Pulqabında manatlar, arxiv şəkli

Süni qiymət artırılır, amma satıcılar qayda pozmur

6889
(Yenilənib 13:59 22.02.2019)
“Satıcıya “niyə bu qiymətə kontur satırsan” demək olmaz, onun strategiyası budur”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Son günlər bəzi marketlərdə mobil operatorlar üçün danışıq konturları baha qiymətə satılır. Belə ki, 1 manatlıq 1 manat 10 qəpiyə, 3 manatlıq 3 manat 30 qəpiyə, 5 manatlıq isə 5 manat 50 qəpiyə satılır. Alıcılar etiraz edəndə isə satıcılar cavab verirlər ki, “bizə bu qiymət sərf etdiyi üçün belə satırıq”. Alıcılar süni qiymət artırılmasından narazıdırlar.

Sputnik Azərbaycan bu məsələdə kimin haqlı olduğunu araşdırıb.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, qanunsuzluq ancaq o zaman olar ki, mağaza sahibi satdığı konturların vergisini verməsin: “Yəni baha satırsa, ona uyğun daha çox vergi ödəməlidir. Bunu edə bilmirsə, o zaman qanunu pozur”. 

İqtisadçının sözlərinə görə, alıcı bu məsələdə satıcıya etiraz edə bilməz: “Satıcıya “niyə bu qiymətə kontur satırsan” demək olmaz. Onun strategiyası budur. Əgər bahadırsa, vətəndaş baykot elan eləsin, həmin mağazadan almasın və mağaza sahibi də məcbur olub qiyməti aşağı salsın. Satıcılar qiymət məsələsində məsuliyyət daşımır, onların işi məsulların vaxtına nəzarət etmək, mənşəyi məlum olmayan məhsullar satmamaqdır. Amma istədikləri qiymətə sata bilərlər. Bununla bağlı bir məhdudiyyət yoxdur”.

Ekspert onu da bildirib ki, belə halla üzləşməmək üçün vətəndaşlar telefonlarının balansını onlayn şəkildə artıra bilərlər.

Məsələ ilə bağlı mobil operatorların da fikirlərini öyrəndik.

“Nar Mobile” şirkətinin sorğumuza cavabı belə oldu: ““Nar” ödəniş kartlarının qiymətinə nəzarət etmək məqsədilə şirkətin əməkdaşları daim monitorinqlər aparır və səyyar satış komandası bu sahəyə nəzarət edir. “Nar” əməkdaşlarının apardığı mütəmadi monitorinq nəticəsində bu cür hallar demək olar ki, minimuma endirilib. Abunəçilərin rahatlığını düşünən “Nar”, elektron ödəniş üsullarını təqdim edir.

“Azercell Telekom” MMC-dən isə bildirdilər ki, onlar tərəfindən təqdim edilən xidmətlər çərçivəsində danışıq kartlarında qiymət dəyişikliyi olmayıb və danışıq kartları üzərindəki nominal satılması nəzərdə tutulur: “Abunəçilərə danışıq kartlarını üzərindəki nominal uyğun qiymətə rəsmi dilerlərimizdən əldə etmək məsləhət görülür. Həmçinin danışıq kartının seriya və s. göstəricilərin tamlığına diqqət etmək, şifrəni 3-cü şəxslərə bildirməmək, boya örtüyünü pozarkən itiuclu alətlərdən istifadə etməmək tövsiyə edilir”.

“Eyni zamanda nəzərə çatdırırıq ki, 3-cü şəxslərin sahibkarliq fəaliyyəti ilə bağlı, həmçinin 3-cü şəxslərdən nominalına uyğun olmayan qiymətə əldə olunan danışıq kartlarına görə isə “Azercell Telekom” MMC cavabdehlik daşımır” – deyə qeyd olundu.

“Bakcell” MMC-dən isə məsələyə belə aydınlıq gətirildi: ““Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, şirkət tərəfindən təqdim olunan ödəmə kartlarının qiymətinə hər hansı dəyişikliklər edilməyib. Qiymətlərin aydın və anlaşıqlı olması üçün hər bir kartın dəyəri onun üzərində qeyd olunur”.

“Ölkə ərazisində “Bakcell” MMC-nin danışıq kartlarının satışı ilə məşğul olan minlərlə müstəqil satış nöqtəsi mövcuddur. Bu satıcılar müvafiq danışıq kartlarını “Bakcell” MMC-nin distributorlarından əldə edərək faktiki istifadəçilərə satırlar. Müstəqil fəaliyyət göstərən həmin satıcılar tərəfindən qiymətlərin süni şəkildə artırılmasının “Bakcell” MMC-yə heç bir aidiyyəti yoxdur və müvafiq kartların üzərində qeyd olunmuş nominaldan artıq qiymətə satılması ilə əlaqədar şirkət məsuliyyət daşımır” – deyə vurğulandı.

Şirkətdən onu da bildirdilər ki, abunəçilər istifadə etdiyi nömrələrin balansını həmçinin digər alternativ yollar - ödəmə nöqtələri, onlayn ödəmə portalları, poçt, bank və ATM (bankomatlar) və “Mənim Bakcellim” mobil əlavəsi vasitəsilə artıra bilərlər.

