Milli Məclisin binası

"Azərbaycan parlamentarizmi tarixi" kitabı təqdim olunub

39
(Yenilənib 12:14 28.12.2018)
Bahar Muradova: "İnanıram ki, bu kitab hər bir millət vəkilinin masaüstü kitabı olacaq, gələcək elmi-tarixi tədqiqatlar üçün gözəl bir mənbə rolunu oynayacaq"

BAKI, 28 dekabr - Sputnik. Bu gün Milli Məclisdə Azərbaycan Parlamentinin yüz illiyinə həsr olunmuş "Azərbaycan parlamentarizmi tarixi" kitabının təqdimatı keçirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Milli Məclisin sədrinin müavini Bahar Muradova bildirib ki, 2018-ci il ölkədə "Cümhuriyyət İli" elan edilib və ötən bir il ərzində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı ən müxtəlif və yüksək səviyyəli tədbirlər keçirilib.

"Həmin tədbirlər sırasında ilk növbədə bu ilin may ayının 27-də AXC-nin yüz illiyi və sentyabar ayının 21-də Azərbaycan Parlamentinin bir əsrlik tarixi ilə bağlı keçirilən möhtəşəm tədbirlər gəlir. Sentyabrın 21-də dövlət başçısının iştirakı ilə Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirilib" - deyə vitse-spiker vurğulayıb.

B.Muradova bildirib ki, qısa müddətdə Azərbaycan parlamentarizminin tarixi ilə bağlı kitab hazırlanıb və ortaya qoyulub: "İnanıram ki, bu kitab hər bir millət vəkilinin masaüstü kitabı olacaq, gələcək elmi-tarixi tədqiqatlar üçün gözəl bir mənbə rolunu oynayacaq".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli və digər deputatlar da bugünkü təqdimatı tarixi hadisə adlandırıblar.

Zəngin mənbə və ədəbiyyatlardan geniş istifadə edilməklə yazılmış iki cilddən ibarət əsərin birinci cildində qədim və orta əsrlər Azərbaycan dövlətlərində qərarların qəbul edilməsi ənənəsi, Azərbaycanın şimalının çar Rusiyası tərəfindən işğal edilməsindən sonra qanun və qərarların qəbul olunma qaydası və s. araşdırılıb. Əsər siyasətçilər, tələbələr, alimlər və Azərbaycan parlamentarizmi tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın elmi məsləhətçisi və redaktoru Milli Məclisin sədri Oqtay Əsədovdur.

39
Teqlər:
Bahar Muradova, tarix, parlament, Azərbaycan, Milli Məclis
Əlaqədar
Milli Məclis dövlət büdcəsini təsdiqlədi
Milli Məclisin bəzi komitələrinin səlahiyyəti artırılıb 
Ombudsman Milli Məclisdə mühüm məsələ qaldırıb: Təcili qanun qəbul olunmalıdır