ABŞ və Azərbaycan bayraqları

ABŞ-ın Monterey şəhəri Azərbaycan bayrağı ilə bəzədilib

72
(Yenilənib 11:06 06.11.2018)
Montereydə 9 noyabr 2018-ci il tarixi "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edilib

BAKI, 6 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağının 100 illiyi qeyd edilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumata əsasən, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Monterey şəhərinin mərkəzində yerləşən Alvarado küçəsi əvvəldən axıradək çoxlu sayda Azərbaycan bayraqları ilə bəzədilib.

Bundan başqa, 9 noyabr 2018-ci il tarixi Montereydə "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edilib. Bununla bağlı şəhər meri Klayd Roberson (Clyde Roberson) tərəfindən müvafiq bəyannamə imzalanıb.

ABŞ və Azərbaycan bayraqları
© Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu
ABŞ və Azərbaycan bayraqları

Los Ancelesdəki Baş Konsulluğumuza göndərilmiş bəyannamədə Azərbaycanın 28 may 1918-ci il tarixində müstəqilliyini elan edərək, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, müsəlman dünyasında ilk dəfə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin, bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Sənəddə 1918-ci ilin 9 noyabr tarixində göy, qırmızı və yaşıl rənglərindən ibarət üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildiyi, 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra isə həmin bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edildiyi vurğulanır.

Bəyannamədə qeyd olunur ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olaraq qalmaqdadır və beynəlxalq səviyyədə müsəlman, xristian və yəhudilərin birgə sülh və harmoniya şəraitində yaşadığı uğurlu ölkə modeli kimi tanınır.

Bundan başqa, Monterey şəhərinin 2011-ci ildə Azərbaycanın Lənkəran şəhəri ilə qardaşlaşdığı qeyd olunur.

Bəyannamənin sonunda mer K.Roberson şəhər şurası və şəhər əhalisi adından 9 noyabr 2018-ci il tarixini Monterey şəhərində "Azərbaycanın Dövlət Bayrağı Günü" elan edir və bütün şəhər sakinlərini bu bayramı qeyd etməyə dəvət edir.

72
Teqlər:
Monterey, bayraq, Azərbaycan, Kaliforniya, ABŞ
Əlaqədar
Azərbaycan ABŞ-ın dəstəyini dayandırdığı təşkilata yardım etdi
ABŞ-da Azərbaycanla bağlı bəyannamə qəbul edilib
ABŞ-ın Azərbaycana yeni səfirinin namizədliyi müzakirə edildi