CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını birləşdirən dəyər

© Sputnik / Yury Somov / Mediabanka keçidAzərbaycan xalqınını ümummilli lideri, dünya miqyaslı görkəmli siyasətçi Heydər Əliyev
Azərbaycan xalqınını ümummilli lideri, dünya miqyaslı görkəmli siyasətçi Heydər Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 noyabr— Sputnik. Azərbaycançılıq Azərbaycanda yaşayan bütün millətləri və etnik qrupları vahid ümumxalq mənafeləri və dəyərləri ətrafında birləşdirən bir ideologiyadır. Hər bir dövlət insanları, fərdləri və bütövlükdə cəmiyyəti hansısa bir ideologiya ətrafında birləşdirir. Tarix boyu istər Azərbaycan ərazisində, istərsə də dünyada mövcud olmuş dövlətlərin hər biri müəyyən bir ideologiyaya sahib olub.

Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov - Sputnik Azərbaycan
Tarixçi: “Bayrağımızın noyabrda elan olunmasının xüsusi səbəbləri var idi”

Azərbaycanın son 200 illik tarixinə nəzər salsaq, azərbaycançılıq ideologiyasının xalqımızın tarixində və taleyindəki yeri və rolunu aydın görə bilərik. Azərbaycançılıq ideologiyası ölkəmizdə XIX əsrin son rübündə yaranıb və bu ideologiya ölkənin milli müstəqilliyi uğrunda aparılmış azadlıq hərəkatının çıxış nöqtəsini təşkil edib. Bu ideya ətrafında birləşən Azərbaycan xalqının XIX əsrin son rübündən başlayaraq uzun illər ərzində apardığı mübarizə 1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələndi.

Bir qədər əvvəlki dövrə nəzər salsaq, görərik ki, XVIII əsrin ikinci yarısı boyu Azərbaycanda mövcud olmuş xanlıqlar bir-biriləri ilə nə qədər didişsələr də, vahid Azərbaycan dövləti yarada bilmədilər və XIX əsrin əvvəllərində ölkənin başı üzərini almış xarici təhlükə qarşısında belə, birləşə bilməyib, işğala qarşı təklikdə mübarizə apardılar və məğlub oldular. Çar Rusiyası da Azərbaycan adlı bir dövləti deyil, Gəncə, Bakı, Quba, Qarabağ, Şəki, Şamaxı, Talış və s. xanlıqları işğal etdi.

XIX əsrin son rübündən başlayaraq Azərbaycan aydınlarının apardığı milli mübarizənin böyüklüyü onda idi ki, xanlıqların müstəqil olaraq edə bilmədiklərini onlar müstəmləkə şəraitində etməyi bacardılar. Rusiyanın tərkibinə hissə-hissə, parça-parça daxil olmuş Azərbaycanı müstəmləkə şəraitində belə, birləşdirib, tam halda imperiyanın tərkibindən çıxarmağa və yaşatmağa nail oldular. Bu, onların ən böyük uğuru idi. Bu uğurun təməlində də azərbaycançılıq ideologiyası dayanırdı.

Tarixçi Vasif Qafarovun sözlərinə görə, azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkənin mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərini qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilib. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır.

Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.

Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur. V. Qafarovun fikrincə, bu prinsip 1918-ci il mayın 28-də elan edilən Azərbaycanın İstiqlal Bəyannaməsində də öz əksini tapmışdı. İstiqlal Bəyannaməsinin dördüncü maddəsində qeyd edilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən öz ərazisində yaşayan bütün vətəndaşlarına vətəndaşlıq və siyasi hüquqlar verir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyəti özünün bütün mövcudluğu dövründə Azərbaycan ideologiyası onun rəsmi ideologiyası oldu, bütün xalqı bu ideologiya ətrafında sıx birləşdirə bildi.

Помощник Президента АР по общественно-политическим вопросам Али Гасанов - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əli Həsənov: "Ölkənin uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub"

"Azərbaycan sovetləşdiriləndən sonra xalqımızın milli ruhuna, onun tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə yad olan marksizm-leninizm, beynəlmiləlçilik kimi ideologiyalarının ölkəmizdə təbliğinə geniş yer verilsə də, sovet cəza maşınının ən ağlasığmaz cinayətləri belə, bu ideologiyaları xalqımızın milli ruhuna hopdura bilmədi. XX əsrin 80-ci illərində xalqımız yenidən azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək özünün milli hüquqları uğrunda mübarizəyə başladı və bu mübarizəni uğurla da yekunlaşdıra bildi. 1991-ci ildə ölkəmiz öz müstəqilliyini bərpa etdi" - deyə tarixçi qeyd edib.

Onun sözlərinə görə, müstəqilliyin bərpasının ilk illərində azərbaycançılıq ideologiyasından imtina edilməsi ölkədə şovinizm və separatçılıq meyllərinin güclənməsinə gətirib çıxartdı. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra məhz ölkədəki şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi azərbaycançılıq ideologiyasını yenidən ortaya qoydu. Heydər Əliyevin azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası kimi irəli sürməsi Azərbaycan xalqını tez bir zamanda bu ideya ətrafında sıx birləşdirdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rəfael Cəbrayılovun sözlərinə görə, ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir: "Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü".

Millət vəkili vurğulayır ki, məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazanıb.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun sözlərinə görə, hər bir milləti yaşadan, onun bütün çağırışlara tab gətirməyə güc verən, yeni zirvələri fəth etməyə sövq edən onun milli ideologiyasıdır: "Əfsuslar olsun ki, bəşər tarixində silinməz iz qoymuş dünya azərbaycanlıları bir hədəf ətrafında birləşdirə biləcək ideoloji konsepsiya olmayıb. Bu səbəbdən də, millətimiz digər kütləvi ideologiyaların təsirinə düşmək təhlükəsi ilə üzləşib".

"Yalnız 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlmiş ümummilli lider Heydər Əliyev bu sahədə əsaslı dəyişiklik etməyə nail olub, bütün stereotipləri qıraraq, hələ sovet dönəmində xalqımızın, dövlətimizin bütövlüyünü təşkil edən ideologiyanın bünövrəsini qoyub. Azərbaycançılıq ideologiyasının formalaşmasına dair işlər Ulu Öndər tərəfindən Naxçıvanda və sonralar müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə davam etdirilib" - səfir vurğulayıb.

Səfir qeyd edir ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsrin əvvəllərində türkçülüklə paralel ortaya çıxarılan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı: "Heydər Əliyev, həmçinin azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasını müasir dövrün tələbləri əsasında formalaşdırdı. O qeyd edirdi ki, milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir ideya ətrafında birləşməsinə yol açmalıdır".

"Heydər Əliyev "hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deməklə bütün azərbaycanlıları vahid bir ideya – azərbaycançılıq, vahid Azərbaycan dövlətçiliyi ideyası ətrafında birləşməyə, milli birliyə çağırdı. Məhz bu ideya xalqımızın vəhdət halında birləşməsində mühüm rol oynadı, eyni zamanda gələcək yolumuzu aydın göstərdi".

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu "Media və mənəvi dəyərlər" mövzusunda məqalə müsabiqəsinə təqdim edilir.

Xəbər lenti
0