi 2018-ci ilin aprelində yaradılıb. Sentyabr ayında yeni qurumun strukturu təsdiq olunub. Qısa müddət ərzində Dövlət Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən ölkəyə turistlərin cəlb edilməsi üçün 2018-2023-cü illəri əhatə edən konsepsiya hazırlanıb. Noyabr ayında "Bir daha bax" ("Take another look") şüarlı yeni brendin Londonda dünyamiqyaslı təqdimatı həyata keçirilib. 2020-ci ilin sonuna qədər ölkənin turizm potensialının tanıdılması məqsədilə beynəlxalq sərgilərdə iştirak, prioritet bazarlarda təqdimatların keçirilməsi də daxil olmaqla, geniş miqyaslı təbliğat işlərinin görülməsi nəzərdə tutulub. Bundan əlavə, biznes nümayəndələri ilə görüşlər təşkil olunur, KİV-lərdə və sosial şəbəkələrdə aktiv iş aparılır.

Ölkədə turistlərin məmnunluğunun artırılması üçün ixtisasyönümlü təhsil sahəsində islahatlar aparılır, biznes assosiasiyalarına dəstək verilir, kadrların hazırlıq səviyyəsi qaldırılır, normativ-hüquqi sahədə yeniliklərin tətbiqi ilə bağlı işlər görülür.

Planlara əsasən, yaxın 10 ildə turizm sənayesi ölkənin ÜMD-nin 10 faizədək hissəsini təşkil edəcək.

Ötən ilin nəticələrinə görə Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edir. Onların ölkə iqtisadiyyatına ümumi töhfəsi 2 milyard dollara yaxın olub.

38