Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

23
(Yenilənib 19:56 18.01.2019)

BAKI, 18 yanvar - Sputnik. Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rusiya tərəfinə cavabında bildirilib. 

Məlumatda deyilir: "Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu ölkənin bəzi vətəndaşlarının Azərbaycana buraxılmamasına dair yanvarın 18-də mətbuat üçün məlumatı ilə tanış olduq. Buna cavab olaraq bildiririk ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN-in mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək”.

23