6889
Əlaqədar
Nazirlər Kabinetinin qiymət artımı qərarının incəlikləri bəlli oldu
Spirtli içkilərdə qiymət artımı baş verəcək - İlk siqnal gəldi
Qiymət artımı əhalini pis vərdişlərdən çəkindirmək üçündür
Tütün məhsullarının qiymət artımı davam edəcək

Ekspert: “Çimərliklərə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır”

0
(Yenilənib 09:47 05.08.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq
Eyyub Hüseynov: “Operativ Qərargah çimərliklərə indi icazə verməklə doğru addım atıb”

Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, sərt karantin dövründə hər gün çimərliklərin açılması ilə bağlı müraciətlər daxil olub:

“Düşünürəm ki, Operativ Qərargah çimərliklərə getmək üçün həmin vaxt deyil, indi icazə verməklə doğru addım atıb. Bəzi insanlar var ki, bütün il boyu çimərliklərdən istifadə edirlər. Xüsusən də, yeni qərarla bu prosesə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır. Qeyd etməliyik ki, vətəndaşlarımızın çimərlik mədəniyyəti aşağıdır. Çimərliklər vətəndaşlar tərəfindən müxtəlif yollarla çirkləndirilir. İnanıram ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Qara Qarayev prospekti 47 ünvanında yerləşən yaşayış binasında yeni liftlərin quraşdırılması

"Ölmüş" biri ilə birlikdə yaşayarsınız? - Xəbəriniz yoxdur, amma yaşayırsınız

117
(Yenilənib 09:50 05.08.2020)
Ekspert bildirir ki, çoxmənzilli hər bir mənzilin çıxarışında onun istismar müddətinin bitəcəyi tarix qeyd edilməlidir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Bu gün Bakı şəhərində sovet dövründə inşa edilmiş və istismar müddətini bitirmiş yüzlərlə çoxmərtəbəli bina var. Düzdür, zaman-zaman istismar müddəti bitmiş binalar plana düşüb, sökülüb və yerində yerində yeniləri tikilib. Amma hələ də belə binalar və belə binaların yüzlərlə sakinləri var.

Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sovet dövründə tikilən binalar standart layihələrlə inşa olunmaqla bərabər, tikilərkən istismar müddətinin bitəcəyi zaman da nəzərə alınırdı: "Məsələn, 1960-cı ildə inşa olunmuş "xruşovka" layihəli binanın istismar müddətinin 2010-cu ildə bitəcəyi qeyd olunurdu. Yəni, daşdan tikilmiş 5 mərtəbəli bir yaşayış binasına 50 il istismar müddəti verilirdi".

Onun sözlərinə görə, binanın istismar müddəti təkcə daş və suvaq hissələrinin köhnəlməsi ilə deyil, həmçinin onun zirzəmisi, bünövrəsi, şaxtaları, eyvanlar, pilləkənlər, havalandırma sistemləri, elektrik və digər əsas daşıyıcı kommunal xətlərinin köhnəlməsi ilə hesablanır.

Mütəxəssis bildirir ki, bu gün artıq həmin istismar müddətini bitirmiş binalara banklar ipoteka kreditləri ayırmır.

Belə ki, 2018-ci ildən başlayaraq, istismar müddətini bitirmiş və qəzalı hesab olunan köhnə yaşayış binaları sökülərək yeniləri ilə əvəzlənir.

"2000-ci ildən başlayaraq, ölkədə tikinti sektoru çox böyük sürətlə inkişaf etməyə başlayıb. Bu müddət ərzində 2000-dən çox çoxmənzilli bina tikilib. Binaların 80 faizi fərqli layihələrlə tikilib" - deyən ekspert təəssüflə vurğulayır ki, bu müddət ərzində tikinti sahəsinə ciddi nəzarətin olmaması bir çox binalarda tikinti normativlərinin ciddi şəkildə pozulması, binaların bir-birinə çox yaxın tikilməsi ilə nəticələnib.

Belə ki, əksər binalar sanki heç bir zaman sökülməyəcək, istismar müddətini bitirməyəcək kimi bir-birinə yaxın tikilib.

E. Fərzəliyev bildirir ki, dünya praktikasına görə, çoxmənzilli binalaırn istismar müddəti maksimum 60 ildir. Ancaq çox maraqlıdır ki, ölkədə tikilən çoxmənzilli binaların tikintisinə icazə verilərkən onların istismar müddəti hesablanmır.

"Hər bir əmlak alıcısı aldığı tikili barədə ətraflı məlumat ala bilmək hüququna malikdir. Köhnə binalardan əmlak aldıqdan sonra binanın plana düşərək, söküləcəyi qərarı ilə qarşılaşan minlərlə istehlakçı var. Bu onların hüquqlaırnın pozulması deməkdir. Hər bir alıcı əmlak alarkən aldığı əmlka barəsində kiçik bir araşdırma aparır. Amma bu məlumatları əldə etmək hamı üçün əlçatan olmur. Ancaq istehlakçı aldığı əmlak barədə məlumatlandırılmalıdır" - deyə ekspert qeyd edir.

Ekspert təklif edir ki, çoxmənzilli hər bir mənzilin çıxaırşında onun istismar müddətinin bitəcəyi tarix qeyd eidlməlidir.

"Bu gün demək olar ki, yeni tikilmiş binalardakı mənzillərin qiyməti ilə 15-20 il əvvəl tikilmiş binalardakı mənzillərin qiymətləri eynidir. Bu isə məntiqlə düzgün deyil. Daşınar əmlaklarda (avtomobillərdə) bu hallara görə çox ciddi qiymət fərqləri var. Nəticə etibarı ilə isə hər ikisində (daşınar və daşınmaz əmlaklarda) zaman keçdikcə köhnəlmə prosesləri baş verir" - deyən ekspert vurğulayır ki, aldığı daşınmaz əmlak barədə istehlakçının məlumatsız qalması onun hüquqlarını pozur.

117