Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

“Azərbaycan Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”

42
(Yenilənib 20:18 04.11.2018)
İlham Əliyev Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini vurğulayıb

BAKI, 4 noyabr — Sputnik. Prezident İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Prezident Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.

Riad Əl-Maliki Azərbaycanın Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısına və əvvəlki illərdə Fələstinlə əlaqədar müxtəlif humanitar tədbirlərə ev sahibliyi etdiyi üçün İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuza malik dövlət olduğunu deyərək, ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edəcəyinə əminliyini ifadə etdi.

42